2025-ci il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) üçün mühüm nailiyyətlərlə yadda qalıb. Qarşıda isə daha böyük hədəflər dayanır. İl ərzində əldə olunan nəticələr universitetin institusional inkişaf strategiyasının düzgün istiqamətdə formalaşdırıldığını təsdiq edir. Qarşıdakı dövrdə bu uğurların davamlılığının təmin edilməsi, yeni və innovativ sahələrdə ilk təşəbbüslərin reallaşdırılması, təhsil və tədqiqat missiyasının ardıcıl şəkildə inkişaf etdirilməsi, həmçinin əldə olunan nailiyyətləri möhkəmləndirmək və UNEC-in dünyanın aparıcı universitetləri ilə rəqabət gücünü artırmaq 2026-cı ildə əsas məqsədlərdəndir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, uğurların davamlılığını təmin etmək və yeni-yeni sahələrdə ilklərə imza atmaqla təhsil missiyasını davam etdirmək və dünyanın aparıcı universitetlərilə rəqabət aparmaq qabiliyyətini artırmaq 2026-cı ildə UNEC-in qarşısında duran əsas vəzifədir. Yeni ildə UNEC-in təhsil gündəliyinə baxışını həyata keçirilmiş dəyişikliklər, əldə edilmiş nəticələr və gələcək hədəflər formalaşdırır: “İlk növbədə, vurğulayım ki, UNEC 2026-cı ildə akademik transformasiyanı, tədris keyfiyyətinin davamlı yüksəldilməsinə və akademik innovasiyaya strateji sadiqliyini davam etdirəcək və əsas diqqətini dörd istiqamətə yönəldəcək. 1. tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, 2. müəllim heyətinin dəstəklənməsi, 3. tədris metodlarının institusional transformasiyası, 4. dayanıqlı idarəetmə, dəyişikliklərin əlaqələndirilməsi və təsirinin ölçülməsi. Tədrisin təkmilləşdirilməsi. Bu missiyanı yerinə yetirmək məqsədilə UNEC-də tədris keyfiyyətinin artırılması və metodologiyasının təkmilləşdirməsi üçün müəllimlərə dəstək gücləndiriləcək. Müəllim heyəti üçün davamlı mentorluq və peşəkar inkişaf imkanları təmin ediləcək və innovativ tədris yanaşmalarının tətbiqi genişləndiriləcək. Tədris innovasiyalarının akademik qaydalar, tənzimləmələr və universitet strategiyası ilə uyğunlaşdırılması sistemi təkmilləşdiriləcək. Eləcə də, akademik transformasiyanın təsirinin ölçülməsi sistemləşdiriləcək və davamlılığı təmin ediləcək. Bu zaman əsas prinsip vahid bir tədris metodunu məcburi şəkildə tətbiq etmək deyil, müəllimlərin öz tədris təcrübələrini təhlil etməsi, real tələblərə uyğunlaşdırması və inkişaf etdirməsinə şərait yaratmaqdır. Bunun üçün bu yanaşma əsas tutulacaq: - tədrisin təkmilləşdirilməsi müəyyən mənada kontekstdən asılıdır və vahid formada tətbiq edilə bilməz – müxtəlif fənlər, kurslar və müəllimlər fərqli yanaşmalar tələb edir, müəllimlər təlim nəticələrini daha effektiv dəstəkləmək məqsədilə sillabus, kursun dizaynı, məzmunun təqdimatı və qiymətləndirmə üsullarını dəyişməyə təşviq olunacaqlar, yeni metodologiyaların tətbiqi uyğunluq və motivasiya nəzərə alınmaqla həyata keçiriləcək. Əsas məqsəd seçilən metoddan asılı olmayaraq hər bir müəllimin tədrisi daha səmərəli, cəlbedici etmək barədə aktiv düşünməsinə nail olmaqdır. Mentorluq, dialoq və praktiki dəstək vasitəsilə müəllimlər arasında davamlı inkişaf, peşəkar özünəinam və pedaqoji məsuliyyət mədəniyyətinin artırılması davam etdiriləcək. UNEC proqramların yenidən dizaynına dəstək, tədris metodologiyaları üzrə ixtisasartırma, qiymətləndirmə üzrə məsləhətlər, innovativ tədris pilotlarına dəstək kimi strukturlaşdırılmış xidmətləri gücləndirəcək”.
Hesabatlar əsasən nəticələrə, çətinliklərə və tədris keyfiyyətində ölçülə bilən irəliləyişlərə fokuslanacaq
Ədalət Muradovun sözlərinə görə, paralel təşəbbüslərin effektiv idarə olunması üçün layihə idarəetmə sistemi tətbiq ediləcək. Bu məqsədlə tapşırıqların icrasının sistemləşdirilmiş monitorinqi, məqsədlər, fəaliyyətlər və nəticələr arasında uyğunluq, iş yükü və irəliləyişin şəffaflığı, rüblük hesabatlar və strateji qərarların qəbulu dəstəklənəcək: “Hesabatlar əsasən nəticələrə, çətinliklərə və tədris keyfiyyətində ölçülə bilən irəliləyişlərə fokuslanacaq. Daxili kommunikasiyanın gücləndirilməsinə diqqət artırılacaq. Bunun üçün təhsil narrativləri, uğur hekayələri və ən yaxşı təcrübələr paylaşılacaq, inkişaf imkanları barədə müəllimlər və əməkdaşlar sistemli və səmərəli məlumatlandırılacaq. Strateji və institusional əlaqələr. Bu əməkdaşlıq çərçivəsində UNEC Dekanlar Şurasının fəaliyyəti gücləndiriləcək, fakültələrin rəhbərliyi ilə açıq müzakirələr davam etdiriləcək, fakültələrə xas çətinliklərin və infrastrukturun mövcud durumunun anlaşılmasına diqqət artırılacaq, etimad və əməkdaşlıq genişləndiriləcək. Nəticədə universitet strategiyası ilə fakültə reallıqları arasında uyğunluq gücləndiriləcək. Tədris innovasiyalarının akademik reallıqla uyğunluğunu təmin etmək üçün səylər davam etdiriləcək, innovasiyalar üçün uyğun proqram və müəllimlərin seçilməsi sistemi təkmilləşdiriləcək.Uğur əldə etməyin vacib şərti kimi belə uyğunlaşdırmalar davamlı proses kimi qəbul ediləcək”.
UNEC-in gələcək üzvlərinə ötürülməsi sistemi təkmilləşdiriləcək
Rektor bildirib ki, innovativ tədris üsullarının akademik dəstək tələb etdiyini əsas tutaraq zəruri addımlar atılacaq. Bu məqsədlə i) normativ maneələr müəyyən ediləcək, ii) çevik qiymətləndirmə və proqramların yeni struktur modelləri təklif ediləcək, iii) pilot çərçivələrin təsdiqi üçün maraqlı tərəflərlə işlər intensivləşdiriləcək və iv) uzunmüddətli innovasiyalara dəstək gücləndiriləcək: “Müasir universitet quruculuğunda və dəyişikliklərin davamlılığının təmin edilməsində önəmini nəzərə alaraq institusional yaddaşın formalaşdırılması və gücləndirilməsi üçün yeni addımlar atılacaq. Davamlılıq, genişlənmə və institusional öyrənməni təmin etmək məqsədilə tədris modelləri və nümunəvi halların, təlimlə bağlı təlimatların, qiymətləndirmə çərçivələrinin, pilot layihələrdən əldə olunan nəticələrin və s. UNEC-in gələcək üzvlərinə ötürülməsi sistemi təkmilləşdiriləcək”.
UNEC ana dilində keyfiyyətli təhsil verən rəqabətqabiliyyətli universitet modelini hədəfləyir
Ədalət Muradovun dediyinə görə, Layihə Əsasl Təhsil (PBL) UNEC-də tədrisin təkmilləşdirilməsinin əsas sütunlarından biridir. UNEC bu istiqamətdə fəaliyyətini genişləndirəcək və motivasiyalı və daha bacarıqlı müəllimlərə, intensiv mentorluğa, keyfiyyətə əsaslanan miqyas tənzimləməsinə üstünlük verəcək. Eyni zamanda vurğulamaq lazımdır ki, PBL-ə keçid qruplarda tələbə sayının azalması və nəticədə dərs yükünün əhəmiyyətli dərəcədə artması, auditoriya və laboratoriya sıxlığı və hətta bəzi hallarda çatışmazlığı, təhsil innovasiyaları sahəsində yetərincə təcrübəsi olmayan müəllimlərlə işin mürəkkəbliyi kimi problemlərin həllini də qaçılmaz edir: “PBL çərçivəsində real layihələr tətbiq olunacaq və cəmiyyət üçün əhəmiyyətli sosial təsir layihələri, sənaye və biznes tərəfdaşlıqları layihələri həyata keçiriləcək. Xüsusilə müəllimlərin rəqəmsal və yumşaq bacarıqları gücləndiriləcək, Süni İntellekt savadlılığı artırılacaq, müəllimlərin ingilis dili bacarıqlarının artırılnası istiqamətində tədbirlər davam etdiriləcək. Ümumiyyətlə, UNEC ana dilində keyfiyyətli təhsil verən rəqabətqabiliyyətli universitet modelini hədəfləyir. 2026-cı ildə UNEC bu istiqamətdə səylərini davam etdirəcək və əminəm ki, yeni uğurlara imza atacaq!”.