A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1966 -1973-cü illərdə prorektoru olmuş, AMEA-nın müxbir üzvü, "Əməkdar iqtisadçı", ilk azərbaycanlı iqtisad elmləri doktoru, professor Bəhmən Axundovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov Bəhmən Axundovun Azərbaycan elminin və İqtisad Universitetinin inkişafındakı xüsusi xidmətlərini yüksək qiymətləndirib. Rektor çıxışında vurğulayıb ki, universitet öz keçmişinə həmişə sahib çıxır və görkəmli şəxsiyyətlərin irsini yaşatmaq ənənəsini qürurla davam etdirir. O, bu cür tədbirlərin əhəmiyyətini qeyd edərək, UNEC alimlərinin zəngin intellektual irsinin tədqiq edilməsinin vacibliyini önə çıxarıb. Eyni zamanda, rektor universitetin hər zaman tarixi köklərinə, elmi ənənələrinə və bu ənənələrin formalaşmasında əvəzsiz rol oynamış şəxsiyyətlərin xatirəsinə böyük hörmətlə yanaşdığını vurğulayıb.

UNEC-in “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov alimin həyatı və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, Bəhman Axundov Azərbaycan iqtisad elminin öncüllərindən biri olaraq, ölkəmizdə iqtisadi fikir tarixinin və siyasi iqtisadın tədqiqində böyük xidmətlər göstərmişdir. O, 1950–1956-cı illərdə ADU-da professor, 1966–1974-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun prorektoru, 1974-cü ildən ömrünün sonuna qədər isə həmin institutun “Siyasi iqtisad” kafedrasının professoru olmuşdur. O, həmçinin jurnal redaktorluğu və elmi fəaliyyətlə respublika iqtisadçıları arasında böyük nüfuz qazanmış, 1967-ci ildə Azərbaycanın Əməkdar İqtisadçısı, 1968-ci ildə isə Azərbaycan EA-nın müxbir üzvü adına layiq görülmüşdür. Bəhman Axundovun elmi irsi ölkədə iqtisad elminin inkişafı üçün əvəzsiz məktəb rolunu oynamışdır.

Sonra Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, UNEC-in “İqtisadi və texnoloji elmlər” kafedrasının məsləhətçi professoru Arif Şəkərəliyev, prof. Qabil Manafov Bəhmən Axundovun elmi-pedaqoji fəaliyyəti və çoxillik zəngin təcrübəsi haqqında ətraflı məlumat veriblər. Alim haqqında xoş xatirələrini bölüşərək, onun elmi irsinin respublika iqtisadçıları üçün əvəzsiz məktəb olduğunu vurğulayıblar. Həmçinin alimin iqtisadiyyat sahəsində yazdığı dərslik və tədqiqat işlərinin bu gün də öz aktuallığını qoruduğunu və elmi ictimaiyyət üçün dəyərli mənbə olduğunu xüsusi vurğulayıblar.

TOP XƏBƏRLƏR