Azərbaycan elminin və iqtisadiyyatının tanınmış alimlərindən olan iqtisad üzrə elmləri doktoru, Əməkdar müəllim, “Şöhrət” ordenli, UNEC-in professoru Məhiş Əhmədov 80 illik yubileyini qeyd edir. Ömrünün 60 ildən çoxunu iqtisad elminin inkişafına, pedaqoji fəaliyyətə, gənc iqtisadçıların yetişməsinə həsr edən Məhiş müəllimlə onun tələbəlik illəri, elmi-pedaqoji fəaliyyəti, elmi yaradıcılığı və həyat yolunun maraqlı məqamları barədə söhbət etdik.
- Məhiş müəllim, iqtisada sevginiz haradan başladı və bu sahəyə gəlməyinizin səbəbi nə idi?
- İqtisad elmini seçməyim təsadüfi qərar deyildi. 60-cı illər Azərbaycan və ümumilikdə keçmiş SSRİ üçün iqtisadi inkişafın planlaşdırılması, elmi-texniki tərəqqinin istehsalata tətbiqi və xalq təsərrüfatında səmərəliliyin yüksəldilməsi kimi məsələlərin xüsusi aktuallıq qazandığı dövr idi. Planlı inkişaf prinsipləri iqtisad elminə marağı artırırdı. O dövrdə iqtisadçı olmaq sadəcə bir peşə sahibi olmaq deyildi, dövlətin sosial-iqtisadi siyasətinə töhfə vermək, planlaşdırma mexanizmlərinin elmi əsaslarını formalaşdırmaq demək idi. Mənim üçün isə iqtisadiyyat, ilk növbədə, cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmək imkanı idi.
Məhz bu düşüncə ilə 1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin “Xalq təsərrüfatının planlaşdırılması” ixtisasını seçdim. O zaman bu ixtisasa tələbat çox yüksək idi. Sonralar maraq daha da dərinləşdi və mənim elm-pedaqoji fəaliyyətim tamamilə iqtisadi nəzəriyyə, milli iqtisadiyyatın formalaşması və tənzimlənməsi məsələlərinin araşdırılmasına həsr olundu. Həmin seçim mənim elmi yolumun formalaşmasında həlledici rol oynadı.
- Tələbəlik illərinizi necə xatırlayırsınız?
- 1963-cü ildə İqtisad fakültəsinə daxil olmaq mənim üçün həyatımda dönüş nöqtəsi oldu. Həmin illər iqtisadi planlaşdırma və elmi idarəetmə prinsiplərinin təkmilləşdirilməsinin aktuallaşdığı dövr idi. İqtisadçı kadrlara böyük ehtiyac vardı və həmin fakültə respublikanın ən nüfuzlu təhsil mərkəzlərindən sayılırdı.
Professor-müəllim heyətinin yüksək hazırlığı, tələbkarlığı və ziyalı mədəniyyəti bizim üçün böyük məktəb idi. Fakültənin o zamankı dekanı, prof. Həsən Dadaşov həm obyektivliyi, həm tələbkarlığı, həm də tələbələrə qayğısı ilə seçilirdi.
Tələbə mühiti həm elmi, həm də ictimai fəaliyyət baxımından çox zəngin idi. O illərdə mən yalnız bilik qazanmadım. Həmin mühit mənim üçün həm də məsuliyyət, vətənpərvərlik və elm sevgisi kimi dəyərləri mənimsədiyim bir məktəb oldu, eyni zamanda iqtisadçı kimi formalaşmağımda misilsiz rol oynadı.
- Fakültənin ayrıca universitetə çevrilməsi dövrü Sizin üçün nə ilə yadda qalıb?
- Mən universiteti S.M.Kirov adına ADU-nun İqtisad fakültəsi kimi bitirmişəm. O dövrdə bu fakültəyə qəbul böyük müsabiqə tələb edirdi. Qısa müddət sonra fakültə əsasında D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yaradıldı. Bu, sadəcə struktur dəyişikliyi deyildi, ölkədə iqtisadi elmlərin inkişafı istiqamətində strateji addım idi.
O zaman ölkə iqtisadçı kadrlara ciddi ehtiyac duyurdu. Yeni institutun yaranması bu tələbatın təmin olunmasına xidmət etdi. Bu mərhələ həm elmə, həm təhsilə, həm də milli iqtisadi fikrin formalaşmasına yeni stimul verdi. Həmin proseslər sonradan bu günkü UNEC-in təməlini qoydu.
- Məhiş müəllim, namizədlik dissertasiyanızın əsas ideyası nə idi?
- 1974-cü ildə “Elmi-texniki tərəqqi və ictimai istehsalın material tutumu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. Tədqiqatımın əsas ideyası ondan ibarət idi ki, elmi-texniki tərəqqi istehsalın həcmini artırmaqla yanaşı, onun strukturuna, resurs tutumuna və keyfiyyət göstəricilərinə təsir edən əsas amildir.
Elmi yenilik ondan ibarət idi ki, sovetlər məkanında ilk dəfə istehsalın material tutumu ilə elmi-texniki tərəqqi göstəriciləri arasında qarşılıqlı əlaqə iqtisadi modelləşdirmə və statistik təhlil metodları əsasında araşdırılmışdı. Bu yanaşma o dövr üçün tamamilə yenilik idi.
Bu tədqiqat mənim elmi fəaliyyətimdə başlanğıc mərhələsi olmaqla, sonrakı illərdə milli gəlirin təkrar istehsalı və milli iqtisadiyyatın formalaşması kimi sahələrdə apardığım işlər üçün də dayaq nöqtəsinə çevrildi.
- Bəs çoxsaylı elmi əsərləriniz arasında Sizin üçün ən dəyərli olan hansıdır?
- Hər bir elmi-metodiki əsər, dərslik və dərs vəsaiti mənim üçün öz dövrünə görə əhəmiyyətli və dəyərlidir. Lakin xüsusi bir əsəri fərqləndirməli olsam, 2005-ci ildə nəşr etdirdiyim, 35 çap vərəqindən ibarət “Qloballaşma və milli iqtisadiyyatın formalaşması” adlı monoqrafiyamı qeyd edərdim. Bu əsər həm mənim elmi istiqamətimə dərin təsir edib, həm də tələbələr və tədqiqatçılar tərəfindən geniş istifadə olunub.
- İqtisad elminin ən strateji istiqamətləri və Sizin elmi-pedaqoji yolunuzun ən önəmli mərhələləri nələr olub?
- Məncə, Azərbaycanın hazırkı inkişaf mərhələsi iqtisad elminin strateji istiqamətlərini də müəyyən edir. Müstəqillik illərində ölkədə formalaşan iqtisadi və elmi texniki baza, maliyyə imkanları, bazar münasibətlərinin yetkinləşməsi və ərazi bütövlüyünün bərpası – bunlar “Azərbaycan 2030” Milli Prioritetlərinin əsasını təşkil edir. Bu prioritetlər iqtisad elminin qarşısında duran strateji vəzifələri müəyyənləşdirir.
Mənim elmi-pedaqoji fəaliyyətimdə keçdiyim yol - baş müəllimlikdən professorluğa və kafedra müdirliyinə qədər həm peşəkar, həm də mənəvi məktəb oldu. Bu illərdə anladım ki, elmin uğuru yalnız şəxsi nəticələrlə ölçülmür. Ən böyük uğur gənc alimlərin yetişdirilməsi və elmi məktəbin davamlılığının təmin edilməsidir. Mənim rəhbərliyimlə müdafiə edən doktorantların bu gün müxtəlif sahələrdə uğurla çalışması bu yolun ən böyük mükafatıdır.
- 16 ildən çox “İqtisadiyyatın tənzimlənməsi” kafedrasına rəhbərlik etmisiniz. Həmin dövrün ən böyük uğuru nədir?
- 2006-2022-ci illərdə “İqtisadiyyatın tənzimlənməsi” kafedrasına rəhbərlik etdiyim dövr mənim üçün həm məsuliyyətli, həm də son dərəcə məhsuldar bir mərhələ oldu. Bu illərin əsas məqsədi yalnız dərs demək yox, elmi məktəb yaratmaq, müasir iqtisadi düşüncə tərzini tədris prosesinə gətirmək və gələcəyin iqtisadçılarını yetişdirmək idi. Ən böyük uğurum isə məhz həmin elmi məktəbin formalaşmasıdır. Bu müddətdə ixtisas üzrə yeni dərsliklər, mühazirə mətnləri və tədris proqramları hazırlandı. “Dövlətin iqtisadi siyasəti”, “Milli iqtisadiyyat”, “Milli iqtisadiyyatın təhlükəsizliyi”, “İnvestisiya və innovasiya siyasəti” kimi fənlər tədrisə daxil edildi, fundamental tədqiqat əsərləri və monoqrafiyalar ərsəyə gəldi. Kafedrada nəzəri biliklə praktikanın vəhdətini yaratmağa çalışdıq və bu gün həmin mühitdə yetişən gənc alim və mütəxəssislərin ölkənin müxtəlif qurumlarında uğurla fəaliyyət göstərməsi mənim üçün ən böyük mənəvi qazancdır.
- Məhiş müəllim, Sizin fəaliyyətinizn bir hissəsi də Müdafiə Şurası ilə bağlı olub. Elmi müdafiələrdə ən çox hansı problemlərlə qarşılaşmısınız?
- Ayrı-ayrı illər istisna olmaqla, mən çox gənc yaşlarımdan, daha dəqiq desək, 1976-cı ildən bəri İxtisaslaşmış Müdafiə Şurasının üzvü olmuşam. Tale elə gətirdi ki, 2022-2023-cü illərdə universitetimizdə həmin Şuranın sədri kimi fəaliyyət göstərmək məsuliyyəti də mənə həvalə olundu.
Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, bir çox doktorant və dissertantın əsas çətinliyi tədqiqat mövzusuna nəzəri və praktiki aspektlərin vəhdətində yanaşa bilməməsidir. Problemin mahiyyətini anlamaq üçün tələb olunan nəzəri çərçivə ilə real iqtisadi proseslər arasında körpü qura bilməyəndə obyektiv və dəyərli nəticələrə gəlmək çətinləşir.
Digər vacib məqam odur ki, tədqiqatçılar dünya təcrübəsini şərh etsələr də, həmin təcrübənin ölkəmizin sosial-iqtisadi reallıqlarında necə işlədiyini qiymətləndirməkdə çətinlik çəkirlər. Bir çox dissertasiyalarda sonda təqdim olunan “nəticələr” elmi yenilikdən daha çox, elmə uzun illərdir məlum olan müddəaların təkrarı olur.
Başqa bir ciddi problem tədqiqatçıların GZİT analizindən (geniş, zəngin, istinadlı təhlil) istifadə etməməsidir. Bu analizsiz hər hansı sosial-iqtisadi prosesi obyektiv qiymətləndirmək mümkün deyil. Problemi bu prizmadan dəyərləndirməyən doktorantlar çox zaman real nəticələr əldə edə bilmirlər.
Bəzi hallarda isə müəlliflər mövzunun əsas tədqiqatçılarını, onların işlərini yetərincə öyrənmədiklərinə görə “yeni elmi nəticə” kimi təqdim etdikləri qənaətlər əslində elmə çoxdan məlum olan həqiqətlərdən ibarət olur.
Mənim üçün Müdafiə Şurasındakı iştirakım yalnız qiymətləndirmə deyildi. Bu, həm də gənc alimlərlə səmimi elmi dialoq, fikir mübadiləsi, yeni ideyaların müzakirəsi üçün gözəl mühit idi. Elmin inkişafı məhz belə açıq, obyektiv və yaradıcı müzakirələrin məhsuludur.
- Sizcə, Azərbaycanda elmi tədqiqat sahəsində hansı çatışmazlıqlar var və onların həlli üçün nə etmək lazımdır?
- Azərbaycanın elmi tədqiqat mühiti son illər nəzərəçarpacaq şəkildə inkişaf edib. Lakin sistem xarakterli problemlər hələ də qalmaqdadır. Mən bu çatışmazlıqları bir neçə istiqamətdə görürəm. Birincisi, elmi tədqiqatların strateji planlaşdırılması və koordinasiyasıdır. Bəzən seçilən mövzular ölkənin sosial-iqtisadi inkişaf prioritetləri ilə tam uzlaşmır. Elmi fəaliyyət milli inkişaf strategiyasına daha səmərəli inteqrasiya olunmalıdır ki, tədqiqatların nəticələri ölkə üçün real fayda yaratsın.
İkincisi, maliyyələşmə mexanizmlərinin yetərincə çevik olmamasıdır. Müsabiqə əsaslı qrantların genişləndirilməsi, özəl sektorun elmi layihələrdə iştirakının stimullaşdırılması və elmi nəticələrin kommersiyalaşdırılmasına şərait yaradılması vacibdir. Elm yalnız dövlət büdcəsinin çiyinləri üzərində dayanmamalıdır, biznes strukturları, fondlar və beynəlxalq qrant mərkəzləri də bu işə cəlb edilməlidir.
- Məhiş müəllim, Sizin fikrinizcə, yaxşı müəllim necə olmalıdır?
- Yaxşı müəllim mənim üçün yalnız bilik verən deyil, tələbəsinə düşünməyi öyrədən şəxsdir. Belə müəllimi fərqləndirən ən vacib cəhətlər dərin elmi hazırlıq, daim yenilənən biliklərə açıq olmaq, tələbəyə həm tələbkar, həm də qayğıkeş yanaşmaqdır. Bu peşə vicdan, məsuliyyət və böyük mənəvi yük tələb edir, çünki müəllimin işi birbaşa ölkənin intellektual gələcəyinə xidmət edir. Səbir, ədalət, təvazökarlıq və insanpərvərlik kimi keyfiyyətlər olmadan bilik nə qədər dərin olsa da, tələbəyə doğru şəkildə ötürülə bilməz. İllər keçir, zaman dəyişir, amma onun təsiri tələbələrin həyat seçimlərində, düşüncə tərzində və peşəkar yolunda yaşayır.
- Bəs “alim” anlayışını necə xarakterizə edərdiniz?
- Mənim üçün alim yalnız geniş və dərin bilik sahibi olan şəxs deyil. Alim bilikləri sistemləşdirən, onları təhlil edən və elmi metodologiya əsasında yeni nəticələr yaradan şəxsdir. Həm nəzəri, həm də praktiki baxımdan cəmiyyət üçün real fayda yaradan insandır.
- 2011-ci ildə “Əməkdar müəllim”, 2020-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Bu mükafatlar Sizin üçün nə ifadə edir?
- Hər iki mükafat mənim üçün son dərəcə dəyərli və qürurvericidir. “Əməkdar müəllim” fəxri adını uzun illər təhsil sahəsində göstərdiyim fəaliyyətin nəticəsi kimi qəbul edirəm. Bu təltif mənə həm yeni stimul verdi, həm də müəllimlik missiyasına daha böyük məsuliyyətlə yanaşmağa sövq etdi.
“Şöhrət” ordeni isə mənim üçün xüsusilə əlamətdardır. Bu ordeni təkcə şəxsi fəaliyyətimə verilən qiymət kimi deyil, həm də illərdir çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetinin elmi-pedaqoji kollektivinə göstərilən yüksək etimad kimi qəbul edirəm.
- Məhiş müəllim, 80 illik ömrünüzün bu günündə geriyə baxanda ən böyük qürur mənbəyiniz nədir?
- Bu gün geriyə baxanda ən böyük qürur mənbəyim yetişdirdiyim gənc alim və mütəxəssislərin uğurlarıdır. Onların dövlət qurumlarında, elmi mərkəzlərdə və biznes strukturlarında ölkəyə faydalı xidmət göstərmələri mənim üçün ən yüksək mükafatdır.
Təvazökarlıqdan uzaq olsa da, uzun illər ərzində apardığım tədqiqatların, yazdığım monoqrafiyaların, dərsliklərin, eləcə də ölkənin sosial-iqtisadi inkişafına dair hazırladığım 5 təhlil və məruzənin bu gün də dəyərini qoruması məndə böyük qürur hissi yaradır.
- Gənc alimlərə və müəllimlərə nə tövsiyə edərdiniz?
- Gənclərə ilk tövsiyəm odur ki, elmi fəaliyyətlə pedaqoji işi bir-birindən ayrı proseslər kimi yox, bir bütöv sistem kimi qəbul etsinlər. Hər bir elmi nəticə özündə həm nəzəri dərinlik, həm də praktiki fayda daşımalıdır.
İkinci vacib məsləhətim, davamlı öyrənməkdir. Elm sürətlə dəyişir, yeni metodologiyalar ortaya çıxır. Gənc alimlər beynəlxalq təcrübəni, müasir tədqiqat üsullarını mənimsəməli və öz biliklərini daima yeniləməlidirlər.
Ən əsası isə apardıqları bütün tədqiqatlarda milli maraq və mənafelərin qorunmasını əsas prinsip kimi qəbul etsinlər. Elm xalqa, dövlətə, cəmiyyətə xidmət etməlidir.
- UNEC-in inkişafını necə qiymətləndirirsiniz və gələcəyə dair arzularınız nələrdir?
- UNEC-in inkişafını böyük məmnuniyyət və qürur hissi ilə izləyirəm. Son illərdə universitet həm tədris, həm elmi tədqiqat, həm də beynəlxalq əməkdaşlıq sahələrində ciddi nailiyyətlər əldə edib. UNEC bu gün gənclərin elmə marağını artıran, onların tədqiqat imkanlarını genişləndirən dinamik ali təhsil məkanıdır.
Universitetdə aparılan islahatlar öz bəhrəsini artıq dünya reytinqlərində də göstərir. Times Higher Education-in 2026-cı il reytinqinə əsasən UNEC ölkədə birinci, Cənubi Qafqazda birinci, dünyada isə 801–1000-ci yerlər arasında qərarlaşıb. Bu, Azərbaycan üzrə ilk və yeganə belə nəticədir. Tədqiqat keyfiyyətinə görə UNEC-in dünyada 481-ci olması isə ayrıca bir uğurdur.
İnanıram ki, universitetimizdə formalaşan möhkəm elmi-pedaqoji baza UNEC-i yaxın illərdə dünyanın ilk 500 universiteti sırasına yüksəldəcək.
Sonda
Məhiş müəllimin ömür yolu təkcə şəxsi elmi nailiyyətləri ilə deyil, yetişdirdiyi yüzlərlə tələbə və gənc alimlə də zəngindir. Bu yubiley həm də Azərbaycan elmi üçün böyük bir dəyərin, uzun illərin zəhmətinin bayramıdır. Dəyərli alimimiz Məhiş Əhmədovu 80 illik yubileyi münasibətilə təbrik edirik. Ona uzun ömür, möhkəm cansağlığı, elmi fəaliyyətində yeni uğurlar və tələbələrinin daha böyük nailiyyətlərinin sevincini görməyi arzulayırıq!