UNEC-də “Fiziki məhdudiyyətli tələbələrə təhsil xidmətlərindən bərabərhüquqlu istifadə etmələri üçün inklüziv mühitin yaradılması” mövzusunda seminar keçirilib.
“Əlilliyi olan tələbələr üçün mərkəz”də təşkil edilən seminarda UNEC-in fiziki məhdudiyyətli tələbələrinə göstərilən xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib. Bildirilib ki, UNEC milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq, əlilliyi olan tələbələr üçün mövcud maneələrin aradan qaldırılmasını və onların universitetin xidmət, proqram və digər təhsil imkanlarından istifadə etməsi üçün lazımi şəraitin yaradılmasını hədəfləyir. Bu məqsədlə universitetdə inklüziv təhsil mühiti yaradılıb. Bu mühit təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, əlilliyi olan gənclərin təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olacaq.
Seminarda “Əlilliyi olan tələbələr üçün mərkəz”in fəaliyyətinə nəzarət edilməsi və qiymətləndirilməsi məqsədilə mərkəzin nəzdində Məsləhət Komitəsinin yaradıldığı da diqqətə çatdırılıb. Qeyd olunub ki, komitə ildə bir dəfə mərkəzin üzvləri ilə görüş keçirərək, mərkəzin fəaliyyət planı və strategiyasının hazırlanmasında iştirak edəcək. Eyni zamanda, əlilliyi olan tələbələrin ehtiyaclarına görə, mərkəzin fəaliyyət planını yenidən qiymətləndirərək, nəzərdən keçirəcək, tələbələrin müraciətinə əsasən, müzakirələr aparacaq.
Seminarda UNEC-in mübadilə və ikili diplom proqramlarından danışan Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Kazımov universitetdə təhsil alan fiziki məhdudiyyətli tələbələri bu proqramlarda fəal iştirak etməyə dəvət edib. Mübadilə proqramlarına qoşulmaq üçün onlara lazımi imkanların yaradılacağını qeyd edib.
Sonra Beynəlxalq Əlaqələr Departamentinin mütəxəssisi Gülşən Vəliyeva “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” adlı ESFİDİP Layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.
“Əliliyi olan tələbələr üçün mərkəz”in psixoloqu, dosent Validə Əliyeva bildirib ki, UNEC-də mütəmadi olaraq maarifləndirici təlimlər keçiləcək. Eyni zamanda, əliliyi olan tələbələrə özünəinam, özünüqiymətləndirmə, ətraf aləmə adaptasiya hissləri aşılanaraq, onların istedad və intellektlərini aşkar etmələrinə dəstək olunacaq. Psixoloq, həmçinin, əliliyi olan tələbələr üçün müəllim və tələbə münasibətinin düzgün qurulmasına, təhsil aldıqları müddətdə qarşılaşdıqları psixoloji problemlərin həllinə və müdafiə bacarığına yiyələnmələrinə də dəstək olacağını vurğulayıb.