A

Modern.az

Martın 1-də Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə və  Apellyasiya Komissiyalarının birgə iclası keçirilib. İclasda "Təzadlar" qəzetinin adı yenidən Şuranın "qara siyahı"sına daxil edilməsi ilə bağlı qərar qəbul edilib.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili iddia edir ki, onun qəzetinin yenidən qara siyahıya salınmasının əsas səbəbkarı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorudur.

Modern.az məsələyə aydınlıq gətirmək üçün Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə əlaqə saxlayıb.

V.Rəhimzadə bildirib ki, “Təzadlar” qəzeti ilə bağlı Mətbuat Şurasına UNEC-in rektoru tərəfindən heç bir müraciət daxil olmayıb:

“Mətbuat Şurasına “Təzadlar” qəzeti ilə bağlı millət vəkil Bəxtiyar Əliyevin bir neçə seçicisi və başqa vətəndaşlar tərəfindən şikayət göndərilib. Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai Nəzarət Şurası da bu qəzetdən şikayət edib. Ümumiyyətlə, son günlər “Təzadlar”dan Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olub. Biz “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə xəbərdarlıq etdik ki, şikayətlər var, bu tipli yazıların çapı araşdırılana qədər dayandırılsın. Çünki bir mətbu orqan 1 nəfər barədə davamlı olaraq 20 yazı dərc edirsə, burada mütləq qərəz var. Şikayətlər komissiyasının iclasından sonra yenə bu proses davam elədi. Sonradan Şikayətlər Komissiyası məsələni "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasına və Apellasiya Komissiyasına yönəltdi. Bizdə belə bir qayda var, əgər dəlilli şikayət daxil olarsa, yenidən həmin mətbu orqan "qara siyahı"ya salınır. Mart ayının 1-də hər iki komissiyanın birgə iclası keçirildi. Məlum oldu ki, Şikayətlər Komissiyasının xəbərdarlıq etməsinə baxmayaraq, “Təzadlar” qəzetində qərəzli yazılar mütəmadi şəkildə dərc edilib. Beləliklə, qərara aldıq ki, burada məqsəd var, qərəz var. Ona görədə biz o qəzeti "Qara siyahı"ya saldıq”.

Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli isə bildirib ki, qurumun Nizamnaməsinə əsasən, bir qəzetin adı "qara siyahı"ya salınırsa və 1 il müddətində fəaliyyətində dönüş yaranırsa, həmin mətbu qurum bu siyahıdan çıxarılır:

“Nizamnaməyə əsasən "qara siyahı"dan çıxarılmış KİV qurumu yenidən əsaslı bir şikayət doğuran səhvə yol verərsə, ondan yenə şikayət olunarsa, müzakirə keçirilmədən onun adı yenidən "qara siyahı"ya salınır.

Asif Mərzilinin qəzetinə gəlincə 2018-ci ilin sonuncu rübü ərzində bu qəzetdən Mətbuat Şurasına bir neçə ünvandan çoxsaylı şikayətlər olundu. Şikayətlər Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai Nəzarət Şurası, millət vəkili Bəxtiyar Əliyevin seçiciləri və digər 6-7 qurumdan olmuşdur.

Materialların  çoxluğunu nəzərə alaraq biz “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə müraciət etdik. Xahiş etdik ki, bu cür yazılara bir müddət ara versin, biz araşdırma aparaq. O, bizimlə razılaşdı və bildirdi ki, araşdırma aparılsın. Razılaşmanın səhəri günü Asif müəllim yenidən həmin materilalları öz qəzetində dərc etdi. Onun bu hərəkətindən belə qənaətə gəlmək olar ki, burda xüsusi bir maraq var. Əgər maraq yoxdursa, o razılaşmaya əməl etməli idi. O bizi 1 həftə ərzində gözləməli idi ki, biz şikayətləri araşdıraq. Ona görə də biz qərara gəldik ki, məsələni "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasına yönləndirək. Onlar daha geniş araşdırsınlar. Bu arada da materiallar yenə səngimədi və davamlı xarakter daşıdı. Belə olan halda apellasiya qrupunun ixtiyarı var ki, onu avtomatik olaraq yenidən "qara siyahı"ya daxil etsin”.

Mail Ağaxanov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay