Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə akademik və elmi əməkdaşlığın gücləndirilməsi məqsədilə işgüzar səfər edib.
Nümayəndə heyətinin tərkibinə UNEC Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov, direktor müavini dosent Leyla Hacıyeva, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova, Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Fuad Qasımov və Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev daxil olub.
Səfər çərçivəsində nümayəndə heyəti Astana və Almatı şəhərlərində Lev Qumilyov adına Avrasiya Milli Universiteti, Alma-Ata Humanitar-İqtisad Universiteti, Alma-Ata Menecment Universiteti və Əl-Fərabi adına Qazax Milli Universitetində görüşlər keçirib.
Görüşlər zamanı birgə tədris proqramlarının hazırlanması, elmi-tədqiqat sahəsində əməkdaşlıq, akademik mübadilə mexanizmləri, habelə ümumi layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ilkin razılıqlar əldə edilib.
UNEC ilə Qazaxıstan universitetləri arasında təhsil və tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi hər iki tərəf üçün yeni imkanlar açacaq və regionda akademik tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək.