APA TV

Bakının Yasamal rayonundakı Murtuza Muxtarov küçəsində Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Məkan 4 binadan ibarətdir. Burada texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək.

İqtisadi sistemlər dəyişdikcə, elmi-texniki yeniliklər çoxaldıqca daha mükəmməl materiallar və resurslar meydana çıxır, insanların və istehsalın tələbatları, zövqləri dəyişir. Elə Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü korpusu da dəyişdi.

APA TV xəbər verir ki, əvvəl köhnə durumda olan tədris müəssisəsi indi memarlıq dizaynı və müasir avadanlıqları ilə öndə gedən xarici universitetlərdən heç də geri qalmır:

Universitetin ekspertiza və standartlaşdırma fakültəsinin dekanı Tofiq Osmanov deyir ki, təhsil ocağı müəyyən qədər köhnə və tədris prosesi üçün qismən yararsız vəziyyətdə idi: “Ona görə də rektorumuzun böyük təşəbbüsü nəticəsində bu bina tamamilə sökülərək, yeni müasir tələblərə cavab verən modern üslubda kampus tikildi və istifadəyə verildi. Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva da tədbirdə iştirak elədi. Burada tələbələr əsas etibarilə texniki və texnoloji ixtisaslar üzrə təhsil alacaqlar”.

Tofiq Osmanovun sözlərinə görə, iki növbəli sistem əsasında fəaliyyət göstərəcək tədris korpusunda hər növbə üzrə 1500 tələbə təhsil alacaq: “Artıq bütün ixtisaslar, o cümlədən buradakı ixtisaslar üçün yeni tədris standartları təsdiq olunub. Tədris planları işlənilib. Planlar tamamilə Avropa və Qərb Universitetlərinin tədris planlarına maksimal dərəcədə uyğunlaşdırılıb. Bu da gələcəkdə tələbələrin ikili diplom layihələrindən istifadəsi üçün böyük şans yaradacaq”.

Burada tələbələr sənaye, materiallar, qida, ekologiya, maşın, elektrik və elektronika, informasiya, dizayn mühəndisliyi, yəni ümumilikdə 10 ixtisas üzrə biliklərə yiyələnəcək.

Binada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Burada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı və ən müasir avadanlıqlarla təchiz olunan 14 laboratoriya mövcuddur.

Yaradılan şərait tələbələrin keyfiyyətli təhsil alması üçün hesablanıb. Elə geniş idman zalları da bunun bariz nümunəsidir.

İdman həm də sağlamlıq deməkdir. Yeni istifadəyə verilən tədris korpusunda bu cür idman zalları da var ki, burada təhsil alan tələbələr idman dərslərini daha keyfiyyətli formada keçə biləcəklər.

İnsan ruhunun müqəddəs yazısı, nəsillərin bir-birinə vəziyyəti, mənəvi qida sayılan kitab. Oxumaq və biliklərə yiyələnmək məqsədilə tədris korpusunda təhsil alan tələbələr üçün ikimərtəbəli kitabxanalar da tikilib.

Kitab bilik mənbəyidir, deyirlər. Yeni tədris korpusunda təhsil alan tələbələr öz biliklərini artırmaq, təkmilləşdirmək və vaxtlarını səmərəli keçirmək üçün bu cür oxu zallarından da istifadə edə bilərlər.

Gələcək keçmişin davamıdır. Müasir standartlara cavab verən təhsil ocağı keçmişindən də yadigar saxlayıb.

Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan və tikintisinə 2018-ci ildən başlanılan yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib.

Xəyallar ovucların içindən başlar. O ovucların kitab üçün tutulduğu məkanlardan olan İqtisad Universiteti yeni tədris korpusu ilə tələbələrin arzularına daha yaxın olmağı özünə prioritet seçib.

Elvin Paşazadə
Üzeyir Ağayev

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay