UNEC-də yaz semestrinə hazırlığın vəziyyəti müzakirə edilib.

Struktur rəhbərlərinin iştirak etdiyi toplantıda payız semestrinin yekunu, qış imtahan sessiyası və yaz semestrinə hazırlığın vəziyyəti, qarşıya çıxan problemlər, onların həlli yolları və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görülən işləri müsbət dəyərləndirən UNEC-in rektoru, professor Ədalət Muradov Distant, qiyabi və əlavə təhsil mərkəzininəldə etdiyi yüksək nəticələri xüsusi vurğulayıb. İdarəetmənin effektivliyini və səmərəliliyini artırmaq məqsədilə pilot layihə kimi üç fakültənin tərkibində yaradılan katiblik sisteminə  diqqət çəkən rektor Maliyyə və mühasibat fakültəsinin katibliyinin işini təqdir edərək, fakültə katibi Murad Ələkbərovun digər iki fakültənin katibliyinə təlimlər keçməsini tövsiyə edib.

Görüşdə bildirilib ki, yay imtahan sessiyasında tələbələr mikroiqtisadiyyat fənnindən yazılı imtahan verəcəklər və onlara öncədən suallar təqdim edilməyəcək. Sillabuslar şəxsi kabinetlərə yüklənəcək, imtahan sualları sillabusdakı mövzuları əhatə edəcək. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan biri də Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında yazılı imtahan suallarının əvvəlcədən tələbələrə verilməməsi olacaq. İlkin mərhələ üçün tələbələrə sadəcə mövzular təqdim ediləcək və bütün fənlərin sillabusları şəxsi kabinetlərə yüklənəcək. Müzakirələrdə tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsinin önəmi vurğulanaraq, onların topladığı nəticəyə bal əlavə edilməsi təcrübəsinə son qoyulması qərara alınıb.

Rektor qış imtahan sessiyasında 1 qayib limitini aşan tələbələrə təkrar imtahanın təşkil ediləcəyini bildirib. O, IV kursların yay məktəbinin yekun dövlət attestasiyasından əvvələ çəkilməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.

Müzakirələr zamanı Türk Dünyası İşlətmə fakültəsində tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə komissiya yaradılması təklif edilib. Komissiya ən qısa zamanda təkliflər hazırlayacaq və 2018/19-cu tədris ilindən fakültədə tədris UNEC-in Azərbaycan, ingilis və rus dillərində təhsil verən fakültələrin standartlarına uyğunlaşdırılacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay