A

ednews.net

“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik protokollarla məhdudlaşmadığını, həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar müstəvidə strateji dərinliyə sahib olduğunu bir daha göstərir.”

Bu fikirləri EDnews-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı alim Zahid Məmmədov bildirib. O qeyd edib ki,  “Azərbaycan və Qazaxıstan artıq klassik diplomatik əlaqələri aşaraq “strateji müttəfiqlik modeli” səviyyəsinə yüksəlib. Bu model qarşılıqlı etimad, ortaq türk kimliyi və uzunmüddətli siyasi dialoq əsasında formalaşıb:

 “Son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana, eyni zamanda Prezident Kasım-Jomart Tokayevin Azərbaycana bir neçə dəfə səfəri münasibətlərin davamlı və sistemli xarakterini nümayiş etdirir. Bu səfərlər sürətli qərarvermə və çevik koordinasiya mexanizmlərinin formalaşmasına, regional məsələlərin operativ həllinə imkan yaradır.”

İqtisadi əməkdaşlığa toxunan Z. Məmmədov qeyd edib ki, Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 2024-cü ildə 470 milyon dollara, 2025-ci ilin ilk 8 ayında isə 547 milyon dollara çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üçqat artım deməkdir. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca infrastrukturun modernləşdirilməsi bu dinamikanın əsasını təşkil edir:

“Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi sabit və etibarlı investisiya mühitinə olan yüksək inamı göstərir. Prezidentin xüsusi qeyd etdiyi Orta Dəhliz layihəsi iqtisadi və geosiyasi baxımdan region üçün strateji prioritet rolunu oynayır.”

Z.Məmmədov mədəni-humanitar inteqrasiyanın da əhəmiyyətini qeyd edib: 

“Qazaxıstan və Azərbaycan Mədəniyyəti Günləri, görkəmli alim və yazıçıların yubileylərinə həsr olunan tədbirlər xalqlar arasında qarşılıqlı mənəvi bağları gücləndirir. Xalqlarımızı birləşdirən ortaq tarixi yaddaş və mənəvi kod mədəni siyasətin uzunmüddətli dayanıqlılığını təmin edir.”

Professor sonda əlavə edib: “Yeni mərhələdə Orta Dəhliz, yaşıl enerji və rəqəmsal inteqrasiya istiqamətləri Azərbaycan-Qazaxıstan tərəfdaşlığını XXI əsrin regional inkişaf modelinə çevirəcək. Bu əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regionun sabitliyi və türk dünyasının birliyi baxımından strateji əhəmiyyət daşıyır.”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay