A

AZƏRTAC

Azərbaycanın savadlı gəncləri ölkəmizdə olduğu kimi dünyanın bir çox yerində öz tədqiqatları, bilik və bacarıqları ilə seçilirlər. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin doktorantı Nicat Muradzadə Azərbaycanın yaşıl iqtisadiyyata institusional keçidini araşdırır. Onun yaşıl iqtisadiyyata həsr olunmuş tədqiqatı həm mövzusuna, həm də nəzəri-metodoloji quruluşuna görə Azərbaycan üzrə bu sahədə ilk araşdırma hesab olunur. Nicat Muradzadə 2022-ci ildə Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə birinci sırada, 2021-ci ildə Türkiyənin İstanbul Universitetinin “Biznes və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə ilk üçlükdə bitirib. O, 2022-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda isə UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbər müavini olaraq tədqiqatlarını davam etdirir. 2 kitab, 5 elmi məqalə, 2 konfrans materialının və çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.

Azərbaycanın yaşıl iqtisadiyyata keçidi, ölkənin bu sahədə gələcək potensialı, keçiriləcək COP29-un ölkəmiz üçün faydaları ilə bağlı danışan Nicat Muradzadənin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Hazırda Azərbaycanda yaşıl iqtisadiyyata keçid hansı xüsusiyyətlərlə səciyyələnir?

- Ümumiyyətlə yaşıl iqtisadiyyatın əsas hədəflərindən biri iqtisadi artımla ekoloji balansın simibiyotik vəhdətini təşkil etməkdir. Yəni sosial rifahı təşviq edərkən davamlı və ekoloji cəhətdən təmiz həllər yaratmaq burada əsas prioritetdir. Ölkədə resurs effektivliyi, bərpa olunan enerjinin istehsalı və ondan istifadənin stimullaşdırılması, yaşıl davranış tərzinin bərqərar edilməsi, dairəvi iqtisadiyyat quruculuğu, habelə karbon emissiyalarının azaldılması istiqamətində həm qanunverici, həm də icra orqanı səviyyəsində görülən işlərin mövcud həcmi yaşıl iqtisadiyyata keçidin intensivləşməsindən xəbər verir. Hazırkı keçid prosesinin başlanğıc nöqtəsi isə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan tərəfindən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ratifikasiya edilməsinə və 2000-ci ildə bu Konvensiyaya əlavə olunan Kioto protokolunun imzalanmasına söykənir. Sonrakı illərdə qəbul olunmuş strateji sənədlər və institutlaşma dövlətimizin bu sahədəki mütərəqqi niyyətinin təzahürüdür.

Xüsusilə qeyd etmək istərdim ki, 2010-cu ilin Prezident İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunması, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, "Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti, Balaxanı Eko-Sənaye Parkı kimi dövlət orqanlarının formalaşdırılması, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi sənədlərin qəbulu olduqca təqdirəlayiqdir. Yaşıl iqtisadiyyata keçidin son 5 ildəki əsas hərəkətverici qüvvələrindən biri isə uzun illər ekosidə məruz qalmış Qarabağın ölkə Prezidentinin təşəbbüsü ilə yaşıl əsaslarla yenidən qurulması oldu. Yəni bu proses bütövlükdə Azərbaycanda yaşıl iqtisadiyyata keçid kontekstində narrativ quruculuğu baxımından ciddi əhəmiyyət kəsb edir. Azərbaycanla bağlı digər bir unikal məqam isə onun həm qlobal gündəlikdə yer alan məsələlərə uyğun iqtisadi istiqamətlərini müəyyənləşdirməsi, həm də bu qlobal gündəliyə təsir edə bilməsidir. Məsələn, Azərbaycanın Avropaya yaşıl enerji ixracatı, bütövlükdə ölkəmizin gələcəkdə yaşıl enerji dəhlizinə çevrilməsi, COP29 kimi dünya miqyasında müstəsna əhəmiyyətə malik bir tədbirin Azərbaycanda keçirilməsi əvvəldə qeyd etdiyim məqamın bariz nümunələridir.

- Yaşıl iqtisadiyyat baxımından Azərbaycanın gələcək potensialını necə qiymətləndirirsiniz?

- Fikrimcə, bizim yaşıl iqtisadiyyat çərçivəsində potensialımız gələcək illərdə artan trendlə davam edəcək. Bunu nəzərə alaraq yeni yaşıl iqtisadi trayektoriyaların yaradılması da olduqca vacibdir. Dövlətin satınalmalarda karbon izini nəzərə almağa başlaması, yaşıl kreditləşmə, yaşıl vergilərin tətbiqi və bu qəbildən olan digər beynəlxalq praktikanın da yerli şərtlərə uyğunlaşdırılaraq proseslərə inteqrasiyası yaşıl gündəliyə əhəmiyyətli dərəcədə töhfə verə bilər. Dövlət-biznes münasibətləri kontekstində, konkret olaraq vergi istiqamətində karbon emissiyası vergisi ilə yanaşı, həvəsləndirici vergi güzəştləri də nəzərdə tutula bilər. Əslində, qeyd etdiyim məqam Böyük Britaniyada “Enterprise Investment Scheme” adlanan bir vergi güzəşti proqramı əsasında tətbiq olunur. Mahiyyət etibarilə, proqram birjada yer almayan və bir qədər riskli fəaliyyət kateqoriyasında olan kiçik lakin potensiallı bizneslərə investisiya və strateji qəyyumluq edən daha böyük şirkətlərə vergi güzəştlərinin verilməsini nəzərdə tutur. Bu proqramın yaşıl iqtisadiyyat fokuslu Azərbaycan analoqu yaşıl startapların həndəsi silsilə ilə artmasına və onların ölkə sərhədlərindən kənardan da investisiyalar cəlb edərək qlobal unikornlara çevrilməsinə rəvac verə bilər.

Bunlarla yanaşı, yaşıl keçid praktikalarının təşkili və idarə olunması üçün ali təhsil müəssisələrinin inzibati aparatlarında “Yaşıl ofis”lərin yaradılması, onların dayanıqlı inkişaf hesabatlarının ardıcıl dərc olunması da zərurət kimi meydana çıxır. Universitetlər həm də məsuliyyətli istehlak və istehsal vərdişlərinin yayılması üçün kurikulumlarda “yaşıl dərslər”in təmsilçiliyini artıra, xaricdən “know-how” transferini stimullaşdırmaq, o cümlədən mövcud insan resursuna yaşıl səriştələr aşılamaq üçün əcnəbi universitetlərlə birgə dövlət və özəl sektor üçün yaşıl sertifikasiya proqramlarının təklif olunması istiqamətində çalışa bilərlər. Yaxın mənzildə intellektual kapital axını təmin etmək üçün dövlət qurumları, universitetlər, biznes təşkilatları səviyyəsində hal-hazırda Azərbaycandan kənarda yaşıl iqtisadiyyat sahəsində fəaliyyət göstərən azərbaycanlı tədqiqatçı və elm xadimləri ilə əməkdaşlıqların qurulmasını labüd hesab edirəm.

- “Yaşıl enerji” ixracatı Azərbaycana strateji nöqteyi-nəzərdən nə vəd edir?

- Azərbaycanın ciddi bərpaolunan enerji potensialı mövcuddur. Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çox olmaqla yanaşı, Xəzərin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu imkanların fonunda Avropaya yaşıl enerji ixracatı yaşıl iqtisadiyyata keçid kontekstində dövlətimiz üçün prioritet təşkil edir. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birgə elektrik enerjisinin ixracına imkan verəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 qiqavat yaşıl enerjinin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub. Əgər hazırda Azərbaycan Avropaya hidrokarbon ixrac edən ölkə kimi tanınırsa, güman edirəm ki, yaxın onillikdə bu status enerji ixracatçısı olaraq transformasiyaya uğrayacaq. Bu səpkidəki irəliləyişlər Mərkəzi Asiyadakı potensialı da nəzərə aldıqda ölkəmizi yaşıl enerji dəhlizinə çevrilməsinə şərait yaradır. Çünki Azərbaycan hazırda Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Avropa və Asiya arasında yaşıl enerjinin transferi üçün infrastruktur quruculuğuna fokuslanıb. Dünya miqyasında gedən iqtisadi transformasiyanı da nəzərə aldıqda, əlbəttə ki, bu strateji addımlar orta və uzun mənzildə ölkəmizi yaşıl haba çevirərək çox ciddi iqtisadi və siyasi dividendləri gətirəcək.

- İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin yaşıl əsaslarla aparılması Azərbaycanın yaşıl gündəliyinə necə töhfə verir?

- “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” çərçivəsində Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında "yaşıl enerji" zonalarının yaradılmasını hədəfləyib. Qeyd etdiyim bölgələrdə günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. 2021-ci ildən isə artıq 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. Təsadüfi deyil ki, işğaldan azad edilən ərazilərdə yaşıl enerji layihələrinə investisiya yatırmağa Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Çinin “Gezhouba Group” şirkətləri tərəfindən böyük maraq göstərilir.

Digər vurğulanmalı məqam isə qısa müddətdə bölgənin infrastrukturunun yaşıl əsaslarla formalaşdırılması üçün atılan məqsədyönlü addımların artıq öz nəticəsini göstərməsidir. Belə ki, Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi ilə "Böyük qayıdış" prosesinə start verildi. Kənddə küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartlarının tətbiqi gələcəkdə Azərbaycanın digər bölgələrində aparılacaq şəhərsalma və planlama işləri üçün mütərəqqi bir presedent təşkil edəcək. Ümumiyyətlə düşünürəm ki, Qarabağdakı proses tədricən ölkə miqyasında özünü büruzə verməyə başlayacaq və biz digər regionlarda da yaşıl infrastruktur quruculuğunun daha da intensivləşdiyini müşahidə edəcəyik. Quruculuq baxımından son olaraq qeyd etmək istərdim ki, işğaldan azad olunmuş ərazilərin total formada yaşıl əsaslarla bərpası dünyada ilk dəfə Azərbaycan tərəfindən aparılır. Yəni ölkəmizin bu sahədə öncülük edərək uğurlu bir “Azərbaycan keysi” ortaya qoyduğunu demək mümkündür.

- Azərbaycanda keçiriləcək COP29-u necə dəyərləndirirsiniz?

- COP iqlim hərəkatını sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrindən birində keçirilən mötəbər bir tədbirdir. Dubayda keçirilən COP28-də təxminən 70-80 min insanın iştirak etdiyini nəzərə alsaq, bu tədbirin qlobal miqyasda çox ciddi təsir yaratdığı şübhəsizdir. Bu baxımdan, COP29-un ölkəmizdə keçirilməsi indiki fazada Azərbaycanın yaşıl iqtisadiyyata keçid istiqamətində atdığı düşünülmüş addımların kulminasiya nöqtəsi kimi də qiymətləndirilə bilər. Tədbir Azərbaycana əvvəldə də qeyd etdiyim kimi qlobal gündəliyə töhfə vermək üçün əvəzsiz imkanlar təmin edir ki, bu da onun əsas əhəmiyyətli aspekti kimi önə çıxır. Digər bir məqam isə tədbir iştirakçılarının Azərbaycanın Qarabağdakı yaşıl bərpa və quruculuq işləri ilə tanışlığı üçün şəraitin yaranmasıdır. COP29-un ölkədaxili gündəliyə də çoxsaylı təsirlərinin olacağı qənaətindəyəm. Tədbirdən öncə və sonra baş tutacaq müzakirələr sayəsində vətəndaşlar ətraf mühit, məsuliyyətli istehlak və istehsal, enerji səmərəliliyi və s. kimi mövzularda daha da maariflənərək Azərbaycanın yaşıl keçidində daha fəal iştirak edəcəklər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay