Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi tərəfindən "İnklüziv şəhərlər üçün təşəbbüslər" layihəsi çərçivəsində 2–3 iyul 2026-cı il tarixlərində Astara şəhərində inklüzivlik üzrə təlimlər və psixoloji dəstək seminarı keçirilib. İki gün ərzində tədbirlərdə ümumilikdə 40 nəfər iştirak edib.
QHT.az xəbər verir ki, "İnklüziv şəhərlər üçün təşəbbüslər" layihəsinin əsas məqsədi gənclər arasında inklüziv dəyərlərin təşviqi, fərqli sosial qrupların qarşılıqlı anlaşmasının gücləndirilməsi və sosial ədalətə əsaslanan fəaliyyətlərin dəstəklənməsidir. Layihə əlilliyi olan və əlilliyi olmayan gənclərin birgə öyrənməsi və fəaliyyəti vasitəsilə stereotiplərin aradan qaldırılmasına və inklüziv düşüncənin yayılmasına xidmət edir.
Təlimlər Astara Gənclər Evində təşkil olunub və əlilliyi olan gəncləri, gənc liderləri, müəllimləri, psixoloqları və müxtəlif təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib.
UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova 2 iyul tarixində əlilliyi olan və əlilliyi olmayan gənclərdən ibarət qrup üçün "Heç kim kənarda qalmasın: Birlikdə dəyişən gənclər" adlı təlim keçirib. 3 iyul tarixində isə o, psixoloqlar, müəllimlər və təhsil mütəxəssisləri üçün "Müasir İnklüziv Təhsil" mövzusunda təlim keçirib.
İyul 2-də inklüzivlik təlimi ilə paralel olaraq, Astara rayon Mərkəzi Xəstəxanasının psixoloqu Fərrux Əliyev tərəfindən əlilliyi olan gənclərin valideynləri və digər maraqlı şəxslər üçün psixoloji dəstək seminarı keçirilib. Seminar zamanı iştirakçılarla "Xüsusi qayğıya ehtiyacı olan uşaqla ünsiyyət", "Psixoloji dözümlülük", və "Stress idarəetməsi və emosional tükənmə" mövzularında fikir mübadiləsi aparılıb və iştirakçılara praktik tövsiyələr verilib.
Həm gənclər, həm də müəllim və təhsil mütəxəssisləri mövzuya böyük maraq göstərib və inklüzivlik ideyalarının bütün maraqlı tərəflər arasında yayılmasına ehtiyac olduğunu vurğulayıblar.
Təlimdə iştirak edən gənclər, müəllimlər və müxtəlif təhsil müəssisələrinin nümayəndələri təhsil icması üzvlərini bir araya gətirəcək könüllülər şəbəkəsinin yaradılmasında maraqlı olduqlarını bildiriblər. Belə bir şəbəkə regionda inklüzivlik ideyalarının yayılmasına və qabaqcıl təcrübələrin mübadiləsinə xidmət edəcək.
Layihə komandası əmindir ki, həyata keçirilən fəaliyyətlər inklüzivlik sahəsində yeni yerli təşəbbüslərə təkan verəcək və inklüziv cəmiyyət quruculuğuna davamlı töhfə verəcək.