UNEC-in start verdiyi “Elmin populyarlaşdırılması” adlı yeni layihə bu dəfə Mingəçevir Dövlət Universiteti (MDU) ilə reallaşdırılıb.
Elmin əhəmiyyətinin və elmi nailiyyətlərin, geniş auditoriyaya çatdırılması, tədqiqat nəticələrinin geniş ictimaiyyətə təqdim edilməsi, eləcə də gəncləri elmi fəaliyyətə təşviq etmək məqsədilə start verilən layihə çərçivəsində UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev, AMEA-nın həqiqi üzvü akademik Adil Qəribov, UNEC-in Elmin populyarlaşdırılması tədqiqat mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Etibar Əliyev, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri fizika üzrə fəlsəfə doktoru dosent Tural Nağıyev, UNEC Laboratoriyaların İşinin Təşkili Mərkəzinin direktoru, dosent Ramil Sadıqov MDU-da görüş keçiriblər.
Tədbirin açılışında çıxış edən MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov UNEC-in təşəbbüsünün əhəmiyyətindən danışaraq, elmin populyarlaşdırılmasının cəmiyyətdə mühüm yer tutduğunu vurğulayıb. O, elmi mühitin inkişafı və elmin təbliği ilə bağlı Mingəçevir Dövlət Universitetində son illərdə həyata keçirilən işlərdən, nəşr olunan elmi jurnallardan və qarşıda duran məsələlərdən söz açıb.
UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev çıxış edərək, layihənin məqsədini diqqətə çatdıraraq, elmin populyarlaşdırılmasında və elmi biliklərin geniş yayılmasında ali təhsil ocağının üzərinə düşən vəzifələrdən danışıb. O, elm və təhsil müəssisələrini bu istiqamətdə fəal olmağa dəvət edib.
Sonra UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev və akademik Adil Qəribov elmin cəmiyyətə inteqrasiyası, müasir dövrün elmi problemləri və həlli yolları barədə maraqlı çıxışlar ediblər.
Tədbirdə MDU ilə UNEC arasında birgə elmi əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətdə atılacaq addımlar da müzakirə edilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.
Görüşün sonunda UNEC nümayəndələri MDU kitabxanasına universitetin yeni nəşrlərini hədiyyə ediblər.