A

Dünya alimlərinin yer aldığı nüfuzlu “World’s Top 2% Scientists” siyahısına daxil olan, UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Tural Nağıyev elmi fəaliyyəti, beynəlxalq uğurları və akademik məsuliyyəti ilə seçilən gənc alimlərdəndir.

Yarımkeçiricilər fizikası və radiasiya materialşünaslığı sahəsində apardığı tədqiqatlar, beynəlxalq qrant layihələri çərçivəsində qazandığı təcrübə və gənclərin elmi inkişafına verdiyi xüsusi önəm onun elmi yolunun əsas istiqamətlərini təşkil edir.

Tural Nağıyevlə müsahibəmizdə onun elmi fəaliyyət yolu, dünya elmi mühitində qazandığı uğurlar, gənc alimlərə tövsiyələri, süni intellektin elmə təsiri, eləcə də UNEC-də mühəndislik və tətbiqi elmlərin gələcəyi ilə bağlı baxışları barədə ətraflı söhbət açmışıq.

– Tural müəllim, tədqiqat sahəniz kifayət qədər mürəkkəbdir. Bu sahəni seçmək istəyiniz nədən yarandı?

- Bəli, doğrudan da mürəkkəbdir və bəlkə də məni cəlb edən əsas səbəb də məhz budur. Mənim tədqiqatlarım əsasən təcrübi xarakter daşıyır və yarımkeçiricilər fizikası ilə radiasiya materialşünaslığı istiqamətlərini əhatə edir. Fəlsəfə doktorluğu işim nadir torpaq elementləri ilə aktivləşdirilmiş qələvi torpaq halkogenidlərinin fotolüminessensiya xassələrinə həsr olunmuşdu. Bu materialların işıqla “davranışı” məni həmişə maraqlandırıb. Onların ağ işıq diodları və müasir ekran texnologiyalarında tətbiq potensialı çox böyükdür. Hazırda isə elmlər doktorluğu çərçivəsində neytron şüalanmanın nanohissəciklərə təsirini araşdırıram. Burada artıq atom səviyyəsində dəyişikliklərdən danışırıq və bu prosesləri idarə etmək elmi baxımdan inanılmaz dərəcədə maraqlıdır, müasir texnologiyalar üçün də olduqca aktualdır.

– Elmi fəaliyyətinizdə sizi ən çox qürurlandıran məqam hansıdır?

- Düzünü desəm, konkret bir nailiyyəti seçmək çətindir. Çünki elm elə bir sahədir ki, burada hər mərhələ özlüyündə bir mübarizə və qələbədir. 2012-ci ildən aktiv elmi fəaliyyətə başlamışam və bu illər ərzində müxtəlif mükafatlar almışam. 2014-cü ildə Gənclər və İdman Nazirliyinin “İlin gənc alimi” mükafatını almağım, AMEA və digər qurumların verdiyi fəxri fərmanlar mənim üçün motivasiya mənbəyi olub.

Amma səmimi desəm, mənim üçün ən böyük nailiyyət beynəlxalq qrant layihələri vasitəsilə qurulan akademik dostluqlardır. Fərqli ölkələrdən olan alimlərlə eyni masa arxasında müzakirələr aparmaq, birgə nəticələr əldə etmək insana həm peşəkar, həm də insani baxımdan çox şey qazandırır. Bu gün UNEC-də kafedra müdiri kimi fəaliyyət göstərməyimi də elmi yolumun qürurverici nəticəsi hesab edirəm.

Tural müəllim, dünya alimlərinin yer aldığı “World’s Top 2% Scientists” siyahısında sizin də adınız var. Dünyanın TOP alimləri ilə bir sırada yer almağınız sizin üçün nə ifadə edir?

- Elm yolunda irəliləyən biri üçün özündən xəbərsiz, hər hansı şəkildə namizədliyi irəli sürülmədən sırf elmi fəaliyyətinə görə adının dünya alimləri ilə bir siyahıda olması insanda xoş hisslər və hətta müəyyən mənada qürur hissi yaradır. Düşünürsən ki, seçdiyim fəaliyyət qlobal səviyyədə məni müəyyən qədər bu cəmiyyətin üzvünə çevirib və qəbul edib. Bu, çox xoşdur.

 Məqalələrinizi impakt faktorlu jurnallarda dərc etdirmək prosesi necə gedir?

- Etiraf edim ki, AMEA-da çalışdığım dövrdə yazı üçün daha çox vaxtım olurdu. İndi isə həm tədris, həm kafedra müdirliyi, həm də elmi işləri paralel aparmaq asan deyil. Buna baxmayaraq, hazırda elmlər doktorluğu elmi dərəcəsi üzrə dissertasiya işimlə yanaşı, həm də doktorantlarımız və digər yerli və ya xarici tədqiqat qrupları ilə məqalələr üzərində intensiv işləyə bilirik.

Ən böyük üstünlüyümüz isə ciddi elmi tədqiqat strukturunun məhz öz universitetimizdə qurulmasıdır. Bu bizə UNEC-dən kənara çıxmadan vacib ölçmələr aparmaq imkanı yaradır.

– Hazırda Süni İntellekt həyatımızın bütün sahələrini demək olar ki, əhatə edir. Sizcə, bu texnologiyaların istifadəsi elmi dünyaya necə təsir edəcək?

- Süni intellekt fəaliyyəti asanlaşdıran, zaman itkisini əhəmiyyətli dərəcədə aradan qaldıran böyük bir inqilabdır. Amma düzgün istifadə olunmadıqda ciddi təhlükəyə çevrilir. Təəssüf ki, elm sahəsində bəzən “sui-istifadə” halları ilə də rastlaşırıq. Tam süni intellektlə yazılmış “elmi işlər” elmə böyük zərbə vurur. Düzdür, sui-istifadə halları xüsusi proqramların və mütəxəssislərin vasitəsilə müəyyən edilə bilir, amma düşünürəm ki, nəticədə bu cür xoşagəlməz halların araşdırılması insanın ən dəyərli neməti olan zamanın səmərəsiz sərfiyyatıdır.

Digər tərəfdən, düzgün istifadə olunduqda süni intellekt zaman qazandırır, analiz proseslərini sürətləndirir. Mən istərdim ki, bu texnologiyadan istifadə mədəniyyəti erkən yaşlardan formalaşdırılsın.

Sizcə, Süni İntellekt təhsildə müəllimləri əvəz edə bilərmi?

Bu gün bu suala cavab vermək olduqca çətindir. Çünki bir neçə il əvvəl təsəvvür belə etmədiyimiz şeyləri bu gün gündəlik həyatımızda sanki həmişə var imiş kimi istifadə edirik. Amma mənim subyektiv fikrim budur ki, bir cəmiyyətin hərtərəfli sağlam inkişafında sosiallıq həlledici əhəmiyyətə malikdir. Universitet tələbələrinin və müəllimlərinin bir-biriləri ilə canlı ünsiyyəti sosial cəmiyyət üçün vacibdir. Süni intellekt müəllimi və alimi əvəz etməməlidir, sadəcə güclü köməkçi vasitə olmalıdır.

– UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasında gənclər üçün hansı innovativ imkanlar var?

- Rəhbəri olduğum “Mühəndislik və tətbiqi elmlər” kafedrasında, ilk növbədə, təhsilin  bakalavr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir. Buna görə də keyfiyyətli tədris bizim əsas priroritelərimizdən biridir. Mühəndislik elmi deyərdim ki, nəzəri biliklərlə yanaşı, daha çox yaradıcı və praktik bacarıqlar tələb edən sahədir.

UNEC-də bu sahədə çox ciddi işlər görülür. Laboratoriyalarımız müasir avadanlıqlarla təchiz olunub və hər il daha da gücləndirilir. Bilirsiniz ki, reytinqli elmi jurnallar aidiyyatı sahə üzrə ciddi göstəricidir və xüsusilə qürurverici haldır ki, hazırda kafedramızda Scopus bazasında Q2 kvartildə indekslənən “UNEC Journal of Engineering and Applied Sciences” jurnalı mövcuddur. Yaxın gələcəkdə mühəndisliyin fərqli istiqamətləri üzrə yeni jurnalların təsis edilməsini hədəfləmişik, və buna kifayət qədər tələb var. Təsis edəcəyimiz jurnallar eyni zamanda UNEC-də mühəndislik elminin qlobal miqyasda tanınmasına öz töhvəsini verəcəkdir.

Bu il ilk dəfə olaraq, “Mühəndislik və Təbiqi Elmlərin Aktual Problemləri” I Beynəlxalq Elmi-Praktiki konfransı keçirdik və dünyanın bir sıra xarici ölkələrindən çox nüfuzlu alimlər iştirak etdilər.

Bundan başqa, bilirsiniz ki, UNEC-də Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzə demək olar ki, hər il qrant layihələri hesabına yeni avadanlıqlar alınır. Laboratoriyalarımızın maddi-texniki bazası hər il yeni cihaz və avadanlıqlarla genişləndirilir. Qida mühəndisliyi, ekologiya mühəndisliyi, materiallar mühəndisliyi kimi ixtisaslarda laboratoriya dərslərinin praktik tədris olunması üçün lazım olan qida məhsulları və kimyəvi reaktivlər hər il periodik şəkildə universitet tərəfindən təmin edilir. Həmçinin laboratoriya dərslərinin kənardan aparıla bilməsi üçün virtual laboratoriya bazası da yaradılıb.  

Hazırda UNEC-də mühəndisliklə bağlı Yay məktəbinin təşkil olunması istiqamətində işləyirik. Əsas məqsədlərimizdən biri də kafedra əməkdaşlarının və doktorantalarımızın yerli və beynəlxalq qrant layihələrində iştirakının təşviq edilməsidir.

Mən inanıram ki, yaxın illərdə UNEC mühəndislik sahəsində regionun aparıcı mərkəzlərindən birinə çevriləcək.

- Bu qədər məhsuldar olmaq üçün zamanınızı necə idarə edirsiniz?

Zamanımı idarə etməkdən daha çox istirahət vaxtımdan “oğurlayıram” (gülür). Zamanı idarə etməyin ən effektiv yollarından biri işləri öncədən planlaşadırmaq, qeydiyyat aparmaq və vaxtında yetirə yetirməkdir. Planlaşdırılmış işlərin bölgüsü düzgün aparılarsa zamandan effektiv istifadə etmək olar.

– Gənc alim üçün ən vacib amil nədir: istedad, zəhmət, yoxsa düzgün istiqamət?

- İstedad bir nemətdir və şansdır, amma düzgün istiqamətlənməyəndə və üzərində işləməyəndə fayda vermir. Ona görə də zəhmət ilk növbədə vacibdir. Mən özümün şəxsi təcrübəmdə bunu dəfələrlə müşahidə etmişəm.

- Sizcə, Azərbaycan alimlərinin beynəlxalq elmi mühitdə daha güclü mövqe tutması üçün hansı sistemli problemlər aradan qaldırılmalıdır?

- Məncə, elm milli və coğrafi sərhədləri aşan, dünyanı bir növ “balacalaşdıran” universal bir sahədir. Bu gün fiziki olaraq heç bir yerə getmədən, sadəcə internet və elmi platformalar vasitəsilə dünya elmi mühitində görünmək mümkündür. Bu tanınma yalnız sistemli, keyfiyyətli və davamlı elmi tədqiqatlarla baş verir.

Son illər Azərbaycan alimlərinin beynəlxalq elmi mühitdə daha çox tanınmağa başladığını görürük. Xüsusilə xaricdə çalışan alimlərimiz dünyanın aparıcı elmi mərkəzlərində uğurla fəaliyyət göstərirlər. Amma etiraf etməliyik ki, məhz Azərbaycanda çalışan alimlərin qlobal elmi mühitdə tanınması hələ də arzu olunan səviyyədə deyil. Bunun bir neçə konkret və əsaslı səbəbi var.

Əvvəla, müasir dövrdə ciddi elm ciddi maliyyə və güclü infrastruktur tələb edir. Təəssüf ki, bir çox sahələr üzrə laboratoriya imkanları və elmi tədqiqatların maliyyələşdirilməsi yetərli səviyyədə deyil. Bu isə beynəlxalq rəqabətə davamlı nəticələrin əldə olunmasını çətinləşdirir.

İkinci mühüm məsələ alimlərin maddi təminatıdır. Xüsusilə doktorantura səviyyəsində əməkhaqqı və sosial təminat kifayət qədər aşağıdır. Nəzərə alsaq ki, doktorantura təhsili adətən 23–24 yaşlarda başlayır və bir neçə il davam edir, bu dövr gənclər üçün, xüsusilə də oğlanlar üçün maddi baxımdan ciddi çətinliklər yaradır, hətta bir çoxlarını elm yolundan uzaqlaşdırır. Təəssüf ki, doktorantura pilləsindən sonra da alimlərin əməkhaqları elmi fəaliyyətə verilən zəhmətə uyğun deyil.

Məni ən çox narahat edən məsələlərdən biri isə elmdə kollektiv iş mədəniyyətinin zəif olmasıdır. Azərbaycanda bir çox hallarda alimlər fərdi şəkildə işləməyə üstünlük verirlərHalbuki, dünya təcrübəsi göstərir ki, böyük elmi nəticələr məhz güclü elmi komandalar və əməkdaşlıqlar nəticəsində əldə olunur. Kollektiv iş vərdişi formalaşarsa, alimlərimizin beynəlxalq elmi mühitə inteqrasiyası daha sürətli olar.

Digər vacib məqam isə xaricdə uğurla çalışan azərbaycanlı alimlərlə ölkə daxilindəki gənc tədqiqatçılar arasında əlaqələrin zəif olmasıdır. Mən hər zaman arzu etmişəm ki, xaricdə çalışan alimlərimiz ən azı bir gənc azərbaycanlını öz çalışdıqları elmi mühitə yönəltsin, həmin ölkələrin yaratdığı imkanlar barədə məlumat paylaşsınlar. Bu cür körpülərin qurulması ölkə olaraq elmdə daha tez irəliləməyimizə imkan verə bilər. Təəssüf ki, hazırda bu cür təşəbbüslər çox nadir hallarda müşahidə olunur.

– Elm yolunu seçən gənclərə baxanda sizi ən çox sevindirən və narahat edən nədir?

- Sevindirən odur ki, gənclərimiz elmə həqiqətən maraq göstərirlər. Narahat edən isə səbirsizlikdir. Elm qısa yol sevmir. Bəzən aylarla, hətta illərlə çalışırsan və nəticə dərhal görünmür. Bu yolda uğura daha tez çatmaq istəyən gənclər artıq bakalavr pilləsində araşdırmağı öyrənməlidirlər. Təbii ki, bakalavr pilləsi mütləq son şans  deyil. Daha sonradan elmi tədqiqatla məşğul olmaq olar, yetər ki, həvəs və ən vacibi səbr olsun. Mən müşahidə edirəm ki, son dövlərdə gənclər elmə həvəsli olsalar da səbrsizlik onlar üçün bu yolu yarıda saxlamağa səbəb olur. Səbirsizlikdəki əsas amillərdən biri maddi təminat məsələsidir. Gənclər elmin ilk illərində ciddi maddi sıxıntılarla üzləşirlər. Məncə, bu məsələ həll olunmadan elmdə irəliləyiş gözləmək çətindir.

Gənclərə bir cümləlik mesajınız nə olardı?

- Sağlam yaşayın, daim öyrənin, ailəniz və dövlətinizin qədrini bilin.

TOP XƏBƏRLƏR