A

Yaşıl marketinqə baxış ekoloji problemlərə innovativ həllər təklif etməyi, maarifləndirmə və təhsil vasitəsilə istehlakçıları ruhlandırmağı və davamlılığı əsas biznes strategiyalarına inteqrasiya etməyi nəzərdə tutur.  Yaşıl marketinqin missiya isə planetə zərəri minimuma endirən ekoloji təmiz məhsul və xidmətlər təklif etməklə ekoloji davamlılığı təşviq etməkdir. Bu, ekoloji problemlər  haqqında məlumatlılığın artırılmasını və istehlakçıları məlumatlı, davamlı seçimlər etməyə təşviq etməyi əhatə edir. 

Yaşıl marketinqin daimi olaraq artması üzvi məhsullar almağa üstünlük verən istehlakçıların artmaqda olan bazar seqmentindən qaynaqlanır, baxmayaraq ki, bu məhsullar digərləri ilə müqayisədə daha baha başa gəlirlər. Bu cür istehlakçılar «Sağlamlıq və Davamlı inkişaf üzrə Həyat tərzi» (LOHAS, Lifestyles of Health and Sustainability) demoqrafik qrupu LOHAS kimi tanınırlar.  

LOHAS – davamlı həyat tərzi, «yaşıl» ekoloji təşəbbüslər ilə bağlı olan konkret bazar seqmentini təyin edən nisbətən yüksək səviyyəli və yaxşı təhsilli əhali seqmentindən ibarət olan demoqrafik qrupdur. LOHAS istehlakçıları ətraf mühitin sağlamlığını fəal şəkildə dəstəkləyirlər və ekoloji cəhətdən təmiz və sosial məsuliyyətli məhsulların ən böyük alıcılarıdır. Onlar digər istehlakçılara da təsir etmək qabiliyyətinə malikdirlər.

Hazırda dünyada təxminən 100 milyon LOHAS istehlakçısından ibarət olan bu seqment ekoloji cəhətdən təmiz metodlara və məhsullara əsaslanan ekoloji marketinq şirkətləri üçün artmaqda olan bazar deməkdir.

Yaşıl marketinqin inkişaf etməsinin aşağıdakı strategiyalarını qeyd etmək olar:

- Ekoloji təmiz məhsulların yaradılması.

- Məhsulların qablaşdırılması üçün ekoloji cəhətdən təmiz və ya təkrar materiallardan istifadə olunması.

- İstehsal prosesi nəticəsində istixana qazlarının atmosferə buraxılmasının aşağı salınması.

- Davamlı işgüzar təcrübənin tətbiqi.

- Məhsulun ekoloji faydaları haqqında insanların məlumatlandırılması üzrə marketinq səylərinin göstərilməsi.

- Gəlirlərin, mənfəətin bərpa olunan enerjiyə yatırılması.

- Çap marketinq materialları üçün ekoloji cəhətdən təmiz kağız və mürəkkəbdən istifadə olunması.

- Elektron marketinqin lehinə çap materiallarından tamamilə imtina olunması.

- Tullantılara məsuliyyətli yanaşma təcrübəsinin tətbiqi.

- Dayanıqlığın rəsmi sertifikatlarının alınması və effektiv qablaşdırma və çatdırılma metodlarından istifadə olunması.

Beləliklə, yaşıl marketinq (həmçinin ekomarketinq və yaxud dayanıqlı marketinq kimi də tanınır) – ekoloji üstünliklərə əsaslanan məhsulların marketinq praktikasıdır. Hazırda bütün dünyada millienialların doxsan faizi dayanıqlı və ekoloji cəhətdən düşünülmüş brendlərə daha çox pul sərf etməyə hazırdılar. Maraqlıdır ki, bu fikirlə digər nəsillərin nümayəndələri də razıdırlar.

Firuzə Ağakişiyeva

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsinin  tələbəsi

TOP XƏBƏRLƏR