UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müəllimləri "Ulduz" kursunun abituriyentləri ilə görüş keçiriblər.
Görüşdə kafedranın dosenti Adik Məmmədov və “Ekologiya” ixtisası üzrə ixtisas rəhbəri, i.f.d., baş müəllim Fidan Qurbanova abituriyentlərə UNEC-in üstünlükləri və beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, UNEC QS World University Rankings 2026-da 801–850-ci yerlərə yüksələrək dünyanın ən yaxşı universitetləri sırasına daxil olub və Webometrics reytinqinə əsasən 2025-ci ildə Azərbaycanın 1-ci universiteti seçilib. Bununla yanaşı, müasir tədris imkanları, tələbələr üçün yaradılan şərait, xüsusi təqaüd imkanları, “Sosial iş”, “Ekologiya” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları, eləcə də bu ixtisasların xüsusiyyətləri və cəlbediciliyi abituriyentlərin diqqətinə çatdırılıb.
Sonda abituriyentlərin UNEC-də tədris, əcnəbi vətəndaşların təhsil imkanları və digər mövzularla bağlı sualları cavablandırılıb.