A

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” mövzusunda III Ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı, “SOCAR POLYMER” MMC-nin dəstəyi ilə keçirilən tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin UNEC-dəki büstünü və şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edərək əziz xatirələri yad ediblər, önünə gül dəstələri düzüblər.

Tədbirin açılışında çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev müsabiqənin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirildiyini bildirib. O, mövzunun Qarabağın dirçəldilməsinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən müsabiqəyə 200-ə yaxın elmi məqalənin təqdim edildiyini bildirib. Prorektor məqalələr toplusunun e-kitab formatında hazırlanaraq UNEC-in elektron resurslarında yerləşdiriləcəyini diqqətə çatdırıb.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Şəfa Əliyev müsabiqəyə əvvəlki illərlə müqayisədə marağın iki dəfə artdığıni bildirərək, gənclərin bu sahədə fəallığını yüksək qiymətləndirib. O qeyd edib ki, müsabiqə Qarabağın dirçəldilməsi, işğaldan azad olunmuş ərazilərdə iqtisadi quruculuğun səmərəli mexanizmlərinin araşdırılması və bu prosesin dövlət suverenliyimizin möhkəmləndirilməsində rolunun elmi baxımdan tədqiqinin təşviqinə xidmət edir.

Qeyd olunub ki, müsabiqə çərçivəsində Qarabağın dirçəldilməsinin strateji əhəmiyyəti, Qarabağ iqtisadi rayonunun inkişafında regional və geoiqtisadi əməkdaşlıq, Şuşada mədəniyyət və turizm iqtisadiyyatının prioritetləri, nəqliyyat layihələrinin iqtisadi təhlükəsizliyə təsiri, eləcə də Xankəndi şəhərinin iqtisadi inkişaf modelləri əsas tədqiqat istiqamətləri kimi müəyyənləşdirilib.

Tədbirdə çıxış edən “SOCAR Polymer” MMC-nin maliyyə direktoru Müşfiq Hacıyev qalibləri təbrik edərək, seçilən elmi tədqiqatların Qarabağın dirçəldilməsi prosesinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

İştirakçılar müsabiqənin elmi fəaliyyətin stimullaşdırılması və tədqiqat mühitinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirin sonunda mükafatlandırma mərasimi baş tutub.

Professor-müəllim heyəti, doktorant, magistr və tələbələr üçün iki nominasiyada ilk üç yeri tutan qaliblərə pul mükafatları təqdim edilib. Digər iştirakçılar sertifikatlarla təltif olunub, müsabiqənin təşkilində səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlara isə “Təşəkkürnamə”lər verilib.

Professor-müəllim heyəti üzrə qaliblər

I yer

Yadulla Həsənli – UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, i.e.d., professor, Əməkdar elm xadimi

Günay Rəhimli – UNEC İAETİ-nin elmi işçisi

Məqalə: “Qarabağ iqtisadi rayonunun dirçəldilməsi və iqtisadi-riyazi modelləşdirmə əsasında inkişaf istiqamətlərinin qiymətləndirilməsi”

II yer

Yasin Xəlilov – Bakı Mühəndislik Universitetinin “Dizayn” kafedrasının dosenti

Məqalə: “Şuşa şəhərində mədəniyyət iqtisadiyyatının və turizm sahəsinin prioritet inkişaf istiqamətləri”

III yer

Pərvanə İsmayılova – UNEC Zaqatala filialının İqtisadiyyat və idarəetmə bölməsinin baş müəllimi

Məqalə: “Qarabağın dirçəldilməsində Şuşa şəhərinin turizm potensialı və innovativ inkişaf strategiyası”

III yer

Samirə Ələkbərova – Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Əhali coğrafiyası şöbəsinin müdiri

Məqalə: “Qarabağın məkan bərpası və dayanıqlı inkişaf perspektivləri: işğaldan azad edilmiş ərazilərin iqtisadi-coğrafi potensialının təhlili”

III yer

Şəhla Nəzərova – Bakı Biznes Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının müəllimi

Məqalə: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı və heyvandarlıq tullantılarından bioenerji istehsalının əsas perspektivləri”

Doktorant, magistr və tələbə heyəti üzrə qaliblər

I yer

İmran Kəbərlinskiy – UNEC Rus İqtisad Məktəbinin IV kurs tələbəsi

Məqalə: “Приоритетные направления развития экономики культуры и сферы туризма в г. Шуша”

II yer

Vasif Əsgərov – UNEC-in doktorantı

Əli Ömərli – UNEC-in magistri

Məqalə: “Qarabağ iqtisadi rayonunun bərpasının Azərbaycanın iqtisadiyyatına reinteqrasiya istiqamətlərinin statistik qiymətləndirilməsi: kənd təsərrüfatı nümunəsində”

III yer

Nigar Cəfərli – ADNSU-nun bakalavr tələbəsi

Məqalə: “Suveren Azərbaycanın Qarabağ siyasəti: strateji yanaşmalar və perspektivlər”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay