A

UNEC-də rektoru, professor Ədalət Muradovun sədrliyi və aidiyyatı struktur bölmələrin rəhbərlərinin iştirak ilə 2018/19-сu tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.

Ə.Muradov tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyinə diqqət çəkdi. Bu il də ötən illərdə olduğu kimi qış imtahan sessiyasına nəzarətin UNEC İctimai Nəzarət Şurasına həvalə edildiyini bildirildi. Bu il ilk dəfə olaraq İctimai Nəzarət Şurasının üzvləri sırasına Tələbə rektor Elmir Sadıqov, Tələbə Elmi Cəmiyyətinin sədri Nərmin Heydərova, Tələbə Gənclər Təşkilatının sədri İsa Adıgözəlov daxil olacaqlar.

3 yanvar 2019-cu il tarixində başlayacaq imtahan sessiyasının gedişatı zamanı UNEC-in rəhbərliyinin iştirakı olmadan ənənəvi olaraq Şura üzvləri “Açıq qapı”lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcək, müzakirələr aparacaqlar.

Obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə imtahan sessiyasının təşkili ilə bağlı səlahiyyətlər dekanlıqlara verilir. Hər bir imtahan prosesinə İmtahan Mərkəzi nəzarət edəcək, bütün fakültələrdə dekanlıqlar sual və müraciətləri qəbul edəcək, onların həlli istiqamətində müvafiq tədbirlər görəcəklər.

Ə.Muradov dekanlıqlara tələbələrin məlumatlandırılması işini davam etdirməyi, sual və müraciətləri operativ həll etməyi tapşırdı.

Sessiya dövründə UNEC “Qaynar Xətti” 1846 qısa nömrəsində aktiv fəaliyyət göstərəcək, saytımız, Facebook səhifəmiz operativ surətdə məlumatlandırma işini yerinə yetirəcək.

Tədbir çərçivəsində Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini Söhrab İsayev fakültələr üzrə imtahan prosesinin koordinasiyası, imtahan öncəsi hazırlıq işləri, müraciətlərin operativ həlli və digər əhəmiyyətli məqamlara toxundu.

Tələbələrin biliyinin daha da obyektiv qiymətləndirilməsi məqsədi ilə UNEC-də yazılı imtahanlara keçid surətlənir. 2018/19 qış imtahan sessiyasında iqtisadiyyat və idarəetmə ixtisasları, həmçinin texniki-texnoloji ixtisaslar üzrə yazılı imtahanlar keçiriləcək. Yazılı imtahanlar “Standartlaşdırmanın əsasları”, “İstehlak mallarının ekspertizasının nəzəri əsasları”, “İnformasiya texnologiyalarına giriş”, İdarəetmə sistemləri”, “Mikrobiologiya, sanitariya və gigiyena”, “İqtisadiyyata giriş”, “Makroiqtisadiyyat” fənləri üzrə keçiriləcək.

Tədbir çərçivəsində fakültə dekanları çıxış edərək imtahan prosesinə hazırlıq ilə bağlı hər hansı bir çətinliyin olmadığını bildirdilər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay