A

Rəqəmsal İqtisadiyyat fakültəsində tələbələrin yay tətili dövründə peşəkar bilik və bacarıqlarının inkişafına yönəlmiş UNEC FutureDev Camp layihəsi həyata keçirilir.

Layihənin əsas məqsədi rəqəmsal texnologiyaların sürətli inkişafı və əmək bazarının dəyişən tələbləri fonunda tələbələrin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda real iş mühitinə uyğun praktik bacarıqlarla hazırlanmasını təmin etməkdir.

Bu təşəbbüs tələbələrdə əmək bazarında yüksək tələbat olan texniki bacarıqların formalaşdırılması ilə yanaşı, liderlik, effektiv kommunikasiya, komanda işi və problem həll etmə kimi mühüm yumşaq bacarıqların inkişafına da töhfə verir. Eyni zamanda, layihə universitetin innovativ təhsil modelinin inkişafı və tələbə təşəbbüslərinin dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, UNEC FutureDev Camp tələbələri gələcəyin texnologiyaları ilə yaxından tanış etməklə yanaşı, onların əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına və universitetin akademik-praktiki təhsil dəyərlərinin gücləndirilməsinə xidmət edir.

Layihə çərçivəsində spiker qismində ABB Bank-ın Rəqəmsal Kanallar sahəsinin aparıcı iOS proqramçısı və ABB Tech Academy-nin iOS mentoru Sevər Cəfərli dəvət olunub.

Görüş zamanı Sevər Cəfərli öz peşəkar karyera yolundan, mobil proqramlaşdırma sahəsinin inkişaf istiqamətlərindən, iOS ekosisteminin xüsusiyyətlərindən və bu sahədə uğurlu karyera qurmaq üçün tələb olunan bilik və bacarıqlardan bəhs edib. O, həmçinin komanda işinin proqram təminatının hazırlanmasındakı rolunu, iOS proqramlaşdırmasına başlamaq istəyən gənclər üçün tövsiyələrini bölüşüb.

Çıxış zamanı süni intellekt texnologiyalarının proqramlaşdırma sahəsinə təsiri, onların proqram təminatının hazırlanması prosesində səmərəli və etik istifadəsi barədə də ətraflı məlumat verilib. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb, interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

Digər Kibertəhlükəsizlik istiqamətində  spiker qismində AZAL-ın kibertəhlükəsizlik üzrə Nüfuzetmə Testləri ( Penetration Tester ) mütəxəssisi Elmira İbrahimli də tələbələrlə görüş keçirib.

Görüş zamanı Elmira İbrahimli kibertəhlükəsizlik sahəsində qazandığı peşəkar təcrübəni iştirakçılarla bölüşərək, real iş mühitində nüfuzetmə testlərinin aparılması prosesi, müasir kibertəhlükəsizlik təhdidləri və bu sahədə mütəxəssislərin gündəlik fəaliyyəti barədə ətraflı məlumat verib. O, həmçinin kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyən gənclər üçün tələb olunan texniki bilik və praktiki bacarıqlardan, beynəlxalq sertifikatların əhəmiyyətindən, fərdi inkişaf yollarından və sahəyə uğurlu başlanğıc etmək üçün izlənilməli addımlardan bəhs edib.

Çıxış zamanı real iş mühitində qarşılaşılan təcrübələr, davamlı öyrənmənin və praktiki bacarıqların kibertəhlükəsizlik sahəsində uğurlu karyera qurulmasındakı rolu xüsusi vurğulanıb. Tədbir tələbələrin böyük marağı ilə qarşılanıb, interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

TOP XƏBƏRLƏR