UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Avtomatlaşdırma riskləri və peşələrin transformasiyası: süni intellekt kontekstində yeni kompetensiyalar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Təranə Əliyeva çıxış edərək süni intellektin əmək bazarına təsirlərindən danışıb. O, bildirib ki, süni intellektin sürətli inkişafı həm imkanlar, həm də risklər yaradır. Avtomatlaşdırma xüsusilə təkrarlanan tapşırıqları əvəz etdiyindən bəzi peşələrin funksiyalarının azalmasına və ya tamamilə yox olmasına səbəb ola bilər. Eyni zamanda, süni intellekt texnologiyalarını idarə etmək, onlarla əməkdaşlıq etmək, yaradıcı və analitik bacarıqlara malik olmaq kimi kompetensiyalara tələbat artır.
Qeyd olunub ki, süni intellekt əmək bazarını sürətlə dəyişir və uyğunlaşan, yeni kompetensiyalar qazanan işçilər üçün geniş imkanlar formalaşır. Əsas məqsəd texnologiyaların insan potensialını gücləndirdiyi bir mühit yaratmaqdır.
Sonda tələbələrin sualları cavablandırılıb.