UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, fizika üzrə elmlər doktoru, Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu xarici jurnallarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifi, professor Rövnəq Rzayev elmi araşdırmaları, yüksək elmi potensialı ilə seçilən alimlərdəndir.
Rövnəq müəllimin xarici və kristaldaxili amillərin nadir torpaq elementləri ilə aşqarlanmış laylı quruluşlu n-InSe və p-GaSe monokristallarının elektron xassələrinə təsiri ilə bağlı apardığı elmi tədqiqatlar, yarımkeçiricilər fizikası sahəsində fundamental araşdırmalar, beynəlxalq qrant layihələrində qazandığı zəngin təcrübə və gənc tədqiqatçıların elmi inkişafına verdiyi xüsusi diqqət onun elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Rövnəq Rzayevlə müsahibəmizdə onun elmi fəaliyyət yolu, xarici universitetlərdə apardığı tədqiqatlar və beynəlxalq əməkdaşlıqlar, elmi-tədqiqat mühitinin inkişafına verdiyi töhfələr, gənc alimlərə tövsiyələri, eləcə də UNEC-də elmi fəaliyyətin səmərəli təşkili istiqamətində son illərdə atılan mühüm addımlar haqqında geniş söhbət açmışıq.
- Rövnəq müəllim, elmi ezamiyyət çərçivəsində xarici universitetdə apardığınız tədqiqatlar və qazandığınız təcrübə sizin elmi yanaşmanıza hansı yenilikləri gətirdi?
- İlk növbədə bu imkanı yaratdığı üçün UNEC rəhbərliyinə dərin təşəkkürümü bildirmək istərdim. Bildiyiniz kimi, mənimlə birlikdə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosent Tural Nağıyevin elmi ezamiyyəti 05–19 dekabr 2025-ci il tarixlərində Belçikanın ən böyük və aparıcı ali təhsil müəssisələrindən biri olan Gent Universitetində baş tutdu. Tədqiqatlarımız həmin universitetin Bərk Cisim Elmləri Departamentində həyata keçirildi.
Əsas məqsədimiz UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzində sintez etdiyimiz nanomaterial nümunələrinin bir sıra fundamental və tətbiqi fiziki xassələrinin öyrənilməsi idi.
Səfər proqramının məhz Gent Universitetində təşkil olunması təsadüfi deyildi. Belə ki, sintez etdiyimiz nümunələrin bəzi xassələrinin tədqiqi üçün zəruri olan yüksək dəqiqlikli və kompleks eksperimental qurğular hazırda Azərbaycanda ya mövcud deyil, ya da istifadəsi kifayət qədər məhduddur. Bu baxımdan həmin təcrübələrin Gent Universitetində aparılması bizim üçün böyük elmi üstünlük yaratdı.
Ezamiyyət müddətində müxtəlif xassələrə malik nümunələr üzərində qısa zaman ərzində kompleks və çoxşaxəli tədqiqatların aparılması zərurəti yarandı. Bu isə elmi yanaşmamızda daha sistemli planlaşdırma, prioritetlərin düzgün müəyyənləşdirilməsi və nəticəyönümlü düşüncə tərzinin formalaşmasına səbəb oldu. Əldə etdiyimiz nəticələr sintez etdiyimiz materialların gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də onların real tətbiq potensialının qiymətləndirilməsi baxımından olduqca dəyərli məlumatlar verdi.
- Xarici universitetlərdə müşahidə etdiyiniz elmi mühit və tədqiqat mədəniyyəti ilə ölkəmizdəki mövcud vəziyyət arasında hansı əsas fərqləri qeyd edərdiniz?
- Gent Universitetində müşahidə etdiyimiz elmi mühit və tədqiqat mədəniyyəti bir neçə mühüm xüsusiyyəti ilə seçilirdi. İlk növbədə, elmi düşüncə və tədqiqat bacarıqları burada yalnız universitet mərhələsində deyil, artıq məktəb yaşlarından formalaşdırılır. Gent şəhərinin demək olar ki, bütün ərazisində universitetin binaları yerləşir və universitet mütəmadi olaraq azyaşlı orta məktəb şagirdləri üçün müxtəlif elmi istiqamətlər üzrə sərgilər təşkil edir. Bu sərgilərdə uşaqlar təkcə müşahidəçi olmur, eyni zamanda tələbə və tədqiqatçılarla birgə praktik təcrübələr aparırlar.
Ali təhsilin bakalavr və magistr pillələrində təhsil tam şəkildə tədqiqat yönümlüdür. Dərslər əsasən tədqiqat laboratoriyalarında keçirilir, buraxılış və dissertasiya işləri real elmi mühitdə icra olunur. Aparılan hər bir tədqiqat işi mütləq şəkildə kollektiv müzakirələrdən keçir ki, bu da gənc tədqiqatçıların elmi məsuliyyətini və analitik düşüncəsini gücləndirir.
Digər mühüm məqam kollektivlik və əməkdaşlıq mühitidir. Tədqiqat apardığımız departament yüksək səviyyəli maddi-texniki bazaya malik olmaqla yanaşı, müxtəlif tədqiqat qruplarının bir-biri ilə sıx əlaqədə çalışması ilə seçilirdi. Tədqiqat spektri geniş olsa da, bütün komanda vahid məqsəd ətrafında koordinasiyalı fəaliyyət göstərirdi. Bu yanaşma qısa müddətli ezamiyyətimiz zamanı bizə də tətbiq olundu və hər kəs maksimum nəticə əldə etməyimiz üçün səmimi dəstək göstərdi.
- Bu təcrübənin UNEC-də elmi-tədqiqat mühitinin inkişafına hansı real töhfələri verə biləcəyini düşünürsünüz?
- Bu elmi ezamiyyətin UNEC üçün bir neçə istiqamətdə real və uzunmüddətli töhfələri olacaq. İlk növbədə, UNEC ilə Gent Universiteti arasında formalaşmış qarşılıqlı əlaqələr gələcəkdə daha sistemli əməkdaşlıqlara zəmin yaradır. Gent Universitetində aparılmış tədqiqatların nəticələri həmin universitetin tədqiqatçıları ilə birgə həmmüəlliflik əsasında yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunacaq.
Bununla yanaşı, birgə qrant layihələrinin hazırlanması, doktorantların elmi işlərinin icrasında Gent Universitetinin maddi-texniki bazasından istifadə edilməsi, elmi jurnalların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq üçün real imkanlar yaranmışdır. Bu isə UNEC-də elmi tədqiqat mühitinin beynəlxalq standartlara uyğun inkişafına ciddi töhfə verəcəkdir.
- Sizcə, Azərbaycanda elmin inkişafı üçün hazırda ən vacib məsələlər hansılardır və hansı sahələrdə boşluqlar daha çox hiss olunur?
- Hazırda Azərbaycanda elmin inkişafı üçün ən vacib məsələlərdən biri, xüsusilə fundamental və tətbiqi elmlər sahəsində, güclü və müasir maddi-texniki bazanın formalaşdırılmasıdır. Real tətbiqə yönəlmiş elmi tədqiqatlar yüksək səviyyəli laboratoriya infrastrukturu, müasir ölçmə və analiz avadanlıqları tələb edir. Avropa və Amerika universitetləri və elmi-tədqiqat institutları ilə müqayisədə bu sahədə mövcud fərq kifayət qədər böyükdür və bu da bir çox perspektivli tədqiqatların ölkə daxilində aparılmasını məhdudlaşdırır.
Lakin məsələ yalnız avadanlıq çatışmazlığı ilə məhdudlaşmır. Digər mühüm boşluqlardan biri elmi seminar və müzakirə mədəniyyətinin yetərincə institusionallaşmamasıdır. Bir çox hallarda tədqiqatlar fərdi şəkildə aparılır və əldə olunan nəticələr geniş elmi müzakirələrdən keçmir. Halbuki inkişaf etmiş elmi mühitlərdə müntəzəm elmi seminarlar, açıq təqdimatlar və interdisiplinar müzakirələr tədqiqat prosesinin ayrılmaz hissəsidir.
Bundan əlavə, elmi tədqiqatların məqsədli və tətbiqyönümlü planlaşdırılmaması da hiss olunan problemlərdəndir. Elmi istiqamətlər real sənaye, iqtisadiyyat və dövlət ehtiyacları ilə kifayət qədər əlaqələndirilmir. Eyni zamanda, elmi düşüncə və tədqiqat bacarıqlarının formalaşdırılmasına erkən yaşlardan başlanılması xüsusi əhəmiyyət daşıyır.
- Elmi tədqiqatların daha səmərəli, praktik və konkret problemlərin həllinə yönəlməsi üçün nə kimi dəyişikliklərə ehtiyac var?
- Fikrimcə, bu istiqamətdə bir neçə əsas dəyişiklik vacibdir. İlk növbədə, tədqiqat mövzuları real sektor və istehsalatla daha sıx əlaqələndirilməlidir. Hazırda bir çox dissertasiya və tədqiqat mövzuları abstrakt xarakter daşıyır və sənaye ehtiyacları ilə uzlaşmır.
Universitet-sənaye əməkdaşlıq proqramlarının yaradılması, dövlət və özəl sektorun birgə tədqiqat layihələrinin təşviqi, texnopark və innovasiya mərkəzlərinin fəaliyyəti bu problemin həllində mühüm rol oynaya bilər. Nəticə-əsaslı maliyyələşmə modeli, startap və spin-off layihələrinə dəstək mexanizmləri də tədqiqatların praktik yönümünü gücləndirir. Bu baxımdan UNEC-də artıq üçüncü ildir həyata keçirilən daxili qrant müsabiqələri olduqca müsbət təşəbbüsdür.
- Rövnəq müəllim, xarici təcrübəyə əsaslanaraq, elmi fəaliyyətin keyfiyyətinin artırılması üçün universitetlərdə hansı mexanizmlər tətbiq olunmalıdır?
- Bu sahədə bir neçə vacib məqamı qeyd etmək olar. Nəticə-əsaslı qiymətləndirmə sisteminin tətbiqi xüsusilə faydalıdır. Bir çox ölkələrdə tədqiqatçılar yalnız məqalə sayı ilə deyil, təsir göstəriciləri ilə qiymətləndirilir. Buraya yüksək impakt-faktorlu jurnallar, patentlər, texnologiyalar, kommersiyalaşdırma nəticələri, sənaye ilə əməkdaşlıq, sitat indeksləri və tətbiq olunan layihələr daxildir. Bu sistem tədqiqatçıları daha keyfiyyətli nəticələrə yönəldir.
Xaricdə universitetlər istehsalat müəssisələri ilə birgə tədqiqat laboratoriyaları, doktorantura proqramları və dövlət qurumları ilə layihələr həyata keçirirlər. Bu yanaşma tədqiqat mövzularının real problemlərlə əlaqələndirilməsinə, məzunların əmək bazarına inteqrasiyasına və universitetlərin əlavə maliyyə mənbələri əldə etməsinə imkan yaradır.
Bundan əlavə, tədqiqat etikasına xüsusi önəm verilir. Plagiatizmə nəzarət mexanizmləri, elmi etik kodekslər, məlumatların düzgün saxlanılması və istifadəsi standartları tətbiq olunur. Keyfiyyətli tədqiqat mühiti yalnız tədqiqatçılar üçün deyil, tələbələr üçün də yaradılmalıdır. “Research-based learning” modeli, tələbə tədqiqat qrupları, yarışlar, hackathonlar və tələbə startapları bu baxımdan mühüm rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, bu istiqamətlərin əksəriyyəti hazırda UNEC-də uğurla həyata keçirilir.
- Gənclərin elmə və tədqiqata marağının artırılması üçün hansı təşviq və dəstək mexanizmləri daha effektiv ola bilər?
- Gənclərin elmə və tədqiqata marağını artırmaq üçün ən səmərəli yanaşma erkən yaşlardan elmi-tədqiqat yönümlü fəaliyyətlərin təşkili, universitet mərhələsində mentorluq və tədqiqat qruplarına qoşulma imkanlarının yaradılmasıdır. Bununla yanaşı, qrantlar, startap layihələri, təcrübə proqramları və beynəlxalq layihələr vasitəsilə maddi və peşəkar dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır. Elmi karyera yollarının aydın təqdim edilməsi, sənaye ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və mükafatlandırma mexanizmləri də motivasiyanı artırır. Ən effektiv model isə maddi dəstək, mentorluq, tətbiq imkanı və ictimai tanınmanın birlikdə olduğu elmi ekosistemin qurulmasıdır.
- Sizcə, ölkədə elmi tədqiqat mühitinin formalaşmasına mane olan əsas çətinliklər nələrdir və bunların aradan qaldırılması üçün nə etmək lazımdır?
- Bu məsələyə o qədər də pessimist yanaşmıram. Xüsusilə son illərdə gənclər üçün yaradılan imkanlar ölkəmizdə elmi mühitin formalaşmasına və inkişafına real təkan verməyə başlayıb. Bu prosesin daha da sürətlənməsi üçün elmi tədqiqatlara maliyyə dəstəyinin artırılması, universitet–sənaye əlaqələrinin inkişaf etdirilməsi, tədqiqatçıların motivasiya və karyera perspektivlərinin aydınlaşdırılması, müasir laboratoriya infrastrukturlarının yaradılması, elmin ictimai imicinin gücləndirilməsi və beynəlxalq elmi şəbəkələrə inteqrasiyanın genişləndirilməsi vacibdir.
- Sizin qarşıdakı illərdə UNEC-də elmi tədqiqatların inkişafı ilə bağlı gözləntiləriniz və şəxsi elmi hədəfləriniz nələrdir?
- Qarşıdakı dövr üçün əsas hədəflərimiz elmi tədqiqat nəticələrinin tətbiqə çıxarılması və sənaye ilə əməkdaşlıq imkanları yaradan nəticələrin əldə olunmasıdır. Bunun üçün UNEC-də qəbul olunmuş doktorantlar və tədqiqatçılarla birgə elmi fəaliyyətin intensivləşdirilməsi, universitetimizin həm ölkə daxilində, həm də dünyanın aparıcı elm və təhsil müəssisələri ilə sıx əməkdaşlıqlarının qurulması başlıca məqsədlərimizdəndir.
- UNEC-də elmi fəaliyyətin səmərəli olması istiqamətində son illərdə atılan hansı addımları daha effektiv hesab edirsiniz və bu addımların real nəticələri nədən ibarətdir?
- Ölkəmizdə elmi fəaliyyətin səmərəli təşkili istiqamətində məhz UNEC-də görülən işlər açıq şəkildə nəzərə çarpır və həqiqətən də təqdirəlayiqdir. UNEC bu gün Azərbaycanda elmin inkişafına ən ciddi yatırım edən, xüsusilə gənclərin elmə cəlb olunmasını təşviq edən aparıcı universitetlərdən biridir.
Buna misal olaraq, elmi tədqiqat fəaliyyətini əsas götürən diferensial əməkhaqqı sisteminin tətbiqini, elmi tədqiqatlarla intensiv məşğul olaraq konkret nəticələr əldə edən əməkdaşlara tədqiqatçı statusunun verilməsini və bununla əlaqədar əməkhaqqında ciddi stimullaşdırmanın aparılmasını, daxili qrant layihələrinin elan edilməsini, tələbə startap layihələri vasitəsilə tələbələrin innovativ ideyalarının maddi dəstəklə stimullaşdırılmasını göstərmək olar.
Eyni zamanda, mühəndislik və tətbiqi elmlər üzrə tədris və tədqiqat fəaliyyətinin effektiv təşkili üçün daimi dəstəyin göstərilməsi, yeni laboratoriyaların qurulması və mövcud laboratoriyaların mütəmadi olaraq təkmilləşdirilməsi UNEC-də elmi mühitin inkişafına xidmət edən mühüm addımlardandır.
Bu gün UNEC ölkəmizdəki digər ali təhsil və elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlığa çağırış edir, elmi tədqiqatçıların birgə kollaborasiyası vasitəsilə Azərbaycanda elmin inkişafına ciddi töhfələr verməyi hədəfləyir. UNEC-də tədqiqatçıların stimullaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də dünya reytinqlərində “TOP 500”də yer alan ali təhsil müəssisələrində elmi tədqiqat aparmaq üçün dəvət olunan əməkdaşların UNEC-dəki əməkhaqlarının 100% saxlanılmaqla ezam olunmalarına şərait yaradılmasıdır.