A

UNEC alimlərinin beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyəti davam edir.

Bu çərçivədə UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Aytən Niyazova Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Yıldız Texnik Universitetinin Kimya-Metallurgiya fakültəsinin Biomühəndislik bölməsində elmi ezamiyyətdə olub.

2–22 dekabr 2025-ci il tarixlərini əhatə edən səfərin əsas məqsədi UNEC-in Kompozit Materiallar Elmi Tədqiqat Mərkəzində sintez edilmiş yeni nəsil kimyəvi birləşmələrin öyrənilməsi, eləcə də mövcud beynəlxalq elmi əməkdaşlıqların daha da gücləndirilməsi olub.

Ezamiyyət çərçivəsində UNEC-də sintez edilmiş iki yeni kimyəvi birləşmə Yıldız Texnik Universitetinin müasir və yüksək texnoloji laboratoriyalarında geniş şəkildə tədqiq edilib. Araşdırmalar zamanı bu maddələrin daxili quruluşu, molekulların yerləşməsi və bir-biri ilə qarşılıqlı təsirləri öyrənilib. Aparılan analizlər vasitəsilə maddələrin stabil xüsusiyyətləri, quruluşunun necə formalaşdığı və digər oxşar maddələrlə müqayisəli üstünlükləri müəyyən edilib.

Tədqiqatların nəticələri əsasında elmi məqalə hazırlanıb və onun beynəlxalq reytinqli elmi jurnalda dərc olunması planlaşdırılır. Eyni zamanda bu istiqamətdə yeni birgə elmi nəşrlərin hazırlanması da nəzərdə tutulur.

Ezamiyyət zamanı Yıldız Texnik Universitetinin Biomühəndislik bölməsinin professoru Sevil Yücel ilə keçirilən görüşlərdə UNEC-in Scopus bazasında indekslənmiş beynəlxalq elmi jurnalı JEAS haqqında ətraflı məlumat verilib. Görüşlər çərçivəsində Yıldız Texnik Universitetinin müvafiq strukturları ilə UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrası və Kompozit Materiallar Elmi Tədqiqat Mərkəzi arasında birgə tədqiqatların davam etdirilməsi, ortaq elmi layihələrin hazırlanması və məqalələrin yazılması barədə razılıqlar əldə olunub.

TOP XƏBƏRLƏR