A

iqtisadiyyat.az

"Ali təhsil müəssisələri akademik komissiyalara,gənc əməkdaşlara və kömək tələb olunan sahələrə az vaxt sərf edirlər". 

Bu sözləri iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Əməkdar müəllim"i Zahid Məmmədov İqtisadiyyat.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Zahid bəy, elmi kommunikasiyada hansı nüanslar vacibdir?

- Bu gün bilik uğrunda mübarizə zəmanəmizin əlamətdar xüsusiyyətlərindən birinə çevrilib. Dünyada on milyona yaxın şəxs elmi tədqiqat sferasında çalışır. Bu gün elmi nailiyyətlərin işıqlandırılması və əlçatanlığını təmin etmək üçün geniş elmi biliklərə, elmi nəticələrin əhəmiyyətini geniş xalq kütləsinə, daha doğrusu, vergi ödəyicilərinə izah etmək xüsusi istedad tələb edir. Qeyd edim ki, elmi kommunikasiya son dərəcə vacibdir və elmi biliklər, ilk növbədə, insanların geniş təbəqəsinin marağına yol açır. Elmi kommunikasiya elmi cəhətdən düzgün olmalı və müasir vizuallaşdırma vasitələrindən istifadə etməklə, topluma düzgün çatdırılmalıdır.

- Pedaqoqla təlimçinin fərqi nədədir?

- Təlimçilərdən fərqli olaraq, universitet müəllimləri adətən özünün elmi tədqiqatlarını tələbələrin ictimai müzakirəsinə təqdim edir. Pedaqoq və təlimçi arasındakı bir çox fərqlər var. Pedaqoq fənni tədris edir, təlimçi isə mövzunu praktiki izah edir. Pedaqoq nəzəri bilikləri izah edir, təlimçi iş fəaliyyətində bilavasitə istifadə edilən temaları izah edir. Pedaqoq fərdin nəzəri biliklərini, təlimçi isə bacarığını inkişaf etdirir. Pedaqoq elm tutumlu izah edir və kursu uzun müddətdə bitirir, təlimçi praktiki tutumlu izah edir və kursu qısa müddətdə bitirir. Pedaqoq məzunlara diplom verir, təlimçi isə iştirakçılara sertifikat verir. 

- Universitetlərin elmi fəaliyyətində hansı problemlər var?

- Problemlərdən biri budur ki, elmi-tədqiqatların nəticələri tədris prosesinə zəif inteqrasiya olunur. Universitetlərdə elmi-pedaqoji kadr potensialı və hazırlığı müasir tələblərə istənilən səviyyədə cavab vermir. Universitetlərdə müəllimlik missiyası üstünlük təşkil edir. Ali təhsil müəssisələrində vəzifələrin strukturu dəyişməz olaraq qalır, yəni fəlsəfə doktoru dərəcəsi qazanmayan müəllimlər pensiya yaşınadək baş müəllim kimi işləyə bilir və əmək pensiyasına bu rütbədə çıxır. Akademik bazarın fəaliyyət göstərməsi rəqabət təzyiqinin olmamasına şərait yaradır.

Bundan başqa, ingilis dilinin üstünlüyü müəyyən şəraitdə alimlərimizin yüksək H-indeksinə malik olmasını çətinləşdirən başqa bir maneəyə çevrilir. Akademik ictimaiyyətin əksər nümayəndələri artıq bu fikirdədirlər ki, dünyada elmi nəşrlərin keyfiyyəti əvəzinə, onların miqdarına daha çox üstünlük verilməkdədir. Belə ki, dərs demə yükləri daim artır, tələbələrin sayı çoxalır, əksər müəllimlər üçün elmi tədqiqatlar ön plana çıxır və tədris ikinci dərəcəli işə çevrilir. 

- Universitetlərdə yeniliklərə ehtiyac varmı?

- Bəli, bu gün ciddi dəyişikliklərə ehtiyac var. Çünki universitetlər artıq kooperativ şirkətlərə dönüblər. Bu baxımdan aparılan elmi-tədqiqatlı nəticələr kommersiyalaşmalıdır. Yəni elmi tədqiqatlı araşdırmalara görə qonarar verilməlidir. Biz vətəndaşlarımızın gələcəkdə bilikli, savadlı və peşəkar kadr kimi formalaşmasına dəstək olmalıyıq. 

- Universitetlərdə elmi-tədqiqat texnika və texnologiyasını mənimsəmək üçün nə etmək lazımdır?

- Bakalvr pilləsində “Elmi tədqiqatın əsasları” fənninin tədrisi, magistratura pilləsində “Elmmetrika” fənninin tədrisi və doktorantura pilləsində “Elmi- tədqiqatların kommersialaşması” fənninin tədrisinə ehtiyac var. Bunları bilmədən elmi tədqiqat işini hazırlamaq mümkün deyil. 

- Məlumdur ki, tələb təklifi formalaşdırır, buna görə də çoxlu sayda oxunmayan və kütləvi nəşrlər üçün nəzərdə tutulan jurnalların sayı artmaqdadır. Bu jurnalların əsas vəzifəsi nədir?

- Həmin jurnalların vəzifəsi dərcedilmə fəallığını təmin etməkdir. Bununla yanaşı, daim dərc olunma tələbi akademik cəmiyyətin fərdiləşdirilməsinə aparır. Ali təhsil müəssisələri akademik komissiyalara və gənc əməkdaşlara, kömək tələb olunan sahələrə az vaxt sərf edirlər. Belə ki, onlar üçün əsas prioritet daha çox dərc olunmaq və xarici qrantlar əldə etməkdir. Bu halda karyera artımı mümkün olur. Buna görə də gənc alimlərin əsas məqsəd və vəzifəsi elmi həqiqəti axtarmaq, elmi dərinliklərinə baş vurmaq deyil, daha çox dərc olunmaqdır. Bu isə onların peşə intizamına, bir alim kimi keyfiyyət standartlarına və tədqiqatçı davranışlarına mənfi təsir göstərə bilir.

- Elmşünaslıq elmi bir intizamdır, yoxsa elmi istiqamətdir? 

- Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil. Elmin öyrənilməsində və elmi fəaliyyətin idarə sistemində elmşünaslığın səmərəli istifadə imkanları və təsirləri haqqında izahlı anlayışın formalaşdırılması da tələb olunur. 

- Zahid bəy, elmi dərəcə və elmi ada sahib olmayanlar nəyin əsasında TV məkanlarında elmi məsələlər üzrə ekspert olaraq təqdim olunur?

- Elmi dərəcəli şəxs (Ph.D) - elmi məsələlərə münasibət bildirmək hüququ əldə edir və elmi mübahisə proseslərində iştirak edə bilər. Elmi adlı şəxs (dosent və prof) - ali məktəblərdə bilik ötürmə, başqalarına dərs vermək hüququna sahib olur və tələbələri üzərindəki simvolik gücünün tanınmasıdır. Ekspert nəzəri və praktiki bilgilərə sahib olmaqla yanaşı, mövzunu həqiqi və ya elmi cəhətdən izahetmə qabilliyyətinə malik olan şəxslərə deyilir. Buna görə də TV-lərdə baxış sayı getdikcə aşağı düşür. Özünüzə hörmətiniz olmaya bilir, lakin izləyəcilərə qarşı sayğılı olun. Məntiqi məzmunu olmayan “ekspert”ləri dəvət edərək onların çıxışlarında möcüzə axtarmaq yerinə, müzakirə olunan mövzunu elmi əsaslarla tədqiq edən uzmana qulaq asın. Həqiqəti  tapmağın yolu elmi müzakirədən keçir. Populist şüarlarla danışmaq problemin müzakirəsini karikatura durumuna salır və şarlatan ekspertlərin sayının artımına yol açır. 

- Sizcə, internet tənqidi düşüncəni söndürür?

- Tənqidi düşüncəni kitablar öyrədir, bunun üçün keçmiş bilik sisteminin meyarları, o cümlədən ensiklopedik biliklər daha çox önəmlidir. İnternet bilikləri və informasiyanı kifayət qədər sadələşdirir və həzm etmək üçün asanlaşdırır. Nəticədə insanı tənqidi düşüncədən məhrum edir. Hamı çalışır ki, asan və daha çox gözə soxulan ideyaları və nəzəriyyəni önə çəksin. Bu məsələ təkcə müəllimlər üçün yox, həm də cəmiyyət üçün xarakterikdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay