UNEC-in Mühəndislik fakültəsində yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə “Reproduktiv sağlamlıq və sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva müasir dövrdə gənclərin sağlam inkişafı, düzgün məlumatlandırılması və məsuliyyətli davranış formalaşdırması cəmiyyətimizin gələcəyi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, bu görüşün faydalı olacağına, tələbələrə gələcək həyatlarında sağlam seçimlər edərək öz rifahlarını qorumağa töhfə verəcəyini qeyd edib.
Sonra 3 saylı tələbə Poliklinikasının terapevti Tamella Abdullayeva və həkim-laborantı Telli Qulamova çıxış edərək, reproduktiv sağlamlıq haqqında düzgün təsəvvür yaratmaq məqsədilə erkən və məlumatsız qərarların fəsadlarını izah etmiş, həmçinin sağlam həyat tərzinin vacibliyini vurğulamış və bu istiqamətdə düzgün qidalanma, fiziki aktivlik, psixoloji rifah, gigiyena qaydalarına əməl edilməsi və zərərli vərdişlərdən uzaq durmaq kimi mövzulara toxunublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.