A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Meqa fakültədə keyfiyyətli təhsilin strateji hədəfləri” mövzusunda dəyirmi masa keçirilib.

Mövzunun əhəmiyyətindən danışan dekan dos. Mirağa Əhmədov bildirib ki, meqa fakültənin strateji hədəflərinin müəyyənləşdirilməsi tədrisin keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi zərurətindən irəli gəlib. M.Əhmədov qeyd edib ki, hədəfləri müəyyən edərkən tədrisin keyfiyyətinin müasir dünya təcrübəsi səviyyəsinə yüksəldilməsi, müəllim-tələbə münasibətləri, iş dünyasının tələblərinə cavab verən kadr hazırlığı əsas götürülməlidir. Fakültə dekanı təhsilin keyfiyyətində çox kriterialı qiymətləndirmə modelinin tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov nümunəvi fakültə modelinin formalaşmasında elmi fəaliyyətin rolundan danışıb. Bildirib ki, Biznes və menecment fakültəsinin tərkibində güclü kafedralar fəaliyyət göstərir. Z.Məmmədov həmin kafedraların elmi tədqiqatlar aparması üçün lazımi şəraitin yaradılması, elmi faəliyyətlərinə dəstək, aparılan elmi tədqiqatların istehsalatda tətbiqi, tədqiqat mövzularının müəyyənləşdirilməsi, beynəlxalq nüfuza malik elmi jurnallarda məqalələrin nəşr olunması üçün tədqiqatçı alimlərə lazımi dəstək göstəriləcəyini vurğulayıb. UNEC professoru kafedraların elmi potensialından istifadə edərək fakültə nəzdində “Biznes və ictimaiyyət” adlı elmi nəşrin çap olunmasını təklif edib.

Dəyirmi masada təhsilin strateji hədəflərini müəyyənləşdirmək məqsədilə təkliflər səsləndirilib. Kafedralarda aparılan elmi-tədqiqat işlərini ölkə iqtisadiyyatının inkişafının prioritet sahələrinin tədqiqinə yönəltmək, keyfiyyəti düzgün qiymətləndirmək üçün yeni tərkibdə işçi komissiyanın yaradılması təklif edilib.

Tədbirdə iqtisadi prosesləri sistemli tədqiq etmək, ekonometrik modelləşdirmə və proqnozlaşdırma bacarıqları formalaşdırmaq üçün ekonometrika fənninin tədrisi ilə bağlı, beynəlxalq təcrübənin öyrənildiyi, yeni fənn proqramları, dərslikər və test bankının hazırlanması üzrə əməli işlər aparıldığı da qeyd edilib.

Dəyirmi masada “Gənc biznesmenlər” klubunun yaradılması və onların debatlara cəlb edilməsi barədə təklif irəli sürülüb.Sonda meqa fakültədə keyfiyyətli təhsilin strateji hədəflərini müəyyən edəcək müzakirələrin davamlı keçirilməsi qərara alınıb.

TOP XƏBƏRLƏR