UNEC-in tələbəsinin müəllifi olduğu “Dünya İqtisadiyyatı” kitabı işıq üzü görüb.
Türk Dünyası İqtisadi Fakültəsinin 3-cü kursunda təhsil alan Amin Zərbəliyevin müəllifi olduğu kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru Maqsud Mirzəyev, elmi rəyçisi isə əməkdar müəllim, Məhəmmədəli Rəsulovdur. Kitabda qlobal iqtisadiyyatın əsas prinsiplərini, beynəlxalq ticarət və iqtisadi əlaqələri, həmçinin inkişaf etməkdə olan ölkələrin qarşılaşdığı iqtisadi problemlərdən bəhs olunur. Eyni zamanda dünya iqtisadiyyatında baş verən böhranlar, yeni trendlər kimi mövzulara da toxunulub.
Amin Zərbaliyev “Azərbaycanın xarici ticarət istiqamətləri”, “Yaşıl iqtisadiyyatın sosial və siyasi təsiri”, “COP29-un Qafqaz və Azərbaycanda yaratdığı təsirlər” və “İqlim dəyişmələrinə qarşı mübarizədə mühüm platformalar” mövzularında bir çox məqalələrin də müəllifidir.
2023-cü ildə UNEC-in Türk dünyası iqtisadiyyatı fakültəsinə qəbul olan A.Zərbəliyev universitetin ictimai-sosial həyatında da fəal iştirak edir. AIESEC-in Beynəlxalq Təcrübə Proqramına qatılan Amin ölkəmizi 111 fərqli dünya ölkəsinin nümayəndələri arasında təmsil edib və bu layihəni uğurla tamamlayaraq, beynəlxalq dərəcəli sertifikat əldə edib. O, hazırda tələbə olmaqla yanaşı, Statistika Komitəsində də çalışır, eyni zamanda UNEC-in Rəqəmsal Könüllülər Təşkilatında sədr müavini kimi fəaliyyət göstərir. Amin Zərbalıyev “UNEC EKO İDEA” yarışının qalibi olub. “Texno.TV” xəbər texnoloji məlumat kanalını yaradan Amin bu il Taylandda keçiriləcək 6-cı beynəlxalq “ICMCER-2025” konfransına dəvət alan yeganə tələbədir.