Modern.az
“Azərbaycan dilinin işlək orfoqrafiya şözlüyü” adlı kitabın işıq üzü görməsini müsbət hal kimi qiymətləndirirəm. Bu kitabda təkcə ümumişlək sözlərin deyil, ümumiyyətlə, bir cox işlək sözlərində orfoqrafiya lüğətinə daxil edilməsi təqdir olunmalıdır. Yazıda az işlənən, lakin xalq dilində mövcud olan bir cox sözlər bu qəbildən olan sözlərdir.
Dilimiz haqqında ölkə prezidenti, möhtərəm İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında demişdir: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və diğər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruyub, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq”.
Məlumdur ki, dilimizdə başqa dillərin təsiri ilə işlənən bir cox sözlər, elmi terminlər, habelə elm və texnikanın təsiri ilə dildə özünə yer tapır. Yeni nəşr olunmuş sözlükdə də elə sözlərə rast gəlinir ki, bu sözlər dilə zorla gətirilən söz təsiri bağışlayır. Məsələn sözlüyün 41-ci səhifəsində “ballast”, “ballaster”, 165-ci səhifədə “kamanə” (Bu söz sözlükdə yay kimi işlənmişdir. Halbuki yay sözünü ifadə edən kaman sözüdə vardır). “Kamanə” isə anlaşılmır. 213-cü səhifədə “lampion” “lampa” sözünü ifadə etmək üçün işlənmişdir. Onun da qənaətedici olmadığını düşünürəm. 75-ci səhifədə “dalay-lama” sözünündə mənası anlaşılmır. 317-ci səhifədə “şüyüm-pinti” sözünün də “pinti” sözü kimi dilə gətirilməsi arzuolunmazdır. Çünki dilimizdə “pinti” sözü işləkdir, “şüyüm”ü isə bunun müqabilində işlətmək və ya yazmaq məqsədyönlü deyildir, çünki dili lüzumsuz dialekt söz kimi ağırlaşdırır.
Dilimizin lüğət fonduna keçmiş “ssenari” sözü sözlükdə yer almışdır. Bu sözü biz ifadə edərkən bir “s” ilə söyləyirik. Odur ki, bu sözün və eləcə 303-cü səhifədə verilmiş “ssenariçi”, “ssenarist” sözlərinin iki “s” ilə yazılması arzuolunmazdır. Sözlüyün 41-ci səhifəsindəki “balışağı”, “balışüzü” sözlərinin ikisidə eyni mənanı verir. Lakin “balışüzü” sözü dildə daha işlək kəlmədir. Məncə “balışüzü” sözünü işlətmək daha uyğundur.
Dilimizdə “kainat” sözü işlək söz olaraq mövcud olduğu halda “kainat” sözünü ifadə edən “açun” sözü 221-ci səhifədə sözlüyə gətirilmişdir. Eləcə də, 25-ci səhifədə “ajur”, 26-ci səhifədə “akklimatizə”, 26-ci səhifədə “akva” kimi bir cox sözlərin lüğətə gətirilməsi dilimizi qəlizləşdirir. Diqqət edilsə, sözlükdə belə sözlər həddən artıqdır. Dar ixtisasları ifadə edən və tərcümə yolu ilə ifadə olunan çoxlu mətnlər var ki, bu mətnlərdə rast gəlinən hər bir sözün “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nə daxil edilməsi arzuolunmazdır. Bu sözləri daşıdığı məna ilə ifadə edən terminlər lüğətləri vardır. Orfoqrafiya sözlüyünə isə dildə olan işlək sözlərin salınması və həmin sözlərin imla qaydaları öz əksini tapmalıdır.
Maarifə Hacıyeva,
UNEC-in professoru, filologiya elmləri doktoru