Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Aqil Mirzəliyevin xatirəsinə həsr olunmuş “Göyərçinə dönən qəhrəman” kitabının təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Təqdimat mərasimində universitetin kollektivi, şəhidin ailə üzvləri, yaxınları və digər qonaqlar iştirak ediblər.
Rəsmi hissəni giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb, onların xatirəsinin əziz tutulmasının və yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu deyib: “Şəhidlərimiz bizim milli kimliyimizdir, yaddaşımızdır. Şəhid olmuş məzun və tələbələrimiz UNEC dəyərlərinin canlı simvoludur. Aqil də bu dəyərlərdən biridir. O, bu universitetin auditoriyalarında dərs oxuyub, bu divarların arasında gələcəklə bağlı arzular qurub və arzularını Vətən yolunda fəda edib. Aqil bu gün də bizim aramızdadır, onun ruhu bu zalda dolaşır O, ölmədi, adını əbədiləşdirdi. Aqil kimi gənclər bu xalqın qürurudur, onların xatirəsi isə əbədiyaşardır.”
Milli Məclisin deputatı Novruz Aslan çıxışında şəhid Aqil Mirzəliyevin göstərdiyi şücaətdən söz açıb, onun həyat yolunun Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğulayıb. O, bildirib ki, şəhidlərin xatirəsinin kitablarda əbədiləşdirilməsi gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır.
Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, yazıçı-publisist Baba Vəziroğlu da çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu qeyd edib. O, Vətən müharibəsində əldə olunan tarixi zəfərin xalqın birliyi və milli ruhunun təntənəsi olduğunu vurğulayıb.
Kitabın müəllifi, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva kitabın ərsəyə gəlməsi haqqında məlumat verib. O, bildirib ki, kitabda şəhid Aqil Mirzəliyevin şərəfli və vətənpərvərliklə dolu qısa həyat yolu, onunla bağlı xatirələr yer alıb.
Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Venera Əsgərova isə təqdimat mərasimində iştirak etməyin onun üçün qürurverici olduğunu bildirib. O, qeyd edib ki, Aqilin Vətənə sevgisi və qorxmadan döyüşə atılması gənc nəsil üçün əvəzsiz örnəkdir.
Sonra UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev şəhidin tələbəlik illərindən, onun elmə və təhsilə olan marağından danışıb. Bildirib ki, Aqil intizamlı, nümunəvi və vətənpərvər bir gənc kimi yaddaşlarda qalıb. O, gənc yaşında böyük amallar uğrunda mübarizəyə atılaraq, universitet auditoriyalarını cəbhə səngərləri ilə əvəz edib və bu seçimi ilə Azərbaycan xalqının igid övladları sırasına əbədi daxil olub.
Şəhidin döyüş yoldaşı, gizir Nicat Muxtarov çıxışında Aqil Mirzəliyevin döyüş meydanında göstərdiyi əzm və iradədən danışıb. O, bildirib ki, Aqil onun təkcə silahdaşı deyil, həm də mənəvi dayağı idi. O, ən çətin anlarda belə Vətən sevgisi və nikbinliyi ilə döyüş yoldaşlarına ruh yüksəkliyi verirdi.
Tədbirin bədii hissəsində İsmayıllı rayonu Qəşəm Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbinin VI sinif şagirdi Fərəh Həmidli “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib. UNEC-in tələbəsi Rehanə Əliyeva isə inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərovun müəllifi olduğu “Şəhid məzunumuz Aqil Mirzəliyev” adlı şeir kompozisiyasını səsləndirib.
Sonda şəhidin anası Aynurə Mirzəliyeva çıxış edərək oğlunun vətənpərvərliyindən danışıb, onunla hər zaman fəxr etdiyini söyləyib. O, bildirib ki, şəhidlərin xatirəsinin əziz tutulması və yad edilməsi şəhid ailələri üçün həm təsəlli, həm də qürür mənbəyidir.
Tədbirdə şəhidin həyat və qəhrəmanlıq yolunu əks etdirən videoçarx nümayiş olunub.