Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsində abituriyentlər üçün “Açıq qapı” günü təşkil olunub.
Tədbirin məqsədi abituriyentləri fakültənin tədris imkanları, maddi-texniki bazası, beynəlxalq əməkdaşlıq proqramları və tələbə həyatı ilə yaxından tanış etmək olub.
“Açıq qapı” günü çərçivəsində iştirakçılara universitetin laboratoriyaları, kitabxanası, auditoriyaları, innovativ tədris məkanları və tələbələrin istifadəsinə verilən sosial zonalar haqqında ətraflı məlumat təqdim edilib.
Görüş zamanı İqtisadiyyat və İdarəetmə fakültəsində tədris olunan ixtisaslar, təhsil proqramlarının məzmunu, istehsalat təcrübəsi imkanları, əmək bazarının tələblərinə uyğun hazırlıq prosesi və məzunların karyera perspektivləri barədə məlumat verilib.
Eyni zamanda iştirakçılara UNEC-də həyata keçirilən beynəlxalq ikili diplom proqramları, tələbə mübadilə imkanları, UDİD və MINOR proqramları, xarici universitetlərlə əməkdaşlıq layihələri, eləcə də tələbələrin fərdi inkişafına yönəlmiş digər üstünlüklər təqdim olunub.
Tədbirin sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.