A

UNEC-dəki pedaqoji fəaliyyətini başa vuran tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybarla universitetin professor-müəllim heyəti arasında görüş keçirilib.

İnzibati və təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov bildirib ki, UNEC-də keyfiyyətli kadrların hazırlanmasında həyata keçirilən kompleks fəaliyyətin prioritet istiqamətindən biri də nüfuzlu və təcrübəli əcnəbi professor və müəllimlərin universitetdə tədrisə cəlb edilməsidir. Bu istiqamətdə UNEC Avropanın bir çox nüfuzlu universitetləri ilə tələbə-müəllim mübadiləsi həyata keçirir. Son dörd ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak edən müəllimlərin sayı 4 dəfədən çox artıb. “Erasmus+”, “Mövlana” və “Fulbright” proqramı çərçivəsində UNEC-in professor, müəllim və inzibati heyət üzvü ABŞ, Fransa, Almaniya, Polşa, Türkiyə, Rumıniya, Litva və Macarıstan universitetlərində təcrübə mübadiləsində iştirak ediblər. ABŞ-ın, Avropanın və MDB məkanının müxtəlif ölkələrinin 20-dən artıq professor və müəllimi isə UNEC-də tədrisə cəlb olunub.

Ş.Əsgərov amerikalı professor Bülent Aybarın 4 ay müddətində UNEC-də pedaqoji fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “B.Aybar bir semetr ərzində Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə dərs deyib. Tədqiqat sahəsi əsasən FX Risk və FK risk menecmenti, beynəlxalq bazarlar, beynəlxalq bərabərlik məsələləri (ADR’s and ETF’s), risk xüsusiyyətləri və çoxmilli korporasiyalar olan professor 30 ildən artıq dünyanın bir çox universitetlərində çalışıb. 2006-cı ildən Harvard Universitetində, Cənubi Yeni Hampshire Universitetində (Southern New Hampshire University) pedaqoji fəaliyyət göstərən professor həm də nüfuzlu beynəlxalq təşkilatların üzvüdür”.Bülent Aybar çalışdığı universitetlər sırasında UNEC-in adının olmasından qürur duyduğunu bildirib: ““Fulbright” proqramı çərçivəsində 4 ay ərzində UNEC komandası ilə birlikdə çalışdım. Bu müddətin çox faydalı olduğunu hesab etdiyim üçün UNEC-dəki fəaliyyətimi həyatımda çox önəmli mərhələ hesab edirəm. UNEC-də yeni düşüncələr, perspektivlər əldə etdim. Şahidi oldum ki, müəllim həmkarlarım peşəkar, tələbələr isə bacarıqlıdırlar. Onlarla tanışlıq, fikir mübadiləsi çox səmərəli oldu. Yenidən UNEC auditoriyasında dərs demək fürsəti yaranarsa, bu imkanı mütləq müsbət dəyərləndirəcəyəm. Hələlik isə sosial şəbəkələr vasitəsi ilə həm tələbələrlə, həm də müəllim dostlarımla davamlı əlaqə saxlayacam”.Görüşdə B.Aybar çalışdığı nüfuzlu universitetlərin tədris proqramları və metodları barədə UNEC-in pedaqoji heyətinə ətraflı məlumat verib. Öz təcrübəsini onlarla bölüşən amerikalı professor tələbə-müəllim münasibətlərindən söz açaraq, fəaliyyəti dövründə bu sahədə qarşısına çıxan problemlərdən və onların həlli yollarından danışıb. Tələbələrin fənni auditoriyada daha mükəmməl mənimsəmələrinə yardım edən tədris texnologiyalarından nümunələr göstərib.

Görüşün sonunda Bülent Aybara UNEC-də 2016/17-ci tədris ilinin yaz semestrindəki pedaqoji fəaliyyətinə və tədrisə verdiyi dəyərli tövhələrə görə təşəkkürnamə təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay