A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “1990-cı il 20 Yanvar faciəsi” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, “Humanitar fənlər” kafedrasının baş müəllimi Cəmilə Həsənova və fakültənin professor-müəllim heyəti iştirak edib.

Tədbirdən öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov açaraq, 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirib. Ə.Ələkbərov qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi olduğunu bildirib.

“Humanitar fənlər” kafedrasının baş müəllimi Cəmilə Həsənova çıxış edərək, 20 Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslər, Sovet imperiyasının Azərbaycan xalqının haqq səsini boğmaq məqsədilə Bakıda və ölkəmizin digər bölgələrində hərbi cinayətlər törətməsi, bu faciənin ölkəmizin müstəqilliyinə gedən yolda dönüş nöqtəsinə çevrildiyini vurğulayıb.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev çıxış edərək, 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və bu faciəyə ilk siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdırıb.

Dəyirmi masada vurğulanıb ki, Azərbaycan dövləti qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına daima xüsusi diqqət ayırır.

TOP XƏBƏRLƏR