Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatına, ISESCO-ya, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlara üzv seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Ölkəmiz multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə də böyük töhfələr vermişdir.
IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. İslam həmrəyliyinin bərqərar olmasında respublikamızın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev 2017-ci il 10 yanvar sərəncamı ilə 2017-ci ili Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan etmişdir. Məntiqi baxımdan “İslam həmrəyliyi ili”ni “Multikulturalizm ili”nin davamı kimi qeyd etmək məqsədəuyğun olardı. Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi İslam həmrəyliyinə xidmət edəcək mühüm tədbirlərdən biri kimi qiymətləndirilməlidir.
İslam həmrəyliyi mədəniyyət, humanitar məsələlər, turizm əlaqələrinin inkişaf etdirilməsi çərçivəsində fəaliyyəti, eyni zamanda ayrı-ayrı İslam ölkələri arasında əməkdaşlığın koordinasiya olunması məsələlərini nəzərdə tutur. “İslam həmrəyliyi ili” Azərbaycan Respublikası Prezidentinin dünyanın bütün ölkələri tərəfindən yüksək qiymətləndirilən unikal təşəbbüsü kimi işıqlandırılır.
Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən Azərbaycan Şərq ilə Qərb arasında tarix boyu İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olub. Bu gün respublikamız tolerant mövqeyi, siyasi və iqtisadi sabitlik, müasir sivilizasiyanın dəstəklənməsi kimi müdrik siyasəti sayəsində İslam dünyası üçün modeldir. Azərbaycanda tarix boyu dini və ya milli zəmində münaqişələr olmayıb. İslam ölkələrini təmsil edən turistlər tərəfindən qeyd olunan ən maraqlı məqamlar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, qonaqpərvərlik, sənayesinin inkişaf etdirilməsi və rəqabətqabiliyyətli turizm bazarının formalaşdırılmasıdır. Sülhün, sabitliyin, xalqlar arasında qarşılıqlı məhəbbət, həmrəylik və anlaşmanın dəstəklənməsinə yönəldilmiş siyasət Azərbaycanın turizm ölkəsi kimi tanınmasına da əlverişli zəmin yaradır.
Bu il may ayında Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq ölkənin 5 mindən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Oyunlara təxminən 15-17 min turistin gələcəyi gözlənilir. Turistlərin cəlb edilməsi üçün marketinqin müvafiq qurumlar tərəfindən düzgün həyata keçirilməsi nəticəsində bu rəqəmlərin artım ehtimalları böyükdür.
Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri sırasında ixtisaslaşdırılmış turizm sənayesinin qısamüddətli inkişaf hədəfləri müəyyənləşdirilib. Azərbaycanın dünya bazarlarında müqayisəli üstünlüyü ola biləcək turməhsul və xidmətlərin siyahısının müəyyən edilməsi, onların istehsalının təşkili üçün potensial investorlar üçün dəstək mexanizmlərinin hazırlanması əsas prioritetlərdəndir. Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına uyğun olaraq Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndirilərək yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. “İslam həmrəyliyi ili”ndə ölkəmizə gələn sahibkar müsəlman turistlər tərəfindən investisiyaların cəlbi istiqamətində gözləntilər də var.
Yeni iqtisadi artım yanaşmasında ölkənin gələcək iqtisadi artımının hansı “artım nöqtələri” vasitəsilə təmin edilməsi mühüm strateji qərarlardandır. Aktiv şəkildə kapital yığımı modelinin yeni strateji dövrdə əlavə dəyər formalaşdırma imkanlarının daralması nəticəsində gələcək artım yanaşması ilə bağlı ölkənin qarşısında iki seçim var: əməktutumlu artım yanaşması və məhsuldarlıq - effektivlik əsaslı artım yanaşması. Turizm sferasının inkişaf etdirilməsində hər iki modelin kombinasiyasından istifadə edilməsi strateji seçim yanaşmasına keçid müddətinin daha qısa vaxt ərzində reallaşdırılmasına imkan verər. Turizmin davamlı inkişafına dəstək məqsədilə yaradılmış ictimai institutlar turizm sənayesində çalışan işçilərin əməyinin düzgün qiymətləndirilməsi üçün dövlət və özəl turizm müəssisələri ilə qarşılıqlı şəkildə işləməli, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan səmərəli metodları özündə cəmləşdirən tövsiyələrlə çıxış etməlidirlər. Tövsiyələr hər bir ölkənin sosial-iqtisadi reallıqlarına uyğun gəlməlidir. İctimai sektorun nümayəndələrinin turizmin davamlı inkişafı naminə həyata keçirdikləri tədbirlər sonda turizm sənayesində fəaliyyət göstərən sahibkarlar üçün də faydalı olacaq.
“İslam həmrəyliyi ili”ndə turizmin davamlı inkişafı naminə həyata keçirilən hər bir tədbir potensial turistlərin cəlb edilməsi üçün əlverişli imkanlar yaradır. Ərəb turistlər üçün viza rejimi sadələşdirilib. Nəticədə Qətər, İraq, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər varlı ərəb ölkələrindən turist axını artıb.
Başqa sözlə, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli sərəncamından sonra ərəb turistlərinin Azərbaycana kütləvi axını başladı. Onların əsas maraqları milli kulinariya, mədəni dəyərlər, müasirlik və qədimliyin vəhdəti, regional turizmin inkişafı, qonaqpərvərlik, sərbəstlik və təhlükəsizlikdir. Ərəb turistləri ölkəmizə daha çox ailələrilə gələrək 5-7 gün qalırlar. Bu, aktiv turizm baxımından müsbət göstəricidir. Çünki qonaq nə qədər uzun müddətə qalsa, bir o qədər çox pul xərcləyir. 2016-cı ildə ərəb ölkələrindən Azərbaycana gəlmiş turistlərin sayı 25 minə çatıb. Ötən il daha çox turist İraqdan gəlib. Onların sayı 11 min 28 nəfərə çatıb. Turist sayına görə sonrakı yeri BƏƏ tutur. Bu ölkədən Azərbaycana 10 min 86 nəfər gəlib. 2015-ci ildə Fars körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayında 57,5 faiz artım baş verib. “Azərbaycan Hava Yolları”, “FlyDubai” və “Qatar Airways”lə Bakıya olan gündəlik reysləri hesablasaq ölkəmiz hər gün 600-1000 ərəb turisti qəbul edir. Turistlərin ölkəmizdəki gündəlik xərcləri 150-200 dollardan başlayır. Ərəb ölkələrindən gələn turistlərin 99 faizi Azərbaycanda olmaqdan məmunluqlarını bildirir və növbəti illərdə də məhz ölkəmizi seçəcəklərini söyləyirlər. 2015-ci il dekabr devalvasiyasından sonra Azərbaycanın turizm sektorunda qiymətlər ABŞ dolları ekvivalentində aşağı düşdü və dəyişmədi. Bu amil ənənəvi olaraq aktiv turizmə stimul yaradır. İnfrastrukturun təkmilləşməsi, iqlim, ərəb ölkələrinin vətəndaşları üçün milli mətbəximizin yaxınlığı, din amili onların özlərini burada rahat hiss etmələri üçün mühüm şərtdir.
Azərbaycanın turizm bazarında rəqabətqabiliyyətliliyi ilə seçilən Qusar rayonundakı “Şahdağ” və Qəbələdəki “Tufandağ” kompleksləri qışda da idmanla məşğul olmaq istəyən ərəb turistləri üçün əsas məkanlardandır. Bu tip obyektlərin inşa edilməsi Azərbaycanın beynəlxalq turizm ölkəsinə çevrilməsinə, bu xidmət növünün müasir insanların turistik tələbatlarının ödənilməsinə, regionlarda yeni iş yerlərinin yaradılmasına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, kənd turizminin inkişafına və region əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə stimul yaradır.
“İslam həmrəyliyi ili”ndə ərəb ölkələrindən olan sahibkarların Azərbaycan turizm bazarına investisiya yatırımı, onların müxtəlif infrastruktur layihələrlə çıxiş etməsi xarici və müştərək müəssisələrin inkişaf dinamikasına əsaslı dərəcədə təsir göstərə bilər. Turizm sahibkarlığının əsas istiqaməti olaraq sahə strukturunun təkmilləşdirilməsi mühüm əhəmiyyətə malikdir. Burada sahə strukturu turizm məhsulunun turizm bazarında tələbat sistemi ilə müəyyənləşir. Eyni zamanda tələbat sistemi ixrac yönümlü yerli resurslara əsaslanan, daha çox sosial əhəmiyyət kəsb edən sahələri özündə birləşdirir.
Beynəlxalq turizm bazarında xidmət keyfiyyəti rəqabət üçün əsas silahdır. Hotellərdə, iaşə müəssisələrində, xidmət sektorunda xidmət peşəkarlığından razı qalanlar onların aktiv təbliğatçılarına çevrilirlər. Bu insanların təkrarən həmin yerlərə baş çəkməsi turist axınının artmasına, eyni zamanda turizm regionlarımızın şöhrətinin daha da yüksəlməsinə səbəb olacaq.
Qlobal iqtisadi böhran iqtisadi inkişafda dayanıqlıq və turizm sektorunda risklərin adekvat idarə olunması vəzifələrini daha da aktuallaşdırmışdır. Orta və uzunmüddətli dövrdə iqtisadiyyatın, məşğulluğun, büdcə və ixrac gəlirlərinin yüksək dərəcədə şaxələnməsinə nail olmaq, bu əsasda ölkədə uzunmüddətli makroiqtisadi dayanıqlığı təmin etmək və yuxarı orta gəlirli dövlətlər qrupuna daxil olmaq qarşıda duran əsas məqsədlərdəndir.
2015-ci ildə ölkədə I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın birinci xanımının sədrlik etdiyi Təşkilat Komitəsi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevaya IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri missiyası da həvalə edilmişdir. İnanırıq ki, bu oyunlar da Avropa Oyunları kimi yüksək səviyyədə keçiriləcək, “İslam həmrəyliyi ili”nə parlaq töhfələr verəcək.
Yalçın KÖÇƏRLİ, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi