6-10 iyul tarixlərində UNEC və NICHE şirkətinin birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının Xarəzm vilayətindən olan 30 orta məktəb müəllimi üçün intensiv təlim proqramı həyata keçirilib.
Təlim proqramının açılış mərasimində Layihələrin idarə olunması şöbəsinin müdiri Gültac Tahirli iştirakçılara proqramın məqsədi və məzmunu barədə ətraflı məlumat verərək müəllimlərə təlim müddətində uğurlar arzulayıb.
Beş gün davam edən proqram çərçivəsində iştirakçılar üçün UNEC-in akademik və inzibati heyətinin ekspertləri tərəfindən seminarlar və praktiki vörkşoplar təşkil olunub. Təlimlər çərçivəsində “Süni intellekt inteqrasiyası vasitəsilə pedaqoqların təkmilləşdirilməsi”, "Süni intellekt əsaslı qiymətləndirmə", "Layihə əsaslı öyrənmə", "Müəllim liderliyi və sinfin idarə olunması", "Diqqət əskikliyi dövründə auditoriyanın effektiv idarə edilməsi", "Məktəblərdə inklüzivlik prinsipləri", "Tələbə müxtəlifliyi və fərdi yanaşmalar", "Gələcəyə hazır pedaqoqlar: XXI əsrin əsas kompetensiyalarının inkişaf etdirilməsi", "Pedaqoqlar üçün dizayn təfəkkürü", "Məlumatlara əsaslanan düşüncə" və "Məktəbdə layihələrin idarə olunması" mövzuları əhatə olunub.
Təlim proqramı müddətində özbəkistanlı qonaqlar UNEC-in müasir infrastrukturu, tədris mühiti və tələbələr üçün yaradılmış imkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər.
Proqramın bağlanış mərasimində UNEC-in Beynəlxalq əlaqələr üzrə prorektoru, i.f.d. Hüseyn Həsənov iştirakçılarla görüş keçirib. O, müəllimlərin proqramla bağlı təəssüratlarını dinləyərək əldə etdikləri yeni bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda proqramı başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.