A

AZƏRTAC

İqtisadi müşavirədə Prezident İlham Əliyev faktiki olaraq Nazirlər Kabinetinin iqtisadi blokuna və Mərkəzi Banka makroiqtisadi idarəetmənin təşkili və həyata keçirilməsi ilə bağlı əsas hədəfləri göstərdi. Biz burada dövlətimizin başçısı tərəfindən həm makroiqtisadi vəziyyətin diaqnostikasının dəqiqliklə aparılmasının şahidi olduq, eyni zamanda, ölkə iqtisadiyyatında yaranmış vəziyyətin, dinamikanın, problemlərin düzgün dəyərləndirilməsi konkret hiss edildi. Bu hədəflər makroiqtisadi idarəetmənin yaxın aylarda hansı formatda reallaşdırılmasının vacibliyini göstərdi.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının professoru Elşad Məmmədov deyib.

“Konkret hədəflər iqtisadi artımın sürətləndirilməsi, o cümlədən qeyri-neft sektorunda qabaqlayıcı iqtisadi artımın reallaşdırılması, büdcə siyasətinin başlıca hədəflərinin həm sosialyönümlü, həm investisiyayönümlü, eləcə də bütövlükdə inkişafyönümlü xərclərin büdcədə artırılmasının zəruriliyidir. Eyni zamanda, bu siyasət sözsüz ki, pul-kredit siyasətinin yumşaldılması və real sektorun daha aktiv şəkildə banklar tərəfindən pul-kredit seqmenti maliyyələşdirilməsinin həyata keçirilməsi, həmçinin sosial siyasətin bundan sonra da iqtisadiyyatın inkişafı baxımından ölkədə bütövlükdə sosial iqtisadi siyasət baxımdan prioritet olmasını göstərir. Bu hədəflər faktiki olaraq onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı, eyni zamanda, yaranan və potensial olaraq yarana biləcək problemlərlə bağlı dəqiq diaqnostika mümkündür və vəziyyətin müsbət dinamika üzrə inkişaf etməsi üçün konkret olaraq makroiqtisadiyyatın əsas hədəfləri də göstərildi”, - deyə E.Məmmədov bildirib.

O deyib: “Eyni zamanda, islahatların alternativsizliyi müşavirə iştirakçılarına konkret olaraq çatdırıldı. Dövlətimizin başçısı bu islahatlarda iştirak etməyənlər konkret seçim qarşısında qalacaqlarını bildirdi, islahatlar paketinə tam şəkildə dəstəklə qoşulmağın, islahatların həyata keçirilməsində, onların ardıcıllığında, onların sistemliliyində iştirak etməyin vacibliyini vurğuladı. Ona görə də, burada konkret hədəflər dövlətimizin başçısı tərəfindən müəyyən olunub və bu hədəflərin reallaşması üçün də adekvat makroiqtisadi siyasət reallaşdırmalıdır. Ölkə iqtisadiyyatına əsaslı kapital qoyuluşları, o cümlədən və prioritet olaraq qeyri-neft sektorunda emal dərinliyinə, yüksək texnoloji sektora kapital qoyuluşları, investisiyalar həyata keçirilməlidir. Bununla yanaşı, büdcəyə yenidən baxılmalıdır və büdcə xərcləri mütəmadi şəkildə artırılmalıdır. Çünki, bunun üçün böyük potensial da mövcuddur. Eyni zamanda, biz burada konkret olaraq görürük ki, pul-kredit siyasəti və bank sektoru ilə bağlı narahatçılıqlar dövlətimizin başçısı tərəfindən konkret olaraq açıq şəkildə bildirildi. Bu da onu deməyə əsas verir ki, doğrudan da pul-kredit seqmentində çox ciddi dəyişikliklərə ehtiyac var. Faktiki olaraq biz, Azərbaycan Prezidenti tərəfindən pul-kredit siyasətindəki dəyişikliklərin anonsunun verilməsinin şahidi olduq. Pul-kredit siyasəti kəskin şəkildə yumuşaldılmalı, real sektorun maliyyələşməsi, məhz ölkədə daxili kredit institutunun formalaşması hesabına əsasən reallaşdırılmalıdır”.

E.Məmmədov qeyd edib ki, hədəflər bəllidir və dövlətimizin başçısı tərəfindən müvafiq tapşırıqlar, göstərişlər və siqnallar aidiyyəti qurumlara çatdırılıb: “Əgər həmin qurumlar adekvat olaraq Azərbaycan Prezidentinin verdiyi tapşırıqlar çərçivəsində həmin istiqamətdə və vektor üzrə ölkə iqtisadiyyatının idarə edilməsi prosesini reallaşdıra bilərlərsə, hesab edirəm ki, iqtisadiyyatımızın daha qabaqlayıcı formatda inkişafına, ümumi daxili məhsullun illik ölçüdə 5 və daha yuxarı faizlərlə artımına tam şəkildə zəmin və şərait yaranar”.

 Bakı, 17 oktyabr, Sevda Cəfərova, AZƏRTAC

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay