A

UNEC beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində Çin Xalq Respublikasının xarici dillərin tədrisində zəngin təcrübəyə malik aparıcı ali təhsil müəssisələrindən olan Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atıb.

Bu məqsədlə UNEC nümayəndə heyəti Pekin Xarici Dillər Universitetinə işgüzar səfər edib. Səfərin əsas məqsədi ikili diplom proqramlarının tətbiqi, xarici dillərin tədrisində süni intellekt texnologiyalarından istifadə təcrübəsinin öyrənilməsi, bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində UNEC nümayəndə heyəti Pekin Xarici Dillər Universitetinin rəhbər heyəti ilə yanaşı, Süni intellekt və İnsan Dilləri Laboratoriyasının, Beynəlxalq Biznes, Çin Dili və Ədəbiyyatı, Asiya Tədqiqatları, İngilis dili və Beynəlxalq Tədqiqatlar məktəblərinin, eləcə də Azərbaycan dili kafedrasının kollektivi ilə görüşlər keçirib və onların fəaliyyəti ilə yaxından tanış olub.

Görüşlər zamanı xarici dillər sahəsində süni intellekt əsaslı elmi tədqiqatların aparılmasına geniş imkanlar yaradan Süni intellekt və İnsan Dilləri Laboratoriyasının fəaliyyəti, dünyanın müxtəlif ölkələrinin aparıcı universitetləri ilə ikili diplom proqramları həyata keçirən Beynəlxalq Biznes Məktəbinin təcrübəsi, həmçinin Çin Xalq Respublikasında Azərbaycan dilinin tədrisinin genişləndirilməsinə yönəlmiş layihələr xüsusi maraq doğurub.

Görüşlərdə UNEC-dən tədris üzrə prorektor Gəray Musayev, iqtisadi məsələlər üzrə prorektor Nəsimi İsmayılov, Tədrisin metodiki və keyfiyyəti təminatı mərkəzinin direktor müavini Nəvai Əliyev, Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova, Xarici Dillər Departamenti direktorunun tədris üzrə müavini, Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri Aynur Mirzəyeva iştirak ediblər. Pekin Xarici Dillər Universitetini isə prorektor Zhao Gang, Beynəlxalq Biznes Məktəbinin dekanı Li Sifei, Asiya Tədqiqatları Məktəbinin dekanı Su Yingying, Süni intellekt və İnsan Dilləri Laboratoriyasının direktoru Li Zuowen, Çin Dili və Ədəbiyyatı Məktəbinin dekan müavini Wang Zulei və Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev təmsil ediblər.

Görüşlərin yekununda tərəflər iqtisadiyyat və linqvistika sahələrinin inteqrasiyasına əsaslanan ikili diplom proqramlarının yaradılması, kurrikulumların uyğunlaşdırılması, akademik heyət və tələbə mübadiləsinin təşkili, eləcə də süni intellekt texnologiyalarının xarici dillər sahəsində elmi tədqiqatlarda və tədris prosesində tətbiqi istiqamətində birgə layihələrin hazırlanması barədə razılığa gəliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay