Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) ölkənin ən böyük elm və texnologiya tədbirlərindən biri hesab olunur.
Bu il tədbirdə 1400-dən çox iştirakçı, o cümlədən 200-ə yaxın xarici ölkə nümayəndəsi iştirak edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 584-R qrupunun II kurs tələbəsi İsa Əhmədov, “EniaX” komandası ilə birlikdə “SAF 2025 International STEAM Azerbaijan Festival”ında uğur qazanıb. Komanda “Innovation and Entrepreneurship” kateqoriyasında II yerə layiq görülüb.
Məhz “Innovation and Entrepreneurship” kateqoriyasında isə 32 komanda mübarizə aparıb; onların 10-u xarici ölkələri təmsil edib. Beynəlxalq rəqabət şəraitində “EniaX” komandası “EduTesk” adlı innovativ təhsil layihəsi ilə yüksək bal toplayaraq həm münsiflər heyəti, həm də STEAM UK nümayəndəsi tərəfindən xüsusi olaraq qiymətləndirilib.