Müasir dövrdə universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyi onların nüfuzunun və qlobal cəlbediciliyinin əsas göstəricilərindən birinə çevrilib. Qlobal elm və təhsil məkanında rəqabət ildən-ilə güclənir.
Universitetlər isə beynəlxalq arenada tanınmaq, tərəfdaşlıq imkanlarını genişləndirmək və xarici tələbə axınını artırmaq üçün reytinqlərə xüsusi önəm verirlər. Beynəlxalq reytinqlər təkcə nüfuz deyil, həm də keyfiyyətin, şəffaflığın və qlobal rəqabətədavamlılığın göstəricisidir.
Qlobal ali təhsil məkanında ən nüfuzlu qiymətləndirmə sistemlərindən biri olan Dünya Universitetləri Reytinqi olan THE (Times Higher Education) 2026-cı il üzrə artıq açıqlanıb. Reytinq universitetlərin elmi-tədqiqat fəaliyyəti, tədris keyfiyyəti, beynəlxalq əməkdaşlıq və sənaye ilə əlaqələrini çoxölçülü meyarlar əsasında qiymətləndirir. Bu il Azərbaycanın 4 universiteti reytinqdə yer alıb. Onlardan biri – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – ilk dəfə olaraq 801–1000 aralığında qərarlaşaraq ölkə və Cənubi Qafqaz regionu üzrə birinci ali məktəb olub.
Bu uğuru və növbəti mərhələdəki hədəflər barədə İqtisad Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Həsənov XQ-yə bildirdi:
– THE Dünya Universitetləri Reytinqində çatdığımız nəticə ali məktəbdə illərlə aparılan məqsədyönlü və sistemli işin bəhrəsidir. Son illərdə elmi-tədqiqat fəaliyyətini prioritet istiqamətə çevirmişik. Universitetdə elmi məhsuldarlığın artırılması, beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi və tədqiqat keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılır.
Biz, sadəcə, say göstəricilərinə deyil, keyfiyyətə və elmi təsirəyön almışıq. Nəticədə, elmi nəşrlərlə yanaşı, onlara edilən istinadların sayı da əhəmiyyətli dərəcədə artıb. UNEC Q1 kvartilli jurnallarda dərc olunan məqalələrin sayına görə ölkədə liderdir və “Web of Science” və “Scopus” bazalarında məqalələrin sayının artım tempinə görə dünyada ön sıradadır. Qeyd edilən reytinqin əsas qiymətləndirmə meyarlarından olan FWCI, Excellence və Strength göstəricilərində nəticələri də önə çıxmışıq. Beləliklə, UNEC ilk dəfə THE Dünya Universitetləri Reytinqinin ilk minliyində yer alaraq Azərbaycan ali təhsil tarixində yeni səhifə açdı.
– Dünya Universitetləri Reytinqi necə hesablanır və hansı göstəricilərə əsaslanır?
– THE keyfiyyətyönümlü bibliometrik göstəricilərdən, o cümlədən FWCI, Excellence, Citation Impact, Excellence, Influence və Strength kimi metriklərdən istifadə edir ki, bunlar da elmi fəaliyyətin keyfiyyəti və təsiri daha obyektiv qiymətləndirilir. THE-nin metodologiyası şəffaflığı, ölkə və fənn normallaşdırılması mexanizmləri, eləcə də etibarlı məlumat bazalarına əsaslanır. Ümumiyyətlə, THE tədqiqat keyfiyyətinə daha dərin və çoxölçülü yanaşma tətbiq edir.
Xüsusi qeyd olunmalıdır ki, THE-nin əsaslandığı FWCI indikatoru (Sahə üzrə ölçülmüş İstinad Təsir Əmsalı) - bir elmi işin aldığı istinadların sayını, eyni sahə, növ və ildə dərc olunmuş oxşar nəşrlər üçün gözlənilən istinad sayı ilə müqayisə edən göstərici olmaqla, daha detallı hesablama nəticələri əldə etməyə imkan verir. qeyd olunmalıdır ki, THE məlumat mənbəyi kimi institusional sorğulardan deyil, hökumət, beynəlxalq təşkilatlar və agentliklərin məlumat bazalarından istifadə edir.
Reytinq 5 əsas meyara üzəsaslanır: tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, beynəlxalq baxış və sənaye əlaqələri.
Tədris göstəriciləri universitetin öyrənmə mühiti, müəllim-tələbə nisbəti, doktorantura səviyyəsində təhsil göstəriciləri və təhsil reputasiyasını əhatə edir. Bu, universitetin gələcək nəsil alimləri yetişdirmək potensialını göstərir.
Tədqiqat mühitini ayrıca qiymətləndirən “Research Environment” meyarı da THE sisteminin fərqləndirici xüsusiyyətlərindəndir. Bu meyar elmi fəaliyyətin reputasiyası, tədqiqat gəlirləri və məhsuldarlıqla ölçülür. Burada əsas mənbələr beynəlxalq agentliklər və dövlət məlumat bazalarıdır. Universitetlərin davamlı inkişafı, elmi infrastrukturu və doktorantura proqramları bu meyarla qiymətləndirilir.
Ən böyük paya malik Tədqiqat keyfiyyəti göstəricisi isə elmi işlərin təsirini və keyfiyyətini ölçür. Burada istifadə olunan FWCI, Elmi güc (Strength), Elmi mükəmməllik (Excellence) və Elmi nüfuz (Influence) kimi metriklər elmi fəaliyyətin dərin və çoxölçülü qiymətləndirilməsinə imkan verir. FWCI, məsələn, bir məqalənin aldığı istinadların sayını eyni sahə və ildə dərc olunmuş oxşar məqalələrlə müqayisə edir. Yəni bu göstərici elmi keyfiyyəti ədalətli və sahə üzrə normallaşdırılmış şəkildə ölçür.
Bundan əlavə, THE reytinqində beynəlxalq baxış meyarı universitetin qlobal əməkdaşlıq səviyyəsini, xarici tələbə və akademik heyət payını əks etdirir.
Sənaye göstəriciləri isə universitetlərin sənaye ilə əməkdaşlığı, innovasiyalar, ixtiralar və konsaltinq xidmətləri ilə ölçülür. THE sənaye əlaqələrini innovasiya, patent, spin-off və ticarətləşdirmə imkanları ilə ölçür ki, bu da universitetin iqtisadi təsirini və real dünyaya adaptasiyasını göstərir.
Ümumiyyətlə, THE Reytinqi universitetlərin qlobal standartlarla müqayisəsini təmin edir və güclü tərəfləri vurğulayaraq beynəlxalq tərəfdaşlıq və tələbə cəlbini artırmaq məqsədi daşıyır.
– Qazandığınız uğur universitetə hansı yeni imkanlar qazandırır?
– THE reytinqində yer almaq İqtisad Universitetinin beynəlxalq arenada rəqabətə davamlı universitet kimi tanınmasını təmin edir, qlobal görünürlüyü artırır, beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir və xarici tələbə, alim və tədqiqatçıların diqqətini cəlb edir. Bu, həmçinin Azərbaycanın elmi potensialının beynəlxalq miqyasda tanınmasına böyük töhfə verir. Bundan əlavə, biz öz fəaliyyətimizi beynəlxalq standartlarla müqayisə edə bilirik, eləcə də zəif tərəflərimizi görə bilirik. Bu təhlillərə əsasən də inkişaf strategiyamızı daha düzgün planlaşdırmaq imkanı qazanırıq.
– Yəqin növbəti mərhələdə hədəf beynəlxalq reytinqlərdə mövqeyi daha da gücləndirmək üçün olacaq.
– Universitetin 100 illiyində müəyyən etdiyimiz strategiyada 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti sırasında olmaq hədəf seçilib. Bu istiqamətdə elmi-tədqiqat fəaliyyətinin keyfiyyətini artırmaq, beynəlxalq indeksli jurnallarda dərc olunan məqalələrin sayını çoxaltmaq, xarici universitetlərlə birgə tədqiqat layihələrini genişləndirmək və “Web of Science” və “Scopus” bazalarına daxil olan ən azı 3 elmi jurnal yaratmaq prioritetlərdəndir. Hazırda 2 jurnalımız Scopus bazasına daxil olub. Məqsədimiz yalnız reytinq göstəricilərini yaxşılaşdırmaq deyil, UNEC-i regionun elm və innovasiya mərkəzinə çevirməkdir.
– İqtisad Universitetinin beynəlxalq reytinq uğuru Azərbaycan ali təhsil sisteminin də nailiyyəti sayılır.
– Bəli, İqtisad Universitetinin THE reytinqinə daxil olması və dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alması Azərbaycan ali təhsilinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu, ölkəmizdə elmin və təhsilin keyfiyyətinin yüksəldiyini, qlobal akademik məkanla inteqrasiyanın dərinləşdiyini sübut edir. Bizim uğurumuz yaxın gələcəkdə digər Azərbaycan universitetlərinin də beynəlxalq reytinqlərdə yer almasına və mövqelərinin yüksəlməsinə inam yaradır, ölkənin elmi potensialına və akademik nüfuzuna dividend qazandırır.