UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbə təşkilatlarının birgə təşəbbüsü ilə 2025-ci il 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər salnaməsi” adlı intellektual bilik yarışı keçirilib.
Tədbir Azərbaycan xalqının şanlı Zəfər tarixinin əhəmiyyətinə həsr olunub və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsini məqsəd daşıyıb.
Açılışda fakültənin dekan müavini Ramal Cabbarov çıxış edərək, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsindən, şəhid və qazilərimizin unudulmaz xidmətlərindən bəhs edib. O, iştirakçılara uğurlar arzulayaraq yarışın əhəmiyyətini vurğulayıb.
Yarışda fakültənin müxtəlif ixtisaslarından olan tələbələrdən ibarət 14 komanda iştirak edib. Suallar Azərbaycanın tarixi, Vətən müharibəsi, dövlətçilik, coğrafiya və mədəni irs mövzularını əhatə edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda “Zəfər” komandası qalib adını qazanaraq sertifikatlarla təltif olunub.
Tədbir gənclərin milli qürur hissinin artırılmasına, dövlətçilik dəyərlərinə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verib.