A

Aprelin 28-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans keçirilib.

UNEC-in rektoru professor Ədalət Muradovun konfransın açılşında çıxış edib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmiş ciddi uğurları və artıq formalaşdırılmış  möhkəm bazan nəzərə alaraq ölkəmizin gələcəkdə də dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti kimi rəqəmsal transformasiyanın müxtəlif aspektlərini müzakirə  etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə iki il əvvəl rəqəmsal iqtisadiyyatla bağlı beynəlxalq konfransın daim əsasda təşkil edilməsinə qərar verdik.

Rəqəmsal iqtisadiyyatla  bağlı I konfransı 2020-ci ildə keçirdik. Amma pandemiya ilə əlaqədar fasilə verməli olduq və bu gün II konfransda toplaşmışıq.

Bu konfransın ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə, eləcə də, bütün tərəfdaş təşkilatlara, dəvətimizi qəbul edib bu konfransda iştiraka vaxt ayırdığınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.

Təşkilat komitəsinə, elm komitəsinə də sağ olun deməyi özümə borc bilirəm.

Bu günkü konfransa  15 ölkədən, o cümlədən İngiltərə, Portuqaliya, Serbiya, İsrail, Litva, Türkiyə, Slovakiya, Macarıstan, Kolumbiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Rusiya Federasiyası və Özbəkistandan məqalələr daxil olmuşdur.

Konfransa 181 məqalə daxil olmuşdur. Bunlardan: 85 məqalə azərbaycan dilində, 47 məqalə ingilis dilində, 45 məqalə rus dilində, 4 məqalə türk dilindədir. UNEC müəllifləri 82 məqalə, xarici müəlliflər 53 məqalə, Azərbaycanın digər ali məktəb və elmi təşkilatlarından 43 məqalə daxil olmuşdur.

Xaricdən daxil olan məqalə müəllifləri 28 universiteti, ölkədaxili məqalə müəllifləri isə 25 universiteti təmsil edir.

Mövzunun genişliyini, ciddi məruzələrin və vaxtın məhdud olduğunu nəzərə alaraq, mən rəqəmsal iqtisadiyyatla bağlı üç konseptual məsələlərə toxunmaq istərdim.

I. Rəqəmsallaşma nəticəsində təkcə istehsal deyil, insanların özlərinin özlərinə, digərlərinə baxışı, ətraf mühitə baxışı dəyişir.

Burada vacib bir məqamı qeyd etməliyəm. Bizi əhatə edən texnologiyalar bizim qərarlarımız əsasında dəyişir, sonra isə biz özümüz dəyişirik. Yəni insanın dəyişməsi texnologiyaların dəyişməsindən geridə qalır. Müəyyən dövr ərzində insan qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərməyə məcbur olur.

Bu baxımdan elmi tədqiqatların rolu əhəmiyyətli dərəcədə artır. Rəqəmsallaşma ilə bağlı tədqiqatçılar qarşısında duran əsas vəzifələri aşağıdakı kimi görürük:

  1. Rəqəmsallaşmanın yaratdığı sərvətin bölünməsində bərabərçiliyi azaltmaq;
  2. Rəqəmsallaşma nəticəsində yarana bilən neqativ  effekti minimallaşdırmaq;
  3. Rəqəmsallaşmanın insanların imkanlarını məhdudlaşdırmayacağını, əksinə genişləndirəcəyini təmin etmək.

II. Yeni  texnologiyalara  insanların nəzarətində  olan sadəcə alətlər  kimi baxılmamalıdır. Eləcə də, idarə olunmayan xarici qüvvə kimi də baxılmamalıdır. Bunların əvəzinə cavabını gözləyən əsas sual odur ki, insan dəyərləri necə və arada rəqəmsal texnologiyalara tətbiq edilə bilər.

III. Sənaye inqilabının səbəbi rəqəmsal texnologiyaların özləri deyil. Sənaye inqilabının əsas səbəbi rəqəmsal texnologiyaların iqtisadi və sosial sistemlərə təsiridir. Bu baxımdan  ən ciddi problemlərdən birini Klaus Şvab qeyd edir. O, deyir ki, “XXI əsr texnologiyalarını XX əsr düşüncə tərzi və XIX əsr dövlət institutları ilə başa düşmək və idarə etmək istəyirik”. Düşüncə tərzini dəyişmək zərurəti önə çıxır. Bu baxımdan “Azərbaycanda rəqəmsal savadlılıq” proqramına başlamaq vaxtıdır. Biz bunu edə bilərik.

Yeni institutlarla bağlı qeyd etmək istərdik ki, dövlətin rolu köklü dəyişir. Rəqəmsal texnologiyalar sahəsində lider ölkələrin hamısında dövlət müvafiq təşəbbüslərin drayveri kimi çıxış edir. Dövlətin fəal iştirakı olmadan rəqəmsal transformasiya və rəqəmsal iqtisadiyyatın formalaşması mümkünsüz görünür. Düşünürük ki, institusional dəyişikliklərin bu istiqamətdə olması məqsədəuyğundur.

Diqqətinizə görə təşəkkür edirəm”. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay