A

UNEC-də elmin inkişafı və beynəlxalq elmi inteqrasiyanın genişləndirilməsi istiqamətində atılan addımlar davam edir.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru f.e.d., professor Rövnəq Rzayev və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri f.ü.f.d., dosent Tural Nağıyev Belçika Krallığının nüfuzlu ali təhsil ocaqlarından biri olan Gent Universitetində iki həftəlik elmi ezamiyyətdə olublar.

Səfərin əsas məqsədi UNEC alimlərinin Avropanın qabaqcıl elmi mühitində aparılan tədqiqatlarla yaxından tanış olmaq, müasir laboratoriya imkanlarından istifadə etmək və mövcud elmi əməkdaşlıqların daha da dərinləşdirilməsi olub.

Ezamiyyət çərçivəsində UNEC nümayəndələri Gent Universitetinin Bərk cisim elmləri departamenti nəzdindəki tədqiqat laboratoriyalarında aparılan elmi işlərlə yaxından tanış olublar, tətbiq olunan qabaqcıl analiz imkanlarını yerində müşahidə ediblər. UNEC-də sintez edilmiş yeni nəsil nanoölçülü materiallar Gent Universitetinin yüksək texnoloji avadanlıqları vasitəsilə müxtəlif istiqamətlər üzrə analiz edilib. Aparılan tədqiqatlar nəticəsində materialların fiziki və optik xüsusiyyətləri daha dərindən öyrənilib, onların gələcəkdə sənaye, mühəndislik və yüksək texnologiyalar sahəsində tətbiq imkanları qiymətləndirilib.

İşgüzar səfərin ən mühüm nəticələrindən biri UNEC və Gent Universiteti arasında birgə elmi məhsulların hazırlanması ilə bağlı konkret razılaşmaların əldə olunmasıdır. İlkin mərhələdə 2026-cı ilin ortalarına qədər yüksək reytinqli beynəlxalq jurnallarda iki məqalənin dərc edilməsi, ümumilikdə isə bu əməkdaşlıq çərçivəsində ən azı beş birgə elmi məqalənin hazırlanması planlaşdırılır.

Ezamiyyət zamanı UNEC-də keçirilmiş “Mühəndislik və tətbiqi elmlərin aktual problemləri” I beynəlxalq elmi-praktiki konfransında “Keynote speaker” qismində iştirak etmiş Gent Universitetinin Bərk cisim elmləri departamentinin rəhbəri professor Dirk Poelmana bir daha təşəkkür edilib və onun adına hazırlanmış xatirə plaketı təqdim olunub. Eyni zamanda Gent Universitetinin daha geniş heyətlə UNEC-in növbəti beynəlxalq konfranslarında iştirak etməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Belçikalı alimlərə UNEC-in Scopus bazasında indekslənmiş beynəlxalq elmi jurnalı olan JEAS haqqında ətraflı məlumat verilib.

Görüşlər zamanı Gent Universitetinin müvafiq departamenti ilə UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrası və “Kompozit Materiallar” Elmi Tədqiqat Mərkəzi arasında birgə tədqiqatların davam etdirilməsi, beynəlxalq qrant layihələrinin hazırlanması və qarşılıqlı elmi ezamiyyətlərin təşkilinə dair razılığa gəlinib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay