UNEC Rus İqtisad Məktəbində maarifləndirici silsilə tədbirlər keçirilib.
RİM kollektivinin tələbə, müəllim və əməkdaş heyəti 2 Fevral Gənclər günü öncəsi Respublikamızın bölgələrinə səfər edib. UNEC-in 95 illik yubileyinə həsr edilmiş, Universitetin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə həyata keçirilən səfər zamanı kollektiv Qusar rayonuna gediblər.
Tədbir çərçivəsində kollajlı intellektual yarış keçirilib, qaliblərə müxtəlif simvolik hədiyyələr və diplomlar təqdim edilib. Həmçinin mədəni-maarifləndirici kinodaydjest çərçivəsində yanvar və fevral aylarının əlamətdar hadisələri qeyd edilib. Aktyor Səməndar Rzayevin, xalq şairi, ictimai-siyasi xadim Zəlimxan Yaqubun və 150 illik yubileyi qeyd olunan, AXC dövrünün siyasi xadimi Məmmədhəsən Hacınskinin xatirəsi anılıb. RİM direktoru Mənsur Bərxudarov şairin şeirlərindən bir neçə bəndi gənclər üçün ifadə edib. Əslən Şuşalı olan və bütün dünyaya vaxtilə hakimliyi ilə səs salmış Tofiq Bəhramovun 100, sənətkar və ictimai-siyasi xadim Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd edilib. RİM katibliyinin əməkdaşı olan, Nuranə Əkbərova həmçinin, Romadakı məzunumuz Minayə Hüseynovanın ifasında Polad Bülbüloğlunun məşhur mahnıları dinlənilib.
Sonra Yevlax və Zərdab rayonlarının yaranmasının 90 -illikləri ilə bağlı tələbələrə həmin rayonların coğrafi, inzibati, tarixi-mədəni və iqtisadi göstəriciləri barədə məlumatlar verilib. Yubileyi olan bəstəkar Fridrix Gendelin əsərlərindən parçalar səsləndirilib həmçinin, C.Darrelin bəşəriyyat üçün xilas etdiyi nadir fauna nümayəndələri nümayiş etdirib, məşhur Qrimm qardaşlarından olan Yakob Qrimin həyat və yaradıcılığına nəzər salınıb.