UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Məryam Ədilxanova tərəfindən “Süni intellektin iqtisadiyyatda tətbiqi və etik istifadəsi” mövzusunda xüsusi dərs keçirilib.
Dərs zamanı Məryam Ədilxanova tələbələrə süni intellektin mahiyyəti, əsas funksiyaları və müasir iqtisadiyyat üçün yaratdığı yeni imkanlar barədə geniş məlumat verib. Qeyd edib ki, AI böyük həcmli məlumatların emalı, proqnozlaşdırma və qərar qəbuletmə proseslərinin optimallaşdırılmasında mühüm rol oynayır və iqtisadiyyatın müxtəlif sahələrində sürətli transformasiyaya səbəb olur.
Müəllimə xüsusilə vurğulayıb ki, süni intellekt alətlərindən istifadə zamanı etik yanaşma, məlumatların məxfiliyinin qorunması və texnologiyaların məsuliyyətli tətbiqi əsas prioritetlərdən olmalıdır.
Dərsin yekununda bildirilib ki, süni intellekt gələcəyin aparıcı inkişaf istiqamətlərindən biridir və tələbələr bu sahədə biliklərini artırmalı, yeni texnologiyaları mənimsəməyə daim açıq olmalıdırlar.