A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Bloomberq Qlobal Ticarət Yarışında (Bloomberg Global Trade Challenge 2024) uğur qazanıblar.

46 ölkədən 396 ali təhsil müəssisəsini təmsil edən 2453 komandanın yarışdığı müsabiqədə UNEC tələbələri dünyada 32-ci, regionda isə 2-ci olublar.

UNEC-in Bloomberq Maliyyə Laboratoriyasının direktoru Səidə Xəlilin rəhbərlik etdiyi qalib komandanın tələbələri - Asiman İsazadə (kapitanı), Zəhra Məmmədzadə və Rəna Məmmədzadə Maliyyə və mühasibat fakultəsində təhsil alırlar. Tələbələrimiz yarışda iştirak etmələri və qazandıqları uğur barədə təəssüratlarını UNEC News-la bölüşüblər.

-Sizi təbrik edirik, beynəlxalq yarışda universitetimizi, ölkəmizi uğurla təmsil edərək  yüksək nəticələr əldə etdiniz. Bu yarış barədə məlumatınız var idimi və necə oldu ki, iştirak etməyə qərar verdiniz?

- Yarış haqqında məlumatı UNEC-in sosial şəbəkələrində edilən paylaşımdan və Bloomberg laboratoriyasının rəhbəri, eyni zamanda təlimçi Səidə xanımın vasitəsilə öyrəndik. Biz UNEC-in Bloomberq laboratoriyasında tələbələr üçün təşkil olunan təlimlərdə iştirak edib, sertifikat qazandığımız üçün, terminallardan istifadə qaydalarını bilirdik. Bu müsabiqə bizim üçün biliklərimizi praktikaya çevirmək üçün  bir fürsət oldu və yarışa qatılmağa qərar verdik.

-Müsabiqədə istifadə etdiyiniz ticarət strategiyası nə idi? Bazara yaxınlaşma tərzinizdə hansı əsas analiz metodlarından istifadə etdiniz?

- Yarış müddətində bazar analizində əsasən fundamental analizdən istifadə etdik. Çünki yarış dövründə bazara əhəmiyyətli təsir göstərən xəbərlərin açıqlanması gözlənilirdi. Məsələn, şirkətlərin maliyyə vəziyyəti və nəticələri, ABŞ-da prezident seçkiləri kimi mühüm iqtisadi və siyasi hadisələr strategiyamızın əsasını təşkil edirdi. Fundamental analiz bizə bazarın əsas meyllərini və potensial dəyişikliklərini dəyərləndirməkdə kömək etdi, bu da bizim daha məlumatlı investisiya qərarları qəbul etməyimizə imkan verdi. Həmçinin səhmləri seçərkən, onların il boyu performansına da diqqət edirdik. Seçəcəyimiz səhmin il ərzində yaxşı performans göstərmiş olması bizim üçün vacib idi.

-Komanda olaraq riskləri necə idarə etdiniz, portfelinizin balansını qorumaq üçün hansı risk strategiyalarına üstünlük verdiniz?

- Aşağı riskli aktivlərə daha çox vəsait ayıraraq, bazardakı volatilliyi balanslaşdırmağa çalışdıq. Orta riskli aktivlərə nisbətən az, yüksək riskli kiçik şirkətlərin səhmlərinə isə minimal investisiyalar etdik. Bu yanaşma, həm gəlir potensialını qoruyub saxlamağa, həm də ümumi riskləri effektiv şəkildə azaltmağa imkan verdi.

İşlətdiyimiz risk strategiyası diversifikasıya oldu. Diversifikasiya etməkdə əsas məqsədimiz, bazarın müxtəlif seqmentlərindən istifadə edərək, gəlir mənbələrimizi genişləndirmək və riskləri minimuma endirmək idi. Bu yanaşma bizə həm sabit, həm də dəyişkən bazar şəraitində sərmayələrimizdən maksimum nəticə əldə etməyə kömək etdi.

- Hansı sektor və ya səhmlərə daha çox diqqət yetirdiniz və portfelinizi müxtəlifləşdirməkdə əsas məqsədiniz nə idi?

- Portfelimizi üç əsas istiqamətdə formalaşdırdıq:

  1. İri şirkətlərin səhmləri: Stabil və daha etibarlı gəlir təmin etmək üçün Tesla və Nvidia kimi nəhəng şirkətlərin səhmlərinə investisiya etdik.
  2. Texnologiya, süni intellekt və yazılım şirkətlərinin səhmləri: Bu sahələrin yüksək inkişaf potensialını nəzərə alaraq, müasir texnoloji trendlərə uyğun investisiyalar həyata keçirdik.
  3. Bazar dəyəri aşağı, yüksək riskli, lakin böyümə potensialı olan kiçik şirkətlərin səhmləri: Gözəllik, səhiyyə və alternativ enerji sektorundakı potensiallı səhmlərə yatırım etdik.

Portfelimizi müxtəlifləşdirməkdəki əsas məqsədimiz o idi ki, riski minimuma endirərək, səhmlərdən maksimum fayda əldə edə bilək.

- Müsabiqədə iştirak etmək sizə nə qazandırdı və gələcək ticarət yanaşmalarınızda nəyi fərqli edərdiniz?

- Müsabiqə bizə maliyyə bazarlarının iş prinsiplərini daha dərindən anlamağa və real bazar şəraitində qərar qəbuletmə bacarığını inkişaf etdirməyə imkan verdi. Portfel idarəetməsində diversifikasiyanın əhəmiyyətini dərk etdik və qlobal iqtisadi xəbərlərin bazar meyllərinə necə təsir etdiyini öyrəndik.

Gələcəkdə daha çevik analiz metodlarından istifadə etmək və texniki analizlə fundamental analizi birləşdirərək, daha məlumatlı qərarlar qəbul etmək istərdik. Həmçinin, qlobal iqtisadi və siyasi hadisələrə daha operativ reaksiya göstərməyə çalışardıq.

- Növbəti illərdə iştirak edən tələbələrə nə məsləhət görərdiniz?

- Növbəti illərdə iştirak edən tələbələrə bazar trendlərini izləməyi, müxtəlif sektorlar üzrə tədqiqat aparmağı və analitik düşüncələrini inkişaf etdirməyi tövsiyə edirik. Eyni zamanda, bazarın dəyişən şərtlərinə uyğunlaşmaq üçün çevik və məlumatlı strategiyalar hazırlamaq vacibdir.

- Universitetdə Bloomberq Maliyyə Laboratoriyasının olmasının sizcə, tələbələrə təsiri necədir?

- Bloomberg Maliyyə Laboratoriyası tələbələrə real bazar məlumatlarına çıxış imkanı yaratmaqla yanaşı, onlara maliyyə alətlərindən istifadə etməyi öyrədir. Bu laboratoriya vasitəsilə tələbələr qlobal maliyyə bazarlarını izləyə, məlumat əsasında qərarlar qəbul etməyi öyrənə və öz analitik bacarıqlarını inkişaf etdirə bilirlər.

UNEC tələbələri üçün Bloomberq Maliyyə Laboratoriyasının olması, digər universitetlərdən fərqləndirən üstünlük olduğunu düşünürük. 

TOP XƏBƏRLƏR