UNEC-də tələbə və akademik heyətin tədris prosesi, eləcə də dərsdənkənar fəaliyyətlər çərçivəsində müzakirə və görüşlər təşkil etməsini asanlaşdırmaq məqsədilə yeni rəqəmsal imkan yaradılıb.
Artıq universitetin bütün fakültələri üzrə boş auditoriyaların siyahısı rəqəmsallaşdırılaraq tələbə kabinetlərinə yerləşdirilib.
Yaradılan bu imkan sayəsində tələbələr görüş və müzakirələrini planlaşdırarkən universitet binasında boş auditoriya axtarmaq üçün əlavə vaxt sərf etməyəcəklər. Proses tam şəkildə tələbə kabineti üzərindən tənzimlənəcək.
Tələbələr kabinetlərinə daxil olaraq “Məsləhət-Müzakirə” panelindən “UNEC auditoriyalarının müzakirə məqsədli istifadəsinə dair cədvəl” bölməsinə keçid etməklə uyğun auditoriyaları müəyyən edə biləcəklər.
Yenilik tələbələrə həmçinin bütün fakültələr üzrə dərs cədvəllərini izləmək və boş auditoriyalardan səmərəli şəkildə istifadə etmək imkanı yaradır.