Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Təhsil Şurası İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
İmzalanma mərasimində UNEC-in rektoru professor Ədalət Muradov, Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə, universitetin rəhbər heyəti və birliyin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan professor Ədalət Muradov UNEC-in beynəlxalq arenada qazandığı uğurlardan, tələbələr üçün yaradılan müasir təhsil imkanlarından və əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə rəhbərlik etdiyi qurumun 1998-ci ildən fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, "Respublika Təhsil Şurası" İctimai Birliyi Azərbaycan Respublikasında təhsil sahəsində ümumi maraqlar əsasında fəaliyyət göstərən, könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri üzərində qurulan ilk ictimai birlikdir. Professor Hikmət Əlizadə UNEC kimi qabaqcıl ali təhsil müəssisəsi ilə əməkdaşlığın onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıldıqdan sonra memorandum imzalanıb. Memoranduma əsasən, birgə elmi tədqiqatların aparılması, elmi məqalə və metodik vəsaitlərin hazırlanması, tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, eləcə də müasir pedaqoji texnologiyalar üzrə seminar və təlimlərin təşkili nəzərdə tutulur.