A

İmtahan sessiyasının başlaması bir çox tələbədə stres və həyəcanın artmasına səbəb olur. Bu cür tələbələrə psixoloji dəstəyin önəmini nəzərə alaraq, UNEC Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva ilə imtahanlar zamanı stres və həyəcanla mübarizə üsulları haqqında danışacağıq.

Müsahibədə Psixoloji Xidmət Mərkəzi tərəfindən bu istiqamətdə görülmüş işlər, keçirilmiş seanslar və təlimlər haqqında ətraflı söhbət edəcəyik.

- Şəfahət xanım, hazırda UNEC-də imtahan sessiyası dövrüdür. Məlumdur ki, imtahanlar bəzi gənclərdə stres və həyəcan yaradır. İmtahan sessiyası zamanı tələbələr arasında ən çox rast gəlinən psixoloji çətinliklər nələrdir?

- Doğrudur, imtahan dövrü tələbələr üçün çox stresli bir vaxtdır. Ən çox rast gəlinən psixoloji çətinliklər arasında imtahan həyəcanı, vaxtın düzgün idarə edilməməsi, əhval-ruhiyyə dəyişiklikləri və özünə inamın azalması yer alır. Tələbələr adətən imtahanın nəticələri ilə bağlı narahatlıq hissi keçirirlər və bu da onların imtahan verən zaman performanslarına mənfi təsir göstərə bilir. Hətta bu hisslər bəzi tələbələrdə uzun müddətli psixoloji sıxıntılara da yol aça bilir.

- Bu cür vəziyyətlərlə qarşılaşan tələbələrə hansı psixoloji dəstəyi təklif edirsiniz?

- Tələbələrə ən önəmli məsləhətim stresi idarəetmə bacarıqlarını inkişaf etdirməkdir. Biz, Psixoloji Xidmət Mərkəzi olaraq, tələbələrə bir sıra praktik üsullar təklif edirik: dərin nəfəsalma, rahatlama texnikaları, zamanın düzgün idarə olunması və pozitiv düşüncə tərzinin inkişafı. Həmçinin, tələbələrə özlərinə qarşı güvənli olmalarını tövsiyə edirik – mükəmməllik heç vaxt əsas məqsəd olmamalıdır, əsas düzgün hazırlıq və yanaşmadır.

- İmtahan həyəcanı ilə mübarizə üçün ən effektiv üsul nədir?

- İmtahan həyəcanını azaltmaq üçün bir neçə yanaşma mövcuddur. Birincisi, hazırlığa vaxtında başlamaqdır. Tələbələr imtahanın yaxınlaşmasını gözləməkdənsə, gündəlik və həftəlik planlar quraraq, düzgün hazırlıq prosesini təmin etməlidirlər. İkincisi, müntəzəm olaraq dincəlmək və balanslı bir həyat tərzi sürmək çox vacibdir. Yuxusuzluq, qeyri-sağlam qidalanma və davamlı gərginlik həyəcanı artırır. Bütün bunlarla yanaşı, meditasiya və yoqa kimi rahatlama texnikaları da stresin azaldılmasında effektiv üsullardan hesab olunur.

İmtahan dövründə yüksək stres təkcə akademik performansa deyil, həm də ümumi psixoloji sağlamlığa mənfi təsir edir. Konsentrasiya və yaddaş problemlərinə, hətta depressiya əlamətlərinə səbəb ola bilər. Uzun müddətli stres isə immun sistemini zəiflədə və fiziki sağlamlığı da pisləşdirə bilər. Ona görə də stresin idarə edilməsi çox vacibdir. Biz Psixoloji Xidmət Mərkəzi olaraq, tələbələrimizin akademik uğurları ilə yanaşı, həm də sağlamlığına diqqət yetiririk.

Mərkəziniz imtahan dövründə tələbələrə necə dəstək göstərir?

- Mərkəzimizdə 3 psixoloq fəaliyyət göstərir ilboyu tələbələrə fərdi seanslar, streslə mübarizə üsulları ilə bağlı xüsusi təlimlər keçirik. İndiyədək bütün fakültələrdə, eləcə də UNEC nəzdində fəaliyyət göstərən kolleclərdə “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda 100-ə yaxın seminar və praktiki təlimlər keçmişik. Həmçinin tələbələrlə 1500-ə yaxın fərdi seanslarımız olub. Sırf imtahan sessiyası dövründə isə müraciət sayı nisbətən az olur. Bu da tələbələrin imtahanlara hazırlaşdıqları üçün vaxt məhdudiyyəti ilə bağlıdır. 

- İmtahanlara hazırlaşan tələbələrə hansı tövsiyələri verərdiniz?

- Tələbələrə tövsiyəm odur ki, imtahanlara stresdən azad və hazırlıqlı şəkildə yanaşsınlar. Planlı işləmək, düzgün qidalanmaq, kifayət qədər yuxu almaq və rahatlama məşqləri etmək vacibdir. Unutmasınlar ki, hər bir uğursuzluq və ya çətinlik müvəqqətidir və psixoloji dəstək almaq hər zaman mümkündür.

Son olaraq, bir məqamı da vurğulamaq istəyirəm ki, tələbələr heç vaxt psixoloji dəstək almaqdan çəkinməsinlər. Psixoloji sağlamlıq fiziki sağlamlıq kimi çox önəmlidir və həyat keyfiyyətimizi artırır. Biz Psixoloji Xidmət Mərkəzi olaraq, hər zaman yanınızdayıq və dəstək verməyə hazırıq. 

TOP XƏBƏRLƏR