Türkiyənin Ankara şəhərində Cümhurbaşkanlığı Millət kitabxanasında “ANKOSLink 2025” beynəlxalq konfransına start verilib.
Dünyanın bir çox ölkəsindən yüzlərlə kitabxana-informasiya və texnologiya sahəsinin səriştəli mütəxəssislərinin qatıldığı “Kütüphane 5.0 ve İnsan Merkezli Dijital Dönüşüm” mövzusunda keçirilən beynəlxalq konfransda UNEC-i Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva təmsil edir.
Üç gün davam edən konfransda Kitabxana 5.0 və insan mərkəzli rəqəmsal transformasiya, rəqəmsal məzmunların mühafizəsi və davamlı əlyetərlik, süni intellekt və etika, süni intellekt və tədqiqat vasitələri, akademik nəşriyyatlarda süni intellekt alətlərinin istifadəsi, akademik biliklərin süni intellektlə yenidən qurulması, süni intellekt alətlərindən istifadənin kitabxanaçı səriştəsinə təsiri, biliyə və informasiya resurslarına bərabərhüquqlu əlyetərlik imkanları kimi mövzular ətrafında təqdimatlar və müzakirələr olub.
Konfrans çərçivəsində Jove, Sage, OCLC, Mirakl, Muteferriqa, Elsevier, Wiley, EBSCO, SOBIAD, IEEE Xplore, Airisto kimi nüfuzlu tərəfdaşların, müxtəlif süni intellekt həlləri, smart kitabxana sistemləri və bir sıra universitetlərin kitabxana nümayəndələri ilə də görüşlər keçirilib.
Qeyd edək ki, UNEC-lə yanaşı, konfransda Azərbaycandan EATDA-nın şöbə müdiri, Prezident kitabxanasının direktoru, eləcə də bir sıra universitetlərin kitabxana rəhbərləri iştirak edir. Konfransın bağlanış mərasimində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mədəniyyət və Turizm naziri və digər rəsmilər iştirak edib.