A

2025-ci ili geridə qoyub 2026-cı ili qarşıladığımız bu günlərdə ötən ilə nəzər salmaq və qarşıdakı dövr üçün nəticələr çıxarmaq olduqca aktualdır. Yüksək risk və sürətli gəlirlərlə yadda qalan 2025-ci ildə bir çox investor bazarlarda baş verən siyasi və iqtisadi dəyişikliklərdən ilhamlanaraq riskli yatırımlara üstünlük verdi. Bu yanaşma bazarlarda kəskin dalğalanmalara — sürətli enişlərə və ardınca sərt yüksəlişlərə səbəb oldu. Nəticədə bəzi investorlar bu volatillikdən qazanc əldə etsə də, bazarın istiqaməti dəyişdikdə digərləri əhəmiyyətli itkilərlə üzləşdi. Xüsusilə trendə əsaslanan və yüksək risk daşıyan yatırımlar hər zaman davamlı nəticə vermədi.

Təqdim olunan qrafik qlobal inflyasiyanın (CPI) 2022-ci ilin sonunda 10,4%-lik tarixi zirvəyə çatdıqdan sonra kəskin azalaraq 3,35% səviyyəsinə düşməsini aydın şəkildə nümayiş etdirir. Bu kəskin eniş trendi dünya iqtisadiyyatının pandemiyadan sonrakı qeyri-sabitlikdən çıxaraq artıq tam şəkildə normallaşma mərhələsinə daxil olduğunu sübut edir. Hazırkı göstəricilər qlobal təzyiqlərin zəiflədiyini və maliyyə bazarlarında sabitlik dövrünün başladığını göstərir.

Dünya iqtisadiyyatında müşahidə olunan normallaşma prosesi həm inflyasiya göstəricilərində, həm də fond bazarlarındakı sabitlikdə özünü büruzə verir: qlobal inflyasiyanın son illərdə kəskin geriləməsi qiymət təzyiqlərinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir. Eyni zamanda, Amerika qitəsinin aparıcı fond indekslərində (S&P 500, NASDAQ) qeydə alınan 13-20%-lik illik artım dinamikası, qısamüddətli bazar dalğalanmalarına baxmayaraq, investisiya mühitinin bərpa olunduğunu və dünyanın post-şok dövründən daha dayanıqlı iqtisadi mərhələyə keçdiyini təsdiqləyir.

İl ərzində dünyada artan geosiyasi gərginliklər silah və müdafiə sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərinə marağı xeyli artırdı. Həm fərdi investorlar, həm də banklar bu sektora vəsait yönəltdi və nəticədə bu şirkətlərin səhmləri bir il ərzində təxminən 70% dəyər qazandı. Bankların belə bu sahə üzrə xüsusi kredit və istiqrazlar təklif etməsi bir daha göstərdi ki, maliyyə bazarlarında pul çox vaxt ideyadan və siyasətdən daha sürətlə hərəkət edir.

Son aylarda qiymətli metallar maliyyə bazarlarının ən diqqət çəkən sahələrindən birinə çevrilib. Buna mərkəzi bankların artan alışları, birja ticarətli fondlara (ETF) vəsait axını və borclanma xərclərinin azalması fonunda gəlir gətirməyən əmtəələrə marağın artması səbəb olub. Eyni zamanda, böyük ölkələrin artan borcluluğu investorlar arasında narahatlıq yaradıb. Gələcəkdə pulların dəyərinin azalacağı ehtimalı investorları dollar və dövlət istiqrazları əvəzinə qızıl və kriptovalyutaya yönəltdi. Nəticədə qızıl və Bitcoin rekord qiymətlərə yüksəldi və son bir il ərzində qızılın qiyməti təxminən 68–72% artdı. Bununla yanaşı, bazarda dəyişkənlik də gücləndi: gümüş bir unsiyası 80 dolları keçdikdən sonra spekulyativ əməliyyatlar və tədarük çatışmazlığı ilə bağlı narahatlıqlar səbəbindən kəskin dalğalanma yaşadı. Qızıl isə qısamüddətli olaraq 1%-dən çox ucuzlaşsa da, sürətlə yenidən bahalaşdı.

2026-cı il üçün ABŞ iqtisadiyyatı ilə bağlı nikbin proqnoz verilir. 2025-ci ildə iqtisadiyyata təzyiq göstərən amillər tədricən müsbət təsirə çevrilir: ticarət siyasətində qeyri-müəyyənlik azalır, fiskal siyasət genişləndirici olur, süni intellektin tətbiqi yayılır və məhsuldarlıq artımı ilə yanaşı zəif əmək bazarı Fed-in yumşaq mövqedə qalmasına şərait yaradır. Qısa müddətdə daha sərt mövqeli FOMC üzvləri, süni intellektə bağlı həddindən artıq optimist investisiyalarla bağlı narahatlıqlar və statistik mübahisələr bazarlarda qısamüddətli dalğalanma yarada bilər, lakin ilin sonuna doğru iqtisadi artımın 2%-dən yuxarı olacağı, real ÜDM-in 2,7%-ə çatacağı, inflyasiyanın 2,5%-dən aşağı düşəcəyi və əsas istehlak inflyasiyasının 2,4%-ə enəcəyi gözlənilir.

 

İnvestisiyalar nikbin proqnozun əsas hərəkətverici qüvvəsi olacaq, çünki ticarət və fiskal qeyri-müəyyənlik azalacaq, süni intellektin tətbiqi daha geniş sahələrə keçəcək və tarif endirimləri müqabilində investisiya öhdəlikləri kapital qoyuluşlarını artıracaq. Pul siyasəti ətrafında hələ də bəzi qeyri-müəyyənliklər qalır, lakin süni intellekt səbəbiylə zəifləyən əmək tələbi, nominal əməkhaqqı artımının yavaşlaması və məhsuldarlığın yüksəlməsi inflyasiya təzyiqlərini zəiflədəcək, nəticədə Fed 2026-cı il ərzində faiz dərəcələrini tədricən 100 baza bəndi endirəcək.

Azərbaycan

Fitch Ratings-in proqnozları və makroiqtisadi mənzərə: Fitch Ratings-in qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin kəskin daralmasından sonra bərpa mərhələsini tamamlayaraq, 2025–2027-ci illərdə daha mülayim və davamlı artım tempinə keçir. 2022-ci ildə müşahidə olunan yüksək inflyasiya təzyiqləri monetar sabitləşmə və qlobal amillər fonunda zəifləyərək, növbəti illərdə 4–5% diapazonunda sabitləşəcək. Bu tendensiya ölkənin post-şok dövründə daha balanslı inkişaf mərhələsinə qədəm qoyduğunu və makroiqtisadi tarazlığın qorunacağını təsdiqləyir.

Regional siyasi normallaşma və iqtisadi perspektivlər: İqtisadi sabitliyi regiondakı siyasi irəliləyişlər, xüsusilə Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesləri gücləndirir. Xarici işlər naziri Ceyhun Bayramovun qeyd etdiyi yanacaq tədarükü məsələləri, 2026-cı ildə sərhədlərin delimitasiyası üzrə gözlənilən irəliləyişlər və Türkiyə ilə koordinasiyalı fəaliyyət regionda etimad mühitini formalaşdırır. Bu proseslər nəqliyyat-enerji layihələrinin aktivləşməsinə və investisiya mühitinin yaxşılaşmasına birbaşa zəmin yaradır.

Mənbə: Bloomberg

Qiymətli kağızlar bazarının analizi: Maliyyə bazarlarında 2025-ci ilin ilk doqquz ayında əqdlərin ümumi həcmi 34,5% artaraq 51,3 milyard manata çatsa da, əməliyyat sayının kəskin azalması bazarda iri həcmli əməliyyatların dominantlığını göstərir. Bazarın əsas hərəkətvericisi olan repo seqmenti 40,3 milyard manatlıq dövriyyə ilə böyüməyə davam etmiş, xüsusilə dövlət istiqrazları ilə aparılan repo əməliyyatları 58%-dən çox artmışdır. Bunun əksinə, Mərkəzi Bankın notları ilə aparılan əməliyyatlar həm ilkin, həm də təkrar bazarda kəskin azalaraq 1,2 milyard manata düşmüşdür.

Dövlət və korporativ qiymətli kağızlar seqmenti: Dövlət qiymətli kağızları bazarı təkrar bazarın aktivləşməsi hesabına 8,7 milyard manatlıq dövriyyə ilə ciddi artım nümayiş etdirdiyi halda, korporativ seqmentdə zəifləmə müşahidə olunur. Korporativ qiymətli kağızlar bazarı həm əməliyyat sayı, həm də dövriyyə baxımından azalaraq 2,3 milyard manata enmişdir. Səhm bazarında ilkin aktivlik hesabına müəyyən artım olsa da, korporativ istiqrazlar bazarında manatla aparılan ilkin əməliyyatların azalması ümumi dinamikaya mənfi təsir göstərmişdir.

2026-cı il dövlət büdcəsinin parametrləri: Bu makroiqtisadi və siyasi fon çərçivəsində, Azərbaycanın 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində təsdiq edilmişdir. Büdcənin böyük hissəsi mərkəzləşdirilmiş gəlir və xərclər hesabına formalaşır ki, bu da dövlət maliyyəsinin idarə edilməsində mərkəzi planlaşdırmanın rolunu qoruyub saxladığını nümayiş etdirir.

TOP XƏBƏRLƏR