A

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə“Azərbaycanın milli dirçəliş dövrü və Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Milli Dirçəliş Gününün Azərbaycan xalqının mübarizə və azadlıq iradəsinin rəmzi olduğunu vurğulayıb. O, 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlayan böyük xalq hərəkatının milli özünüdərkin oyanışında xüsusi rol oynadığını bildirib.

Ş.Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu, ordu quruculuğu siyasəti və hüquqi-siyasi islahatlar müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində həlledici rol oynayıb. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xətti bu gün də Azərbaycan dövlətinin dayanıqlı və davamlı inkişaf modelinin əsasını təşkil edir.

Tədbirdə Milli Dirçəliş Gününə və Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev çıxışında, Heydər Əliyevin həm siyasi, həm ideoloji lider kimi rolunu yüksək qiymətləndirərək qeyd edib ki, onun ideyaları və dövlət quruculuğu sahəsindəki fəaliyyəti bu gün də Azərbaycanın davamlı inkişafının təməlini qoyur. Sosial-iqtisadi sahədə aparılan islahatlar, dövlətin sabitliyi və sosial rifahın gücləndirilməsi məhz Ulu Öndərin göstərdiyi yolun davamıdır.

Milli Məclisin deputatı, professor Hikmət Məmmədov çıxışında qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi tənəzzül yolundan çıxaraq yenidən qurulma mərhələsinə daxil olub. Onun apardığı islahatlar, həyata keçirdiyi təhlükəsizlik və idarəetmə tədbirləri ölkənin sonrakı sabitlik və inkişafının təməllərini formalaşdırıb.

UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Solmaz Gözəlova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən, onun rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən və Azərbaycanın müstəqilliyinin bərpası, onun qorunması yolunda atdığı qətiyyətli addımlardan danışıb.

Sonda YAP-a yeni üzv olmuş UNEC tələbələrinə Yeni Azərbaycan Partiyasının biletləri  təqdim edilib.

TOP XƏBƏRLƏR