A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Baker Tilly Audit Azərbaycan” şirkətinin birgə əməkdaşlığı çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “UNEC-də Baker Tilly həftəsi” adlı layihə uğurla başa çatıb.

12 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” şirkətinin audit üzrə baş mütəxəssisi Vaqif  Nuriyev çıxış edərək, maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolundan bəhs edib, maliyyə və mühasibat sahəsindəki səciyyəvi nöqsanlar, maliyyə hesabatının auditi aparılan subyektlərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlər, əlaqəli xidmətlərin göstərilməsinin ümumi qaydaları, tələblər, tərəflərin məsuliyyəti və əlaqəli xidmətlərin göstərilməsinin və onun nəticələrinin rəsmiləşdirilməsi haqqında geniş məlumat verib.

13 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə meneceri Zaur Bayramov çıxış edərək, tələbələrə mürəkkəb maliyyə hədəfləri ilə qarşılaşan, birləşmə və ya satınalma, investisiya qərarlarının alınması kimi inkişaf imkanları, şirkət və ya biznes seqmentlərinin yenidən təşkili, fəaliyyətin qiymətləndirilməsi, uzlaşma təhlilləri, biznes və aktivlərin qiymətləndirilməsi və s. ciddi çətinliklərlə üzləşən şirkətlərə kömək və məsləhət xidmətlərinin göstərilməsi haqqında geniş məlumat verib.

14 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” şirkətinin vergi məsələləri üzrə baş meneceri Pərvin Abbasov çıxış edərək, şirkətlərdə mühasibat uçotunun təşkilinin “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik sənədləri və standartlarla tənzimləndiyini, vergi uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər hüquqi-normativ aktlara əsaslandığını bildirib, onların bir-biri ilə qarşılıqlı əlaqəsini qeyd edib və arasındakı fərqlərin böyük hissəsinin mühasibat və vergi mənfəətinin müəyyənləşdirilməsi zamanı yarandığından bəhs edib.

“Baker Tilly Audit Azərbaycan” şirkətinin hüquq məsələləri üzrə meneceri Pərvin Musazadə çıxış edərək, hüquq komandasının “Baker Tilly Audit Azərbaycan” şirkətindəki rolu barədə məlumat verib, göstərilən xidmətlərin müqavilələrin hazırlanması və hüquqi təhlili, miqrasiya xidmətləri, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müraciətlərin edilməsi, müştərilərin ayrı-ayrı sorğuları əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanan məsləhət məktublarının tərtib edilməsi ilə bağlı olduğunu bildirib və hüquqşünasların malik olmalı olduqları keyfiyyətlərə toxunub.

15 mart 2024-cü il tarixində “Baker Tilly Audit Azərbaycan” şirkətinin HR mütəxəssisi Səbinə Qasımova geniş təqdimatla çıxış edərək, tələbələrə CV-lərin hazırlanması zamanı diqqət ediləsi məqamlar barədə məlumat verib və müsahibələrə yaxşı hazırlaşmağın yollarından bəhs edib.

“Baker Tilly Akademiyası”nın direktoru Mətanət Bakirova “Baker Tilly Audit Azərbaycan” şirkəti tərəfindən təklif edilən və şirkət əməkdaşlarına keçirilən təlimlər barədə söz açıb.

Qeyd edək ki, “Baker Tilly International” şəbəkəsinin üzvü olan və Azərbaycan bazarında 16 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Audit Azərbaycan” şirkəti hal-hazırda ölkənin mühasibatlıq, audit və maliyyə/biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay