A

AZƏRTAC

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Ümummilli lider Heydər Əliyev

İyirminci əsrin uzaq iyirminci illərinin əvvəllərində məmləkətimizin on minlərlə ailələrindən birində, Əliheydər kişinin ailəsində dünyaya bir oğul gəldi. Nəinki o kəndin, o vilayətin, heç böyük dünyanın da ağlına gəlməzdi ki, məhz bu oğul canından da artıq sevdiyi vətəni Azərbaycanın xilaskarı olacaqdır. Ümummilli Lider səviyyəsinə yüksələcək, müasir dünyanın rəğbət bəslədiyi siyasi liderlərdən – dövlət başçılarından birinə çevriləcəkdir.

Elmdə tarixi zərurət adlandırılan bir kateqoriya var. Dində bu alın yazısı, yaradanın izn verdiyi məqam kimi təqdim edilir. İstənilən baxımdan verilən izah bu böyük şəxsiyyətin millətimiz üçün bir nemət, bir milli sərvət olmasını sübut edir. Hələ SSRİ dövründə xarici mətbuat Heydər Əliyevi “Kremlin mayakı” adlandırırdı. Bu, elmi qneseoloji baxımdan o deməkdir ki, Heydər Əliyev dühası Azərbaycan tarixində, onun milli dövlətçilik əsasında, mənəvi, sosioloji inkişafında olmaya bilməzdi. Bu, o deməkdir ki, biz Azərbaycan dedikdə Heydər Əliyev, milli lider Heydər Əliyev dedikdə isə Azərbaycanı düşünürük.

Bu fikirlər iqtisad elmləri doktoru, professor, BMT-nin Sülh səfiri Əvəz Ələkbərovun 15 İyun – Milli Qurtuluş Günü münasibətilə hazırladığı məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Yeni tariximizin ən şanlı səhifələrindən birini millətimizə xalqımızın dahi və müdrik oğlu Heydər Əliyev bəxş etmişdir. Keşməkeşli bir dövrdə öz dahiyanə qərarları və yenilməz iradəsi ilə qədirbilən xalqımızı siyasi böhran girdabından məharətlə çıxara biləcək yeganə şəxs ancaq o ola bilərdi və o da oldu.

Ulu babalarımızdan tarixi sınaqlardan keçərək bizə ərməğan edilmiş böyük dövlətçilik ənənələrimiz, milli mentalitetimiz, azərbaycançılıq ideologiyamız Heydər Əliyev tərəfindən qorundu, hifz edildi və gələcək xoşbəxt həyat üçün nəhəng bir təməl qoyulmuş oldu.

1993-cü ilin 15 iyunundan bizi ayıran hər il onun taleyimizdə oynadığı möhtəşəmliyi, qüdrəti və həlledici olduğunu bir daha bütün çılpaqlığı ilə sübuta yetirdi. Bir daha yüksələn üçrəngli bayrağımızı Ulu Öndərimizin işıqlı zəkası, möhkəm və qüdrətli əlləri yüksəklərə qaldırdı.

Dirçəlişimizin əsası qoyulduğu o “Böyük Qayıdış”ın indiki mərhələdə sosial, iqtisadi və mənəvi sahələrdə hansı uğurlara gətirdiyini bir daha nəzərdən keçirməyə çalışaq.

Sosial-siyasi sahədə

Keçən otuz il ərzində müdrik siyasətin labüd nəticəsi olaraq milli dövlətçiliyimiz möhkəmlənmiş, hərbi qüdrətimiz artmış, beynəlxalq nüfuzumuz yüksəlmişdir. Əgər bu, belə olmasaydı, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsində möhtəşəm Qələbə əldə edə bilərdimi? Əlbəttə yox. Çünki ölkəmizin müdrik rəhbəri, Prezidentimiz məhz Ulu Öndərin dövlətçilik strategiyasına sadiq olaraq, ona əməl edərək, xalqımızı bu möhtəşəm uğurlara çatdıra bilmişdir. Milli dövlətçiliyimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, xalqımızın sosial-iqtisadi durumunun daim yüksəldilməsi üçün səfərbər edən qürur mənbəyimizdir. Ulu öndər Heydər Əliyev həmişə deyirdi: “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür”. Xalqa xidmət edən, onun arzularının icraçısı olan, xalqa güvənən bir dövlət onun amalı və istəyi olmuşdur. Əbəs deyildir ki, o, öz mənalı həyatını məhz belə bir dövlətin formalaşmasına və inkişafına həsr etmiş, böyük uğurlar əldə edə bilmişdir. İndi müasir dünyada Ulu Öndərin adı Atatürk, Şarl de Qoll, Ruzvelt, Çörçill və sair dövlət qurucuları ilə birgə səsləndirilir.

Ümummilli Liderin uğurlu nəticəyə hesablanmış sosial-iqtisadi siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri – güclü sosialyönümlü iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edildi.

Hələ XXI əsrin ilk ilində Ümummilli Liderin müdrikcəsinə söylədiyi “Azərbaycanın bir çox ağır və çətin məsələlərini həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyini çox xoşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır” fikrinin günümüzdə nə qədər böyük strateji əhəmiyyət daşıdığını bütün məna çalarları ilə dərk etmiş oluruq. Ulu öndər Heydər Əliyevin nə qədər dahi və fenomenal bir şəxsiyyət olduğunu təsdiq və sosial rifahımızı ehtiva edən bəzi konkret göstəriciləri qeyd edək: 2021-ci ildə ölkəmizdə işsizlik səviyyəsi 5,2 faiz, orta aylıq əməkhaqqı 750 manat, adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 8 min manat olub, bu və digər göstəricilərimiz qonşu dövlətlər üçün əlçatmazdır.

Bu gün Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan dövləti dayanıqlı və davamlı iqtisadiyyat formalaşdırmağa nail olmuş və bu möhkəm bünövrə gələcək sosial-iqtisadi proqnozları, prioritet və hədəfləri də uğurla yerinə yetirməyə imkan vermişdir. Elmi cəhətdən əsaslandırılmış sosial-iqtisadi inkişafın Azərbaycan modeli öz konkret əksini perspektivin faktiki və proqnoz göstəricilərində də əyani şəkildə sübuta yetirir.

Davamlı və tarixi inkişaf platformasına malik ölkə iqtisadiyyatı 2030-cu ilədək ÜDM-in həcmini təqribən 64 milyard ABŞ dollarına, adambaşına düşən daxili məhsulun həcmini isə 5700 dollar səviyyəsinədək yüksəltməyi nəzərdə tutur. Milli sosial-rifah səviyyəsinin davamlı artması yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.

Ulu Öndər Heydər Əliyevin başladığı uğurlu sosial-iqtisadi və siyasi-təşkilati nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovuşduğu məkan olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar perspektivdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial-rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ulu Öndərin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan dövləti əhalinin rifahının daha da yüksəldilməsi üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin möhkəm əbədi bünövrəsini qoymuş və onu güclü əllərə etibar etmişdir. Onun sosial sahə üzrə strategiyası yüksək və ədalətli sosial təminat və inklüziv cəmiyyət modelinə əsaslanmışdır.

İqtisadi-hərbi sahədə

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ulu Öndər gələcək hərbi Qələbəmizin də konturlarını ustad dəqiqliyi ilə cızmış oldu. Biz Qarabağın işğaldan azad olunmasında əldə etdiyimiz möhtəşəm Qələbəyə görə də Heydər Əliyev strategiyasını iftixarla vurğulayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” taktikası da Ulu Öndərin dahi strateji baxışlarının reallaşdırılmasının praktiki icrası demək idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Heydər Əliyev strategiyasının yerinə yetirilməsində möhtəşəm yer tutur. Bu böyük Qələbə vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qovuşmasında bir körpü olacaqdır.

Bayram etdiyimiz Milli Qurtuluş Gününün ölkə iqtisadiyyatının inkişafı qarşısında açdığı sonsuz imkanlar və çağırışları qeyd etməmək olmaz. 1993-2022-ci illər ərzində ölkə iqtisadiyyatı ən azı 17 dəfə artmışdır.

Milli Qurtuluş Gününün ölkə taleyində mühüm cəhətlərindən biri də bundan ibarətdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək nailiyyətlərə imza atdı. Konkret proqram və layihələr əsasında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri paytaxt Bakının və bölgələrimizin sosial-iqtisadi simasını tamamilə yeniləşdirdi, yeni regional siyasət əsasında mərkəzlə regionlar arasında fərq kəskin şəkildə azaldıldı, ölkədə bütün sahələri əhatə edən nəhəng infrastruktur layihələri icra olundu.

Bu illər ərzində Azərbaycanın təhlükəsizliyi təmin edildi, dövlətimizin başçısı tərəfindən ərzaq təhlükəsizliyi məsələsinin həlli prioritet vəzifələrdən biri kimi müəyyənləşdirildi, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı.

İndi Qafqaz regionunun iqtisadi potensialının təqribən 2/3 hissəsi məhz Azərbaycanın payına düşür. Ölkəmizin iqtisadiyyatında 2003-cü illə müqayisədə 3 dəfədən çox artım qeydə alınıb. Belə ki, 2003-2021-ci illər ərzində Azərbaycan Respublikasında sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artmışdır. Qeyd edək ki, 2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu göstəricisini 53 milyard dollara çatdırıb. Bu da birbaşa xarici dövlət borcunu 7,4 dəfə üstələyir. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısını məhz xarici sərmayələr təşkil edir.

Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərdən danışarkən deyirdi: “Biz öz milli–mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli–mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşamında formalaşıbdır. Milli–mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Bu dəyərlərə qayıdışın və gerçək milli anlayışın xalqımız üçün vacibliyini vurğulayan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. Milli–mənəvi dəyərlərimizin daim qorumasını və inkişafını dəstəkləyən Ulu Öndər, onu təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin vacib amili hesab edirdi.

Milli Qurtuluş bayramının milli dəyərlərə köklənmiş mühüm cəhətlərindən biri də bundan ibarətdir ki, Azərbaycanın inkişaf strategiyasının dəqiqliklə reallaşdırılması, dövlət–cəmiyyət-vətəndaş münasibətlərinin keyfiyyətcə təkmil məzmunla zənginləşdirilməsi və çağdaş prioritet idarəetmə alətlərinin formalaşdırılması, milli həmrəyliyin sosial–ideoloji aspektlərinə praqmatik baxışın zənginləşdirdiyi müasir milli və mənəvi birlik modeli real gerçəkliyə çevrilmişdir.

Mahiyyəti etibarilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbədən sonra ölkəmizdə milli birlik, mənəvi-əxlaqi ədalət hissi, dövlətimizin başçısına olan sonsuz inam, Prezidentin milli sədaqəti, milli Ordunun hərbi qüdrəti, şəhidlik zirvəsi, multikultural həmrəylik və digər mənəvi-etik dəyərləri özündə birləşdirən bir substantiv mənəvi mühit formalaşmışdır.

Bütün bunlar isə öz növbəsində məhz Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik dühası nəticəsində əldə edilə bilərdi.

Müasir müstəqil Azərbaycan Ulu Öndərin söylədiyi “Bu millət və onun qurduğu dövlət bütöv, müstəqil və əbədidir” fikrinin tarix tərəfindən təsdiqlənmiş inkaredilməz reallığıdır.

Əvəz Ələkbərov
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının
müdiri, iqtisad elmləri doktoru, professor,

“Professorlar klubu” Rəyasət heyətinin sədri, BMT-nin Sülh səfiri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay